Aqşin Yenisey: “Yaradıcılıq intim bir prosesdir, onu kənd təsərrüfatı malları yarmarkasına, qızlar bulağına, oğlanlar oylağına çevirmək olmaz”Cəlil Cavanşir: “Sovet formatında, məzmunsuz və mənasız şeir gecələri keçirməkdənsə, keçirməsələr daha yaxşı olar”
Sevinc Elsevər: "Bizdə bilmirəm bu alınar, ya yox? Fakt budur ki, şeir kitabları alınmır”
Gənc yazar Günel Treu özünün feysbuk səhifəsində şeir məclislərinin azlığından gileylənib ki, bu cür məclislər müntəzəm olaraq təşkil olunsa, insanların dinləmə mədəniyyəti də yüksək olar. O eyni zamanda şeir məclislərinin şənbə və bazar günləri təşkil edilməsinin daha məqsədəuyğun olduğunu qeyd edib.
G.Treunun statusuna rəy bildirən sosial şəbəkə istifadəçiləri arasında isə bu cür məclislərin harada təşkil olunma məsələsi mübahisə doğurub. Xanım yazar isə şeir məclislərinin məktəblərdə təşkil olunmasının doğru olduğunu vurğulayıb.
Yazıya rəy yazan istifadəçilərdən biri isə deyib ki, bu məkan hansısa mərkəzi kitabxana və ya Mədəniyyət Evi də ola bilər.
Məsələ ilə bağlı münasibət bildirən şair Aqşin Yenisey isə Azərbaycanda şeir məclislərinin heç də az olmadığı qənaətindədir: "Bu gün şeir məclislərindən, kitab təqdimatlarından, şair üzgördülərindən daha artıq keçirilən tədbirmi var? Bu gün nəinki şeir məclislərinin sayını artırmaq, onların müntəzəm təşkilinə çalışmaq, əksinə, ədəbiyyatı məclislərdən, tədbirlərdən təmizləmək lazımdır. Yaradıcılıq intim bir prosesdir, onu kənd təsərrüfatı malları yarmarkasına, qızlar bulağına, oğlanlar oylağına çevirmək olmaz”.
Gənclərin ədəbiyyata marağını artırmaq üçün məktəblərdə şairlərlə müntəzəm görüşlərin nə dərəcədə effektiv olacağına gəldikdə isə şair deyib ki, məktəblərdə istənilən yaradıcı dərnəklərin sayını artırmaq lazımdır: "İstedadları kiçik yaşlarından kəşf etməyin ən sınanmış yolu budur. Yeniyetmələrlə savadlı, yaradıcı adamların canlı ünsiyyəti onların düzgün istiqamət seçməsinə kömək edə bilər. Mirzə Şəfi Vazehi və Mirzə Fətəli Axundovu xatırlayın. Bəzən bir kəlməlik həqiqət, gələcəyin bir dahisini yetişdirir”.
Yazar Cəlil Cavanşir isə ölkəmizdə şeir gecələrinin, şairlərlə keçirilən görüşlərin formatının onu da qane etmədiyini deyib: "Sovetdənqalma qəliblər, boğazı qalstuklu şeir gecələri, çəpik çalan oxucu, şairlə görüşə zorla gətirilən müəllim və şagirdlər... Artıq bu formatları unutmaq, yeniliklərə açıq olmaq lazımdır. 2012-ci ildən bu yana dostum Elməddin Süleymanovun təşəbbüsü ilə "Ghetto Poetry Night” keçirilirdi. Formatı da, təşkilatçılığı da fərqli, maraqlı idi. Rayonda yaşasam da, fevralın əvvəlində Bakıda "Kibrit” book-kafedə şeir gecəmi təşkil etmişdilər. Oxucuların münasibətindən də, gecənin təşkilindən də çox razı qaldım. Düşünürəm ki, bu işlə məşğul olacaq prodüsserə ehtiyac var. Mən musiqinin - daha çox rok, caz və etno musiqinin müşayiəti ilə şeir gecələrinin keçirilməsinin tərəfdarıyam. Maraqlı proqramı olan şeir gecələri keçirilsə, dinləyici də, oxucu da zövq alar. Sovet formatında, məzmunsuz və mənasız şeir gecələri keçirməkdənsə, keçirməsələr daha yaxşı olar”.
C.Cavanşirin sözlərinə görə, məktəblilərə dünya klassiklərini təbliğ etmək, klassik poeziyanı öyrətmək yaxşı olar: "Çünki məktəblini zorla hansısa zala doldurub, onu hansısa şairlə görüşdürmək heç bir faydası olmayan işdir. Şairi, şeiri oxucu tələb etməli, arzulamalı və onunla görüşə həyəcanla, istəklə getməlidir”.
Genc yazar Sevinc Elsevər isə deyib ki, teatrlarda teatrlarda şairlərlə görüşlər təşkil oluna bilər: "Mənim elə də dəqiq məlumatım yoxdu bu barədə. Bilmirəm şeir məclisləri təşkil olunur, ya yox. Hər halda mən dəvət almıram. Yəqin ki, varsa da azdı o məclislər. Mən bu yaxınlarda azadlıq radiosunda bir məqalə oxudum ki, Esroniyada tez-tez şeir məclisləri təşkil olunur, həmin məclisdə şairlər iştirak edir,öz şeirlərini oxuyur, həm də buna görə honorar alırlar. Bilirsiniz, bizdə bilmirəm bu alınar, ya yox? Fakt budur ki, şeir kitabları alınmır. Yaxşı olardı ki, bunun bir çıxış yolu tapılsın. Bir neçə il bundan əvvəl bəzi şairlər öz disklərini çıxartdılar. Onlar qəmli musiqilər fonunda öz şeirlərini oxuyurdular. Sonra bu ənənəyə çevrilmədi. Bilmirəm maraq az oldu, gəlir az oldu, ya niyə? Bir dəfə də Yarat yaradıcılıq mərkəzi maraqlı bir tədbir keçirtmişdi. Onlar Bakının mərkəzi küçələrindn birində açıq tamaşa təşkil elədilər. Açıq tamaşada aktyorlar şairlərin şeirlərini ifa edirdilər. Həm ifa edir, həm şeirin ruhunu çatdırırdılar öz ifaları ilə. O vaxt mənim də şeirlərimdən seçmişdilər. Sonra bu iş də ənənəyə çevrilmədi, davamı gəlmədi. Məncə, belə məclislər tez-tez təşkil olunsa, yaxşı olar. Məsələn, hansısa teatrın foyesində oxucularla şairin görüşü baş tuta bilər. Özü də biletlə. Məsələn, hər hansı teatr bu işi öhdəsinə götürə bilər. Tutaq ki, Yuğ teatrı elan edir ki, filan ayın filan günündə filan şairlər oxucuların görüşünü təşkil edirik”.
Şəymən