“Petya” virusunun mənbəyi RUSİYADIR? - Hədəf Amerika və Ukraynadır



""Petya” virusu əsasən Amerika və Ukraynaya yönəlib”.

Bunu Sherg.az-a "Azərbaycan bir neçə həftədir ki, internet üzərindən geniş yayılan "Petya" virusundan  necə qorunur ?" sualını cavablandırarkən media eksperti Ələsgər Məmmədli deyib. 

Onun sözlərinə görə, diqqətçəkən məqam ondan ibarətdir ki, virusun istiqamətləndiyi ölkələr arasında Rusiyanın adı çəkilmir:

"Bundan əlavə virusun mənbəyi də göstərilmir. Rusiyanın hədəfə alınmamağına xüsusi diqqət yetirmək lazımdır. Bu ilk baş verən hadisə deyil. Bütün kiberhücumların bir məqsədi var: kommersiya. Yəni hansısa antivirus proqramları satılsın, müəyyən kommersiya məqsədli sistemlər istifadə olunsun. Boşluqları hakerlər hər zaman ona görə tapır çıxarır ki, onları dolduracaq proqramları tapa bilsinlər. "Petya” virusunun yayılması da görünür hansısa boşluğu doldurmaq üçün baş vermiş dələduzluqdur.

Bu növ kibercinayətkarlığa qarşı həm beynəlxalq konvensiyalara, həm də ölkə qanunvericiliyinə uyğun mübarizə aparılmalıdır. Amma reallıq budur ki, internetin dərin imkanları var və bunu çox peşəkar şəkildə istifadə edənlər çövcuddur. Ona görə, buna qarşı lokal şəkildə deyil, qlobal mübarizə aparmaq lazımdır.

Birmənalı olaraq, texnologiyanın inkişafına paralel şəkildə bu cür virusların yayılması da baş verir. Sadəcə mümkün qədər peşəkarlığı artıraraq, bəzi texnoloji proqramlar istifadə edərək minimuma endirmək olar. Amma heç vaxt bunun qarşısını tam şəkildə almaq mümkün deyil.

Digər tərəfdən bu kimi metodlardan dövlətlər bir-birinə qarşı istifadə edir. Açıqda mübarizə aparsalar da dolayı yolla bu kimi hallara da əl atırlar. Prosesin gedişini izləsək, bu problemin arxasında da hansısa qurumların himayə etdiyi şəbəkənin durduğunu da görə bilərik. Məsələn, 2014-cü ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı aparılan kampaniyada da oxşar hadisə yaşandı. Sonradan məlum oldu ki, bunun arxasında birbaşa polis dayanır. Bu hadisələrin fonunda kiberhücumların müxtəlif məqsədlər üçün istifadə edildiyini deyə bilərik”.

Qeyd edək ki, "Petya" virusu çoxsaylı kompüteri iflic vəziyyətə salıb və nəticədə əksər iri müəssisələrin işini çox ciddi şəkildə pozub. Daha çox "Windows" sistemində böyük sürətlə yayılan bu virus öncə kompüterin yaddaş diskində mövcud olur və çox az müddətdən sonra kompüteri istifadə olunmaz hala salır. Kompüteri söndürüb yenidən yandıranda virus öz işini görür.

Aysel Aslan