Politoloq deputatla razılaşmır:"Məmmdəyarovun istefası təklifi yersizdir"






"Millət vəkilinin xarici işlər naziri Elmar Məmmədyarovu istefaya çağırması qeyri-ciddi təklifdir”.

Bunu "Sherg.az”a Milli Məclisinin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalının xarici işlər naziri Elmar Məmmədyarovu istefaya çağırmasına münasibət bildirərkən politoloq Tofiq Abbasov söyləyib. 

Onun fikrincə, xarici işlər naziri ölkə başçısının göstərişi altında fəaliyyət göstərən şəxsdir:

"Xarici blokla bağlı bütün tapşırıqları nazirə yalnız Azərbaycan Respublikasının Prezidenti verə bilər. Düzdür, konstitusiyanın əsas tələblərinə görə, bütün nazirlər Milli Məclisə və xalqa hesabat verməlidir. Ancaq xarici blok elə sahədir ki, burada eksperimentlər işləmir.

Qəbul olunmuş qaydaya görə, xarici problemlərin həlli ilə bağlı xarici işlər naziri ancaq prezident qarşısında cavabdehdir. Bu sahə elə sahədir ki, onun bir sıra məqamları qaranlıq qalır. 

Çünki dövlət sirləri, xarici konvensiyalardan irəli gələn tələblər, normalar var. Bunların bir çoxu ictimai səviyyədə açıqlanmır. Hesab edirəm ki, Fəzail Ağamalının qaldırdığı məsələ özfəaliyyət məqamlarını xatırladır.

Xarici siyasətin təmsilçisi kimi, Elmar Məmmədyarovun fəaliyyəti ölkə rəhbərliyini qane edirsə, onun istefası məsələsini gündəmə gətirmək yersizdir”.

Qeyd edək ki, Fəzail Ağamalının fikrincə, Xarici İşlər Nazirliyi Azərbaycan prezidentinin yürütdüyü hücum diplomatiyasına adekvat işləmir. O bildirib ki, Azərbaycan həqiqətlərinin dünyada təbliği və haqqının tanınması üçün Azərbaycan prezidentinin müəyyən etdiyi prioritetlə nazir Elmar Məmmədyarovun fəaliyyəti uyğun deyil.

Aysel Aslan