Planşetlərin yeri Azərbaycanda da daralır

Buna səbəb yeni modellərin sayının və funksiyalarda yeniliklərin az olmasıdır



Rusiyada planşetlərin satışı günü-gündən azalır. Aparıcı mobil telefon və planşet satışı ilə məşğul olan mağazaların verdiyi göstəricilər bunu deməyə əsas verir.

2014-cü ilin son rübü ərzində ölkəyə 2,42 milyon ədəd planşet gətirilib. Bu da bir il əvvəlki göstəricidən 2,5 faiz azdır. İdxal pul göstəricisində isə 16,5 faiz azalıb.

Rusiya analitikləri qeyd edirlər ki, bu ilin birinci rübündə planşetlərin satış qiyməti 5 min rubla qədər artıb. Onların fikrincə, Rusiyada planşetlərə olan tələbat bundan sonra da azalacaq. Bunu onlar ölkədəki qeyri-stabil iqtisadi vəziyyət və kompüter texnikasının qiymətinin artımı ilə izah edirlər.

Planşetlərlə bağlı dünyadakı və Azərbaycandakı vəziyyəti şərh edən informasiya texnologiyaları üzrə ekspert Ellada Mustafayevanın fikrincə isə son dövrlər nəinki Azərbaycan və Rusiyada, ümumilikdə dünyada planşet satışlarında durğunluq müşahidə olunmaqdadır. Şirkətlər özləri rəsmi açıqlamalarda buna bir sıra səbəblər gətirsələr də, dünyada İKT sahəsini araşdıran insanların qənaətinə görə, səbəb yeni modellərin sayının azalması və funksiyalarda yeniliklərin az olmasıdır”.
Ekspert həmçinin satışın azalmasını, smartfonların funksionallığının artmasını və qabarit ölçülərinin getdikcə daha da böyük olmasını da satışın azalma səbəbləri sırasında qeyd edib: "Məsələn, planşet bazarının iOS platforması üzrə liderlərindən olan "Apple”nin ötən ilin son rübünə əsasən yaydığı hesabata görə, 12,3 milyon planşet kompüteri satılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,77 milyon daha azdır. Əvvəlki iki rübdə, "iPad”in satış həcmi, həmçinin azalıb. Amma "Apple” korporasiyası cari rübdə yeni "iPad Air 2” və "iPad mini 3” qurğularının satışları hesabına bu tendensiyanı aradan qaldırmağa ümid edir. Lakin planşet tədarükündə hər nə qədər azalma müşahidə olunsa da, əməliyyat sistemi nöqteyi-nəzərindən "Android” əsaslı modellər lider olaraq qalacaq”.

Vüqar Şahinoğlu