Prezident Azərbaycana qarşı aparılan kampaniyanın iç üzünü açdı
Ekspertlər hesab edir ki, İlham Əliyev avropalı qonaqlar qarşısında qətiyyətli və prinsipial mövqeyini ortaya qoydu və çox haqlı sözlər dedi
Azərbaycana qarşı müntəzəm olaraq tətbiq edilən ikili standartlar, qərəzli, qeyri-obyektiv yanaşma yenidən özünü çılpaqlığı ilə büruzə verir. Bir qayda olaraq ölkədə mühüm siyasi, mədəni-kütləvi, beynəlxalq əhəmiyyətli tədbirlər keçirilən zaman Qərbin "demokratiya” carçıları və onların ölkəmizdəki əlaltıları hərəkətə keçirlər. Onların budəfəki hədəfi sentyabrın 26-da Azərbaycanda konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar keçiriləcək ümumxalq səsverməsi, referendumdur.
Qərbdəki "demokratların” məqsədi referendum öncəsi vəziyyəti gərginləşdirmək, ictimai-siyasi sabitliyi pozmaq və ölkəni xaosa sürükləməkdir. Elə son həftələr radikal müxalifətin keçirdiyi bir neçə mitinq də məhz bu məqsədə xidmət edir. Xalqın onlara dəstək vermədiyi, üzləşdikləri uğursuzluqları özlərində deyil, absurdcasına hakimiyyətdə axtaran radikalların bu səsinə təəssüflər olsun ki, Qərbdəki bəlli dairələr də səs verir. Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin olunmadığını həyasızcasına iddia edirlər. Halbuki, elə bu günlərdə Avropa İttifaqının deputatlarından ibarət bir qrupun Azərbaycanda olduğu ərəfədə müxalifətin radikal qanadı heç bir məhdudiyyət tətbiq edilmədən Bakının mərkəzində öz mitinqini keçirdi. Bu, öz-özlüyündə Azərbaycan dövlətinin demokratik dəyərlərə nə qədər sadiq olduğunun göstəricisi sayılmaqla bərabər, eyni zamanda Qərb "demokratlar”ının nə dərəcədə qeyri-səmimi və qərəzli olduğunu bir daha təsdiqləmiş oldu. Ötən gün Avropa İttifaqının nümayəndələrini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev qurumun qərəzli yanaşmasını və qeyri-konstruktiv mövqeyini açıq şəkildə bəyan etdi.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib ki, ölkə başçısının Avropa İttifaqı deputatlarını qəbul edərkən etdiyi çıxış çox düzgün atılmış addımdır: "Prezident çıxışı ilə Azərbaycanın qətiyyətli və prinsipial mövqeyini ortaya qoydu və çox haqlı sözlər dedi. O, Azərbaycana qarşı aparılan kampaniyanın iç üzünü açdı. Hesab edirəm ki, Azərbaycan ikitərəfli və qarşılıqlı maraqlar çərçivəsində bütün ölkələr və beynəlxalq təşkilatlarla münasibətlərini qurmaq istəyir. Bu, bizim əsas məqsədimizdir. Əgər Avropa Parlamenti və qurumları Azərbaycana qarşı qərəzdən əl çəkməsələr, münasibətlər heç də yaxşı olmayacaq. Biz gözləyirik ki, beynəlxalq təşkilatlar Azərbaycana beynəlxalq hüquq prinsipləri və qanunun aliliyi ilə yanaşsınlar. Yalnız bu halda Azərbaycan Avropa İttifaqı, Avropa Parlamenti və digər qurumları ilə normal münasibətlər qura bilər və mövcud münasibətlər normallaşar. Əks halda, biz heç kəsə, heç bir dövlətə, təşkilata Azərbaycanla istədiyi kimi davranmağa, öz maraq və prinsiplərini üstün tutmağa imkan verməyəcəyik. Azərbaycan xarici siyasəti hər zaman tərəfdaşlığa və əməkdaşlığa tam hazırdır. Çünki burada Avropanın maraqları olduğu kimi, Azərbaycanın da maraqları var”. Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov da Prezident İlham Əliyevin Avropa İttifaqının nümayəndə heyəti ilə görüşündəki çıxışını çox yüksək qiymətləndirib: "Dövlət başçısı bütün halları izləyir, təhlil edir, yerində lazımi adekvat cavablar verir. Deməli, Prezident hər bir məsələnin ədalətli həllini istəyir. Prezidentin ötəngünkü çıxışında bu məqamlar öz əksini tapdı. Ölkə başçısı Avropa İttifaqından, Avropa Parlamentindən, müxtəlif avropalı deputatlardan gələn əsassız ittihamlara layiqli cavab verdi. Hesab edirəm ki, verilən cavablar tam əsaslı, obyektiv səsləndi. Dövlət başçısı çıxışında bütün ittihamlara cavab verərək, hətta konkret misallar gətirdi. Hər bir halın, hadisənin tarixnaməsini danışdı, müəyyən şərtlər qoydu”. Politoloq bildirib ki, ATƏT-in Bakı ofisinin bağlanmasında Azərbaycan təşəbbüskar olmayıb: "Bu barədə məsələni Azərbaycan Prezidenti İlham Əliyev ətraflı şəkildə izah etdi. Onlar bir bəhanə taparaq Azərbaycan əsilli Aleksis Şaxtaxtinskini ofis rəhbərliyindən geri çağırdılar. Düşünmürəm ki, o təşkilatın nümayəndəliyinin Bakıda olması mənfi haldır. Ancaq onlar konkret işlərlə məşğul olmalıdırlar, bizə irad tutmaq, ittihamlar irəli sürməklə yox. Təəssüf ki, onlar tamamilə başqa işlərlə məşğuldurlar. Ona görə də Azərbaycan Prezidenti şərt qoydu ki, Şaxtaxtinski geri qaytarıldıqdan sonra Bakı ofisi yenidən açıla bilər”.
İsmayıl