"Erməni generallar silsilə çıxışlarla Azərbaycanı hədələyirlər”.
Bu barədə "Sherg.az”a Ermənistan silahlı qüvvələrinin qərargah rəisi Movses Akopyanın Azərbaycanı təhdid etməsindən danışarkən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
O qeyd edib ki, beynəlxalq analitiklərin müharibə məsələsində Azərbaycanın gücünə üstünlük verməsindən sonra Azərbaycan və Ermənistan arasında fərq 30 pillədən yüksək oldu:
"Bundan sonra açıqlandı ki, Ermənistan iki il ərzində 124 milyon dollarlıq, Azərbaycan isə 551 milyon dollarlıq silah alıb. Ölkəmizdə keçirilən irimiqyaslı hərbi təlimlərdən sonra isə Ermənistan daha da təşvişə düşdü və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə çalışdı. Əsassız iddialar ortaya atıldı ki, guya Azərbaycan hərbi təlimlər keçirməklə hansısa beynəlxalq normaları pozur, danışıqların gedişinə mənfi təsir göstərir.
Movses Akopyanın son çıxışı daxili auditoriyaya hesablanıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər isə beynəlxalq ictimaiyyətdə qabardılır. Azərbaycan həmişə olduğu kimi hazırlığını davam etdirir, silahlanır, münaqişənin həlli üçün davamlı addımlar atılır. Qeyd etməliyəm ki, müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev erməni qərargah rəisinin əsassız iddialarına tutarlı cavab verib.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan və Azərbaycan orduları meydanda təkbətək qalsa, sözsüz, Azərbaycan ordusu darmadağın edər. Lakin Ermənistanın arxasında təəssüf ki, Rusiya dayanır. Rusiya isə bizim strateji partnyorumuzdur və Azərbaycan Ermənistan torpaqlarına deyil, öz torpaqlarını geri qaytarmağa iddialıdır”.
Ş.Ramaldanov vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistan cəmiyyətini iki yerə böldüyü halda, Azərbaycan cəmiyyətini birləşdirir:
"Dağlıq Qarabağ münaqişəsi müzakirə obyekti olduqda, həm müxalifət, həm iqtidar Ali Baş Komandanın ətrafında birləşir. Rusiyanın bəzi mənbələrinin məlumatına görə, Ermənistanda cəmi milyon yarım əhali qalıb. Gənclər isə Dağlıq Qarabağda xidmət etmək istəmir, ailələr yalvarır ki, övladlarını hərbçi kimi işğal olunmuş ərazilərə aparmasınlar".
İqtisadiyyata gəlincə, polkovnik diqqətə çatdırıb ki, Azərbaycan iqtisadiyyatını Ermənistanın çökmüş iqtisadiyyatı ilə müqayisə etmək düzgün deyil:
" Düşünün ki, Azərbaycanın orduya ayırdığı məbləğ Ermənistanın bütün büdcəsi qədərdir. Sarkisyan aprel döyüşlərindən sonra etiraf etdi ki, Ermənistanın silahları köhnədir. Alınan silahların kreditləri belə ödənilməyib. Şəxsi heyətə gəlincə, hərbin bütün sahələrində Azərbaycan ordusunun şəxsi heyət potensialı Ermənistandan üstündür. Yüksək hazırlıqlı hərbçilər arasından seçilənlər, imtahan edilənlər orduda təyinat alır. Peşəkarlığı hər zaman diqqətə alırıq. Bu gün Azərbaycan ordusunda əli silahlı hər bir hərbçi torpaqlarımızı işğaldan azad etmək üçün ali baş komandanın əmrini gözləyir. Ermənistan silahlı qüvvələrindən fərqli olaraq, Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti – əsgərdən nazirə qədər hər kəs ali baş komandanın əmrini yerinə yetirməyə hazırdır”.
Aysel Aslan