Mən İlham Pirməmmədovu uzaqdan-uzağa tanıyırdım. Onun haqqında eşitdiklərim isə ancaq xoş sözlər, xoş ifadələr idi. Bu başqa cür ola da bilməzdi. Çünki onun soyadında insanı sakitləşdirə biləcək sehrli bir söz var - pir. İnsanın bir dərdi, bir narahatçılığı olanda pirlərə, ocaqlara üz tutur, dərdinə çarə axtarır. Bui nam insanların əksəriyyətində var. Pirməmməd isə İlham müəllimin ata-baba şəcərəsinə aiddir.
Axtarıb-arasan taparsan ki, bəlkə də uzaq keçmişlərdə onun baba ocağı insanların təşnəsinə su tökən pir, ocaq olub. Sözlər, ifadələr havayı, boş yerdən yaranmır. Hər bir sözün, ifadənin arxasında onun adlanmasına, yaranmasına bir səbəb olur. Eləcə də Pirməmmədov soyadı insanlara bir dayaqdır, təmənnasız bir köməkdir, nuru uzaqdan seçilən bir mayakdır.
Pirməmmədovun adı da insanlara xoş əhval bəxş edən bir addır - İlham. İlham sözünü eşidəndə insanlar mütləq yarıyacağına, dalınca getdiyi işin mütləq düzələcəyinə əmin olurlar. Çünki qabaqda İlham Pirməmmədovun nurlu simasını görür. Onun daxili aləmi, səmimiyyəti də adı, soyadı kimi insanda bir məhrəmlik yaradır. O, bəzəksiz, düzəksiz danışır. Bəzən bir kitabı, ya elmi əsəri oxuyursan, qəliz sözlərlə, terminlərlə dolu, fikrin qarışıq ifadə edilməsindən heç nə anlamırsan. Ona sərf etdiyin vaxta heyfin gəlir. Ancaq elə əsərlər də var ki, oxuyursan, başa düşürsən, dərk edirsən, ömürlük yaddaşına yazılır. İlham müəllim də başa düşülən, tez anlaşılan, səmimiyyət dolu bir insandır. Onun bəzək-düzəksiz danışığı, üzərinə düşən işi uzatmadan (alınsa da, alınmasa da, ancaq çox vaxt alınır) həll etməsi adamda yaxşı xatirə kimi qalır. O, insanla o qədər səmimiyyətlə danışır ki, sənin yaxın qohumundur, dopdoğmaca əmin oğlu, dayın oğludur.
Yaxşılığını edəndə isə nə televiziya çağırar, nə də özünü reklam etdirər. Haysız-küysüz, səssiz-səmirsiz... Nəyə gücü çatırsa, ora qədər edə bilir.
Bir neçə dəfə onunla iş yerində görüşmüşük. İlham müəllimin səmimiliyindən oranın nazirlik, onun isə dövlət məmuru olduğunu hiss etməmişəm. İlham müəllimin mülayim danışıq tərzindən bilmək olur ki, işlədiyi yerdə işçilər də ondan razıdır. O, heç kimə əziyyət vermək istəmir, hətta köməkçisinə belə.
Xırda bir detalı demək istəyirəm. İşimlə əlaqədar İlham müəllimin yanına getmişdim. Birinci dəfə görüşməyimizə baxmayaraq mənimlə elə səmimi görüşdü ki, sanki neçə illərin tanışıyıq. Mənə göstərdiyi qardaş münasibəti həyəcanımı azaltdı, sərbəstləşdirdi və söhbətimiz öz axarını tapdı. Söhbət edə-edə termosda öz əli ilə dəmlədiyi çaydan hərəmizə bir fincan çay süzdü. Əyilib şkafın siyirməsindən konfet, peçenye çıxartdı. Onların dadına baxmağı təkid etdi və söhbət edə-edə danışığımızı yekunlaşdırdıq. O elə danışırdı ki, sanki dövlət idarəsində yox, evində qonaq qarşılayıb. Onun danışığı da, maneraları da əsl xalq danışığı idi, o, xalqın içindən çıxmışdı. O, səmimi idi, ürəyi yanan, doğmalarının, elinin-obasının təəssübünü çəkən bir el oğlu, bir el ağsaqqalı idi. Hər oxumuşdan, alimdən və ya biznesmendən el ağsaqqalı çıxmaz. Atalar da yaxşı deyib: Ağıl yaşda deyil, başdadır. İlham müəllim bir el ağsaqqalı olmağı həvəslə, ehtiramla üzərinə götürüb. Usanmadan, çəkinmədən, yorulmadan... Cavan ikən ağsaqqal olmaq hər adama müyəssər olmur.
İlham müəllim ağsaqqallığından ilham alır, pir, ocaq olub hamının ümid çırağını yandırır, ümidgahı, pənahı olur.
Mən İlham müəllimə həmişə ilhamlı, pir, ocaq olmağı arzulayıram və onun 60 yaşını təbrik edirəm. Ailəsinin, uşaqlarının, elinin-obasının həmişə üzərində olmasını arzulayıram. Ona Allahın verdiyi ömrü sağlıqla, dərdsiz-azarsız yaşamağı arzulayıram.
Salatın Əhmədova,
Filologiya üzrə fəlsəfə doktoru