"Alimlərin, ziyalıların, dövlət xadimlərinin bir ölkəyə toplaşaraq, mövcud durumu müzakirə etməsi, vəziyyətdən çıxış yolu axtarması çox müqəddəs və faydalı bir işdir
Çox yaxşı haldır ki, bu məsələdə məhz Azərbaycan fərqlənir. Bakı forumları hər zaman yüksək diqqət mərkəzində olur
"Beynəlxalq Humanitar Forumların mütəmadi keçirilməsini yüksək qiymətləndirirəm. Çünki yer üzü özünün ən gərgin dövrünü yaşayır”. Bunu "Şərq”ə açıqlamasında Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən danışan sosioloq-alim, professor Əhməd Qəşəmoğlu deyib. Alim vurğulayıb ki, tarixin heç bir mərhələsində indiki qədər ziddiyyətlər olmayıb. Qloballaşma prosesi sürətləndikcə, dünya vahid hala gəldikcə, problemlər də çoxalıb:
"Əslində qloballaşma təbii və tarixi prosesdir. Nəqliyyat və rabitə, iqtisadiyyat və turizm inkişaf etdikcə, ölkələrarası əlaqələr gücləndikcə, qloballaşma zəruri hala gəlir. Hansısa bir şəxsin özünü anti-qlobalist kimi təqdim edərək prosesin qarşısında durması absurddur. Ancaq məsələ ondadır ki, tarixi prosesə xeyli subyektiv müdaxilələr var. Müxtəlif güc mərkəzləri yeni nizamın onların maraqlarına uyğun formalaşmasını istəyirlər. Subyektiv müdaxilələr insanların xüsusiyyətləri nəzərə alınmadan, kimlərinsə şəxsi mənafeyinə uyğun həyata keçirilirsə, o zaman ziddiyyətlər və maraqların toqquşması ortaya çıxır.
Burada əhalinin artımı və ekoloji vəziyyətin dəyişməsi də mühüm rol oynayır. Nəticədə elə vəziyyət yaranıb ki, yer üzü yaşamaq üçün təhlükəli məkana çevrilib. Belə bir dövrdə alimlərin, ziyalıların, dövlət xadimlərinin bir ölkəyə toplaşaraq, mövcud durumu müzakirə etməsi, vəziyyətdən çıxış yolu axtarması çox müqəddəs və faydalı bir işdir. Bu cür tədbirləri bəşəriyyətin xilası istiqamətində bir cəhd kimi dəyərləndirmək lazımdır. Çox yaxşı haldır ki, bu məsələdə məhz Azərbaycan fərqlənir. Bakı forumları hər zaman yüksək diqqət mərkəzində olur”.
Professorun sözlərinə görə, Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi üçün çox əlverişlidir:
"Azərbaycan unikal ölkədir. Yeganə ölkəyik ki, burada islam, xristian, yəhudilik, atəşpərəstlik və s. dinlərin nümayəndələri tarix boyu sülh şəraitində yaşayıblar. Onlar arasında təbii çulğalaşma gedib. Müasir mədəniyyətimizdə, gen yaddaşımızda bunların hamısı öz əksini tapıb. Azərbaycan alimlərinin çox böyük potensialı var ki, bu sahədə elmi araşdırmalar aparsınlar və ortaya ciddi fəlsəfi düşüncələr qoysunlar. Dövlətimiz coğrafi olaraq da Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşir. O baxımdan mühüm tədbirlərin bizim ölkəmizdə keçirilməsi daha məqbuldur”.
Ə.Qəşəmoğlu vurğulayıb ki, ölkəmiz regionda oynadığı öncül roldan faydalanmağın yollarını tapmalıdır:
"Belə tədbirlərdən Azərbaycanın tərəqqisi, torpaqlarımızın qaytarılması və ərazimizin müdafiəsi üçün yararlanmaq lazımdır. Forumlarda qəbul edilmiş qərarlar əsasında ilk növbədə Azərbaycanda müəyyən tədbirlər görməliyik. Çünki beynəlxalq forumların yekun bəyanatlarına bəzi güclər məhəl qoymurlar, biganə yanaşırlar. Əksər dövlət öz marağına uyğun hərəkət edir və gərginliyi daha da artırır. Bu baxımdan belə gözəl tədbirlərin müsbət nəticə verməsinə çalışmaq lazımdır”.
Siyasi şərhçi Azər Həsrət də vurğulayıb ki, belə tədbirlərin keçirilməsi Azərbaycanın qlobal müstəvidə mövqelərinin möhkəmlənməsinə ciddi töhfə verir. Ekspertin sözlərinə görə, illər öncə arzu edirdik ki, ölkəmizi tanıdaq, yeni dostlar qazanaq.
Bu iş çox çətin idi. Amma düzgün strateji planlama və şəxsən Prezident İlham Əliyevin özünün durmadan çalışması Azərbaycanı ən populyar və arzuedilən ölkələr sırasına qatıb: "İndi bizim ölkəmizi kiməsə məxsusi tanıtmağa ehtiyac yoxdur. Əksinə, dünyanın hər tərəfində insanlar bura gəlmək, ölkəmizi görmək üçün can atırlar. Təbii ki, belə bir durumun ortaya çıxması məhz elə buna bənzər forumların, tədbirlərin hesabına mümkün olub. Demək istədiyim odur ki, