Polşanın eks-prezidenti Bakıya gələcək

Aleksandr Kvasnevski forumda çıxış edəcək



Polşanın eks-prezidenti Aleksandr Kvasnevski III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Şərq”ə verilən məlumata görə, polşalı dövlət xadimi Forumun "Avropa Birliyi və onun qonşuluq siyasəti” mövzusuna həsr olunmuş panel iclasında çıxış edəcək.

Qeyd edək ki, sabiq dövlət başçısı olan və 1995-ci ildən 2005-ci ilədək ölkəyə rəhbərlik etmiş Aleksandr Kvasnevski hazırda Corctaun Universitetində müasir Avropa siyasəti, transatlantik münasibətlər, Mərkəzi və Şərqi Avropanın demokratikləşməsi mövzularını tədris edir. Həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür.

Onu da əlavə edək ki, "Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan III Forumda dünyanı narahat edən məsələlər - etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və bir sıra qlobal problemlərə dair geniş fikir mübadiləsi aparılacaq.

Vüqar Şahinoğlu