Sədrəddin Soltan: "Donald Trampın hakimiyyətdə olduğu müddətdə etibar etmirəm ki, münasibətlər normallaşsın"
"İranla ABŞ arasındakı qarşıdurma yeni deyil, 40 ilə yaxındır davam edir”.
Bunu Sherg.az-a rəsmi Tehranın Amerika vətəndaşları və şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcəyi ilə bağlı açıqlamasını şərh edərkən Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan deyib.
O bildirib ki, Amerika zaman-zaman İranı müxtəlif məsələlərlə bağlı tənbeh edir:
"Bu məsələlərə insan hüquqlarının tapdanması, nüvə texnologiyasında, atom-nüvə silahının yaradılması ilə bağlı və s. aiddir. Amerika iddia edir ki, İran raket texnologiyası məsələsində razılaşmanı pozur və bölgədə və dünyada beynəlxalq terrorçuluğu dəstəkləyir. Hətta İranın Amerikanın özündə belə xeyriyyəçilik adı altında terrorçuluğu təbliğ etdiyinə dair şübhələr səsləndirilir. İranın bölgədə qonşu dövlətlərin daxili işinə müdaxilə etməsi, dini ekstremizmi yayması ilə bağlı iddialar var. Ümumilikdə, ABŞ düşünür ki, İran bölgədə pozuculuq fəaliyyəti ilə məşğuldur.
Bütün bunları nəzərə alan ABŞ vaxtaşırı İranı müxtəlif sanksiyalarla təhdid edir.
Məsələn, son günlərdə "Ələvi” adı ilə Amerikada fəaliyyət göstərən xeyriyyə təşkilatı ilə bağlı ABŞ Federal Məhkəməsi qərar çıxartdı. Təşkilata mülkü həbs qoyuldu və bir neçə milyard dollarlıq cərimələndi.
Həmin cərimələr Amerikada beynəlxalq terrorçuluqdan əziyyət çəkən vətəndaşlara təzminat kimi veriləcək”.
S.Soltan deyib ki, ABŞ İranı dünyada "şər üçbucağı”nın biri, İran hakimiyyəti isə Amerikanı "böyük şeytan” adlandırır. Bu dövlətlər yaranan gərginliklərin fonunda bir-birinə qarşı sanksiyalar irəli sürür:
"Əslində İranla ABŞ arasında birbaşa ticarət əlaqəsi yoxdur, üçüncü dövlətlər vasitəsilə bu reallaşdırılır. Müəyyən müddətlik sanksiyalar aradan qaldırılandan sonra embarqo qoyulmuş bir sıra məhsulların satışına icazə verildi.
İranın Amerikadakı təşkilatı bağlandıqda Həsən Ruhaninin qardaşına qarşı maliyyə fırıldağı adı altında cinayət işi qaldırıldı. Deyilir ki, o yəhudilərlə ianə toplanmasında, onlarla əlaqə qurmaqda iştirak edib və atom-nüvə məsələlərinə dair danışıqlarda çıxış edib. Bu şəkildə Amerika və İran bir-birinə qarşı cavab verirlər.
Bütövlükdə, İranın Amerikaya qarşı addımları İrandaxili və İranı sevənlər üçün təbliğatdan başqa bir şey deyil. Çünki İranın Amerikaya qarşı sanksiyaları ABŞ-ın nə vətəndaşları, nə dövlətin özü, nə də xarici siyasəti ziyan görər. Zərərlə qarşılaşan isə İran vətəndaşları və bölgədəki dövlətlər olur. Odur ki, bu qarşıdurma davam edəcək, daha dərin məsələlərə qədər genişlənəcək. Donald Trampın hakimiyyətdə olduğu müddətdə etibar etmirəm ki, münasibətlər normallaşsın. O vaxta qədər ki, İran ABŞ-ın iddialarına əməl etsin”.
Aysel Aslan