"Prezident Davos Forumu üzərindən dünyaya mesajlar verir ki, Azərbaycan yeni mərhələyə qədəm qoyur”






"Davos İqtisadi Forumu uzun illər boyu iqtisadi və siyasi mərkəzlərin toplaşdığı mühüm beynəlxalq arenadır”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Zahid Oruc deyib.

Deputat bildirib ki, dövlətlər həmin tribunadan istifadə edərək öz siyasətlərini təqdim edir, aparıcı şirlətlərlə anlaşmalar imzalayır və digər iqtisadi xarakterli planlarını həyata keçirirlər: 

"13 ildir ki, o tədbirlərə ardıcıl qatılan Prezident İlham Əliyev hər zaman qarşısına mühüm strateji planlar qoyur. Görüşlərin və sıx qrafiklə həyata keçirilən danışıqların hamısı mühüm nəticələr verir. Dövlət başçısı bir neçə nüfuzlu neft şirkətlərinin – "Statoyl”, "Lukoyl” və "BP” şirkətlərinin rəhbərləri ilə danışıqlar apardı, həmçinin, siyasi dialoqlar keçirdi. 

Davosda iqtisadi trendlər müəyyənləşir. Bərabərsizliyi və cəmiyyətdəki sosial gərginlikləri aradan qaldırmaq üçün reseptlər ortaya qoyulur. Bu cür tədbirlərdən kənarda qalmaq heç də yaxşı hal sayıla bilməz”.

Parlament üzvünün sözlərinə görə, dövlət rəhbərlərinin hansı siyasət fonunda Davosa qatılması da önəmli məqamdır: "ABŞ rəhbəri Donald Tramp, o cümlədən İngiltərənin baş naziri Tereza Mey və Fransa prezidenti Emanuel Makron bu Forumda iştirak etmir. 

Bunun səbəbləri hər kəsə bəllidir. Trampın başı Meksika ilə aralarında divar çəkməyə qarışıb, Makron "sarı jiletlilər” aksiyalarından dolayı narahatdır, Tereza Mey isə Avropa Birliyindən hələ də xilas ola bilmir. Davosda iştirak edən dövlət rəhbərlərinin hamısı bölgəni ciddi şəkildə izləyir, mövcud şəraiti təhlil edirlər. 

Eyni zamanda investisiya qoyula biləcək ölkələri və kapitalların geri dönüşümünü analiz edirlər. Bu da təbiidir, çünki risklər əvvəlcədən hesablanmalıdır. Azərbaycan rəhbərliyi ölkədə başladılan struktur islahatları ilə Davos Forumu üzərindən dünyaya açıq mesajlar verir ki, Azərbaycan yeni mərhələyə qədəm qoyur”.

İsmayıl