“Prezidentin çıxışı Azərbaycanın yeni mərhələyə keçidinə işarədir”
“Bu mərhələ neftdən asılı olmayan güclü iqtisadiyyat, çevik idarəetmə və islahatlar dövrü olacaq”
2015-ci il dünya və regionda iqtisadi, siyasi və hərbi böhranın yaranması, dünya bazarında neftin qiymətinin düşməsi və s. kimi bir sıra neqativ hadisələrlə tarixə düşdü. Təbii ki, qarşısında inkişaf etmiş ölkələrin belə aciz qaldığı bu hadisələr Azərbaycan kimi yeni müstəqillik qazanmış dövlətlərə də təsirsiz ötüşməyə bilməzdi. Lakin hətta bu kimi genişmiqyaslı təhlükələr və tənəzzül fonunda belə Azərbaycan ciddi uğurlar qazana bildi.
Elə bu uğurlara söykənərək əminliklə söyləmək olar ki, ölkəmiz üzləşdiyi müvəqqəti böhran şəraitindən alnıaçıq çıxacaq və yenidən öz sürətli inkişaf yoluna qədəm qoyacaq. Sadəcə bir qədər səbirli və təmkinli olmaq, qərəzli çağırışlara aldanmamaq lazımdır. Təəssüflər olsun ki, hazırda bəzi qüvvələr insanların problemindən sui-istifadə etməyə, mövcud şəraitdən öz məqsədləri üçün yararlanmağa və siyasiləşdirməyə çalışırlar. Nəzərə almalıyıq ki, böhran həm də yeni imkanların meydana çıxması deməkdir. Onu da vurğulayaq ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi heç də iqtisadi amillərlə deyil, birbaşa siyasi faktorlarla bağlıdır. Bu mənada Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqini məzh bu kimi həqiqətlərin ortaya çıxmasına, eyni zamanda böhrandan qurtulmaq üçün imkanların axtarılıb tapılmasına, qeyri-neft sektorunun inkişafına yönəlik çağırışlar kimi qəbul etməliyik.
Azərbaycan üçün uğurlu il
İclasda ölkə başçısı çox düzgün olaraq 2015-ci ildə də ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini vurğuladı. Əldə olan faktlar da göstərir ki, 2016-cı ildə ölkəmizdə sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 8 faiz artıb. Bu rəqəmlər xeyli müddətdir haqqında danışılan qeyri-neft sektorunun inkişaf etdiyini, eləcə də bu yöndə aparılan islahatların səmərə verdiyini göstərir. Ötən ilin daha bir mühüm göstəricisi ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmasıdır ki, bunun da yarısı xarici sərmayədir. Bu bir daha təsdiqləyir ki, Azərbaycan xarici sərmayədarlar üçün cəlbedici ölkədir. Nəzərə alsaq ki, 2015-ci il öz geosiyasi və iqtisadi xüsusiyyətlərinə görə bir çox dövlətlər üçün "Olum, ya ölüm?” sualına cavab ili olub, o zaman aydın olur ki, belə bir ildə sərmayədarları cəlb etmək, üstəlik, iqtisadi inkişafa nail olmaq həqiqətən də böyük nailiyyətdir. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrik nitqində də məhz bu inkişaf xarakterizə edilirdi: "Çətinliklərə baxmayaraq, Azərbaycan 2015-ci ildə uğurla inkişaf etdi. Bizim əsas vəzifəmiz ondan ibarət idi ki, Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edək, ölkəmizin dinamik inkişafına nail olaq. Bu siyasətin nəticəsi olaraq Azərbaycanda ictimai-siyasi sabitlik təmin edildi. Hazırda Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır və bundan sonra da yaşayacaq. Eyni zamanda, 2015-ci ildə neftin qiyməti kəskin şəkildə aşağı düşüb. Bunu ilin əvvəlində təsəvvür etmək mümkün deyildi. Ancaq bu, reallıqdır və yenə də Azərbaycanda aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində iqtisadi artım təmin edildi. Azərbaycanda qeyri-neft sektoru inkişaf etdi. Xüsusilə qeyri-neft sənayesinin 7 faizdən çox artması məni xüsusən sevindirir. Bu, onu göstərir ki, əvvəlki illərdə apardığımız siyasət öz bəhrəsini verir. Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır və neftdən asılılığımız getdikcə daha da azalacaq”. Göründüyü kimi, hökumət heç də 2015-ci ildə əldə edilən uğurlarla arxayınlaşmaq istəmir. Çünki hazırda gedən proseslər, xüsusilə neft bazarındakı vəziyyət risklidir. Riskləri sığortalamaq üçün ardıcıl, məqsədyönlü və çevik islahatlar həyata keçirilməlidir.
