Ramiq Vəliyev: “Gərginlik yaratmaq istəyirlər”
Məlumdur ki, son günlər Avropanın bir sıra ölkələrində müxtəlif yollarla vətəndaşlıq alan bəzi gənc "soydaşımız” Azərbaycan dövləti və rəhbərliyi əleyhinə çirkin təbliğat aparırlar. Seçki öncəsi aktivləşən həmin şəxslər ölkə başçısının, onun ailə üzvlərinin və bir sıra hökumət nümayəndələrinin ünvanına aşağılayıcı tərzdə, ən təhqiramiz metodlarla ittihamlar irəli sürürlər.
Təbii olaraq, həmin ünsürlərin iyrənc formada apardıqları anti-Azərbaycan təbliğatı ölkə ictimaiyyəti tərəfindən böyük narazılıq və etirazla qarşılanır.
Arzuolunmaz mənzərə ilə bağlı "Şərq”ə fikirlərini bölüşən "Gənclərin Mənəvi İnkişafı” İctimai Birliyinin sədri Ramiq Vəliyev deyib ki, Avropada yaşayan bir qrup azərbaycanlı miqrant tərəfindən ölkə prezidenti cənab İlham Əliyev və onun ailə üzvləri haqqında aparılan çirkin kampaniya Azərbaycanın beynəlxalq aləmdəki imicini zədələməyə hesablanıb:
"Bu çirkin kampaniyanı aparanlar bilməlidirlər ki, xalqımız milli-mənəvi dəyərlərinə çox bağlıdır və mənəvi dəyərlərimizə zidd istənilən "mübarizə” formasını qəbul etmir. Bu cür çirkin kampaniya xalqımızda bunu həyata keçirənlərə qarşı yalnızca ikrah hissi yaratmaqdadır. Xüsusilə Azərbaycan xalqını təmsil edən dövlət rəhbəri və onun ailəsi haqqında deyilən hər çirkin söz birbaşa millətimizə deyilmiş sayılır. Hazırda baş verən bu kimi xoşagəlməz hadisələr onu göstərir ki, prezident seçkiləri ərəfəsində suyu bulandırmaq və Azərbaycanda gərginlik yaratmaq istəyən müəyyən qüvvəllər mövcuddur. Siyasətlə məşğul olmaq, siyasi hakimiyyətə müxalif mövqede durmaq, aparılan siyasəti dəstəkləmək və ya tənqid etmək demokratik ölkələrdə yaşanan normal proseslərdir. Lakin son dövrlər aparılan çirkin kampaniyanın sivil siyasi mübarizə ilə heç bir əlaqəsinin olmadığı hər kəs tərəfindən görülməkdədir”.
Birlik rəhbəri vurğulayıb ki, sayları barmaqla sayılacaq qədər az olsa da, bu cür çirkin üslubda mübarizə aparmağı azərbaycanlı adını daşıyan heç bir gəncə yaraşdırmır:
"Onları ən qısa müddətdə göstərdikləri zərərli davranışdan uzaqlaşmağa çağırıram. Həmin gənclərin etdikləri hərəkətləri təkrar analiz edərək bununla əslində kimə fayda verdiklərini düşünmələri lazımdır. Ümumiyyətlə, milli-mənəvi dəyərlərimizə zidd hər hansı bir davranışa qarşı ən təsirli mübarizənin kütləvi qınaq olduğunu düşünürəm. Lakin qınaq zamanı əsla qarşı tərəfin istifadə etdiyi üslub seçilməməlidir. Çünki bu, gərginliyin artmasına və düşmənlərimizin yaranmış gərginlikdən ölkəmiz əleyhinə istifadə etməsinə səbəb ola bilər. Necə deyərlər, pis söz sahibinə aiddir! Dövlətinə bağlı ictimai fəal olaraq gənclərimizə bildirmək istəyirəm ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı gənc üçün millət və dövlət maraqları digər bütün maraqlardan öndə gəlməlidir”.
İsmayıl