"Vərəm, hepatit B, poliomielit, göy öskürək, qızılca, məxmərək kimi xəstəliklər son dərəcə yoluxucu olduğundan mütləq şəkildə peyvəndlə qarşısı alınmalıdır".
Bunu Sherg.az-a peyvəndlərin əhəmiyyətindən danışarkən pediatr Vaqif Qarayev deyib. O bildirib ki, bu xəstəliklər həm epidemiya yaradır, həm də gedişatı və ağırlaşmaları ilə ölüm verə biləcək xəstəliklərdir:
"Ona görə bu xəstəliklərə qarşı profilaktiv məqsədlə peyvənd mütləq edilməlidir.
Son vaxtlar türk mətbuatında da oxuyuruq ki. peyvənd əleyhinə böyük kompaniya var. 2-3 il bundan əvvəl autizm adlı "xəstəlik" gündəmə gəldi və elmdən bixəbər "sarı mətbuat" nümayəndələri peyvəndin autizm yaratdığını yazırdılar. Nəticədə hətta Avropada belə anti-vaksinator hərəkatı yarandı. Amma Avropanın və dünyanın ciddi institutları elmi cəhətdən təsdiq etdilər ki, autizmin peyvəndlə əlaqəsi yoxdur. "Sarı mətbuat" hələ ki, susur.
Məsələn, Rusiyada da anti-vaksinator dalğası böyükdür. Belə düşüncə var ki, kasıb ölkələrdə ucuz qiymətə vaksinlər alıb, istifadə edirlər. Amma Rusiyada vəziyyət fərqlidir: bu dövlət özü vaksinlər istehsal edir. Ölkədəki anti-vaksinatorlar iddia edir ki, peyvəndlər kənardan alınır, keyfiyyətsizdir. Lakin məntiqi sual ortaya çıxır, Rusiya özü istehsal etdiyi halda niyə peyvəndə qarşı çıxanlar çoxdur? Ona görə, anti-peyvənd münasibətini bütün həkimlər qəbul etməməlidir. Buna rəğmən həkimlər arasında da peyvəndin əleyhdarları var. Bu isə qəbul olunmazdır".
V. Qarayev 1992-1993-cü illər müharibə vəziyyətini xatırlayaraq, bildirib ki, həmin dövrdə qaçqınlar Qarabağdan gələndə difteriya xəstəliyi tüğyan edirdi: "Həmin zamanda xəstəlik epidemiya halını almışdı. "Semaşko" xəstəxanasında həmin dövrdə vəziyyət çox acınacaqlı idi. Həmin xəstəliyin yayılmasının da səbəbi müharibə ilə bağlı ölkədə peyvəndləşmə aparılmaması idi. İndi də dünyanın ən isti ölkələrində də yoluxucu xəstəliklər var. Sovet vaxtı peyvənd məcburi idi və ondan imtina etmək olmazdı. Bu ölkənin strateji hədəfi idi. İndi isə valideynlər özləri ərizə yazırlar ki, övladına peyvənd olunmasın. Həmin valideynlərə demək istərdim ki, peyvənd etməyin, amma başqalarının uşaqlarını yoluxdurmayın. Ona görə, peyvənd mütləq vacibdir və sağlam uşaqlara bu prosedura aparılmalıdır. Həkimlər konkret planla hərəkət etməli və bu məsələdə diqqətli olmalıdırlar. Peyvəndlərin vurulmasından sonra müvəqqəti simptomlar özünü göstərir. Lakin uşaqlarda ciddi reaksiyalar da ola bilər ki, bu artıq həkimdən asılı hal deyil. Buna baxmayaraq, peyvənd vurulmasının mənfi təsirləri az olur". Pediatrın sözlərinə görə peyvənd olunmamış uşaqlarda yaranan epidemiyalarda ölüm sayı peyvənd vurulan, xəstəlikdən dünyasını dəyişən uşaqların sayından onlarla dəfə çoxdur: "Bu çox ciddi statistikadır. Təbabəti indi biznes poliqonuna çeviriblər və düşünürəm ki, anti-vaksinistlər haradansa maliyyələşir. Dərman istehsalçıları bir-birini vurmaq üçün əsası olmayan məlumatlar ortaya çıxarırlar. Peyvənd vurulmazdan əvvəl uşaqların müayinə olunması haqqında fikirlər səsləndirilir, lakin dünya təcrübəsində belə hal yoxdur. Sadə hallara diqqət etmək, allergiyası olan uşaqlara ehtiyatla davranmaq kifayətdir.
Xatırladım ki, Sovet vaxtı peyvəndə əks göstəriş var idi, amma indi yoxdur. Bu gün isə valideynləri narahat edən əsas məsələ özəl xəstəxanada yoxsa, dövlət xəstəxanasında peyvənd olunmalıdır - sualıdır. Peyvəndlərdə istehsalçının əhəmiyyəti var. Özəl tibb müəssisələrində daha bahalı və keyfiyyətli vaksinlərdən istifadə edirlər. Buna isə hər kəs gedə bilmir. Əgər icbari tibbi sığorta olarsa, valideyn çətinlik çəkmədən klinika seçə bilər.
Yekun olaraq, bir daha vurğulayıram ki, peyvənd vacibdir. Həkimlər isə hər uşağa fərdi və çox ciddi yanaşmalı, sağlam uşağa peyvənd vurmalıdır".
Aysel Aslan