Qeyri-neft sektorunun inkişafı əsas prioritet kimi
Prezidentin daha əvvəlki çıxışlarından da bəlli olduğu kimi, dünya bazarında neftin qiymətinin aşağı düşməsi daha çox subyektiv səbəblərə bağlıdır. Dövlət başçısı bunu ötən il dekabrın 23-də Milli Olimpiya Komitəsində idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində açıq bəyan etmişdi: "Amerika Birləşmiş Ştatlarında dollarla bağlı qəbul edilmiş son qərar da neftin qiymətinin düşməsinə xidmət edir. Burada digər geosiyasi amillər də var. Mən şəxsən hesab edirəm ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin təbii-iqtisadi əsasları yoxdur. Düzdür, dünya iqtisadiyyatı bir qədər tənəzzülə uğrayıb. Templər aşağı düşüb. Amma bu dərəcədə yox ki, neftin qiyməti birdən-birə il ərzində üç dəfə düşsün. Fikrimcə, bu, düşünülmüş siyasətdir. Bu siyasətin məqsədi isə heç kim üçün sirr deyil. Sadəcə olaraq, Azərbaycan bu vəziyyətdən əziyyət çəkir”. Prezident bunu Nazirlər Kabinetinin son iclasında da bəyan edib: "2015-ci ildə neftin qiymətinin düşməsi və manatın devalvasiyaya uğraması Azərbaycanda iqtisadi proseslərə də təsir edib. Bunun səbəbi kənarda yaranıb, neftin qiymətinin azalması iqtisadi yox, siyasi amillərlə bağlıdır”. Təbii olaraq, belə şəraitdə ən vacib islahatlardan biri iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafıdır. Nazirlər Kabinetinin iclasından da göründüyü kimi, bu məsələ 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaq. Bunun üçün isə ümidverici əsaslar mövcuddur. Belə ki, ümumi daxili məhsulun strukturu müsbətə doğru dəyişir. Qeyri-neft sektorunun çəkisi artır, neftdən asılılıq azalır. Prezidentin qeyd etdiyi kimi, "indi biz çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə cəlb edək. Xüsusilə qeyri-neft sektoruna, o sahələrə ki, onların inkişafı Azərbaycanın potensialını gücləndirəcək və idxaldan asılılığını azaldacaq”.
İstehlak qiymətləri problemi və mühüm tapşırıqlar
Son iclasdakı mühüm məqamlardan biri də istehlak qiymətləri ilə bağlı idi. Məlumdur ki, son vaxtlar bəzi işbazlar tərəfindən istər ərzaq, istərsə də qeyri-ərzaq mallarının qiymətlərində süni artım etmək tendensiyası yaranıb. Lakin dövlət başçısı bu məsələyə çevik reaksiya verməklə vəziyyətə ciddi nəzarət edildiyini və bundan sonra da ediləcəyini göstərdi: "Son vaxtlar müşahidə olunan qiymət artımı yerli məhsullara şamil edilməməlidir. İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar süni şəkildə qiymətləri qaldırmaq istəyirlər”. Dövlət başçısı əlavə edib ki, Azərbaycan ərzaq məhsulları ilə bağlı müəyyən dərəcədə idxaldan asılıdır: "Hələ ki, Azərbaycan özünü ərzaq məhsulları ilə 100 faiz təmin edə bilməyib. Ancaq Azərbaycanda istehsal edilən ərzaq məhsullarında qiymət artımı mümkün deyil, olmamalıdır. Mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar manatın məzənnəsi məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Biz sadəcə, cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları bu məsələ ilə çox ciddi məşğul olsunlar, bu vəziyyətdən öz şəxsi maraqlarını təmin etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Bu, mətbuatda işıqlandırılmalıdır”.
Ölkə başçısı bu il bütün sosial proqramların tam icra ediləcəyini, məcburi köçkünlərin yaşayış problemlərinin həlli istiqamətində böyük vəsait nəzərdə tutulduğunu qeyd edib: "Ötən il 15 min köçkün yeni evlərə köçüb. 2014-cü ildə 20 min köçkün yeni evlərə köçüb və bu siyasət davam etdiriləcək. Dövlət Neft Fondunda bu məqsədlər üçün kifayət qədər vəsait nəzərdə tutulub”.
Problemlər tezliklə müsbət həllini tapacaq
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında xalqın gözlədiyi vacib qərarların anonsunu verdi. A.Quliyev deyib ki, dövlət başçısının iclasda səsləndirdiyi tezislər və verdiyi tapşırıqlar dünyada baş verən proseslərə və ölkədə mövcud olan iqtisadi, siyasi və sosial duruma tam adekvatdır: "Əminəm ki, biz bu qərarların tezliklə müsbət nəticələrini hiss edəcəyik. Cənab Prezidentin çıxışı Azərbaycanın yeni mərhələyə keçidi baxımından çox önəmlidir. Bu mərhələ neftdən asılı olmayan güclü iqtisadiyyat, çevik idarəetmə və islahatlar dövrü olacaq. Dövlət başçısının qəbul etdiyi qərarlar 5 əsas nəticənin əldə olunmasına hesablanıb. Bunu həm də Prezidentin anti-böhran proqramı da adlandırmaq olar. Pensiya və əmək haqlarının istehlak səbətinə uyğun olaraq artırılması, çevik idarəetmə mexanizmlərinin yaradılması, büdcə vəsaitinin səmərəli istifadəsi, maliyyə nəzarətinin gücləndirilməsi və s. məsələlər tezliklə müsbət həllini tapacaq. Eyni zamanda süni bahalaşma ilə mübarizənin gücləndirilməsi və bu hala yol verənlərə qarşı təkcə inzibati deyil, eyni zamanda cəza tədbirlərinin də görülməsi olduqca mühüm amildir”.
İsmayıl