"Genişmiqyaslı hərbi təlimlərin keçirilməsi Azərbaycan Ordusunun müdafiə gücünün artırılmasına xidmət göstərir”.
Bunu Sherg.az-a Azərbaycanda 30 minlik şəxsi heyətlə genişmiqyaslı hərbi təlimlər keçirilməsinin məqsədlərini izah edərkən ehtiyatda olan polkovnik - leytenant, tanınmış hərbi ekspert İbrahim Rüstəmli deyib.
O bildirib ki, müdafiə gücünün artırılması dedikdə ordunun döyüş qabiliyyətinin yüksəldilməsini nəzərdə tutur:
"Hazırda Azərbaycanın istər siyasi, istərsə də hərbi vəziyyəti bu təlimlərin keçirilməsini zəruri edir. Dövlətimiz məcburdur ki, öz ordusunun döyüş imkanlarını gündən-günə artırsın, texniki, döyüş imkanlarını yüksəltsin, dünyanın ən müasir silahlarını orduya daxil etsin. Çünki bu, bizim üçün həyatı əhəmiyyətli hal alıb. Ermənistanın destruktiv mövqeyi Azərbaycanı bu addımları atmağa məcbur edir”.
"Bu təlimlərdən sonra Azərbaycan ordusu aprel döyüşlərinə bənzər ikinci bir uğurlu əməliyyata başlaya bilərmi?" sualına gəlincə, ekspert bunu proqnozlaşdırmağın çox çətin olduğunu deyib:
"Çünki bu məsələ birbaşa Ali Baş Komandanın səlahiyyətinə aiddir. Müharibə və sülh məsələlərində bütün qərarları ölkə başçısı qəbul edir. Müharibə olub-olmayacağı ölkə başçısının iradəsindən asılıdır.
Sözsüz ki, işğala məruz qalmış dövlət olaraq, öz hüquqlarımızın bərpası uğrunda mübarizə aparırıq. Bu mübarizənin əsas istiqamətini də hərbi yöndə addımların atılması təşkil edir. Ermənistan öz təxribatçı niyyətlərindən əl çəkmir. Biz daim Ermənistanı təzyiq altında saxlamalıyıq ki, həm düşmən ölkədə ictimai rəyi formalaşdıra bilək, həm də ermənilərin bu mövqeyini sarsıda bilək.
Azərbaycan torpaqları ilə bağlı bir sıra beynəlxalq təşkilatlar, xüsusilə, Birləşmiş Millətlər Təşkilatı tərəfindən ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində müxtəlif fikirlər səsləndirilib. Dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, o deməkdir ki, Ermənistan işğalçı ölkə kimi tanınır”.
İ.Rüstəmli onu da əlavə edib ki, belə hərbi təlimlərin keçirilməsi Azərbaycanın daxili işidir:
"Ölkəmiz üçün həyatı əhəmiyyət daşıyan məsələdir. Bu, Azərbaycanın yaşam tərzinə çevrilib və çevrilməlidir. Biz dəfələrlə sülh barəsində bəyanatlar verib, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə çalışsaq da, Ermənistan bununla razılaşmır. Belə olan halda öz torpaqlarını geri qaytarmaq, ərazi bütövlüyünü təmin etmək Azərbaycanın haqq işidir”.
Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən aprel ayının 16-dan qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlər keçiriləcək.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.
Aysel Aslan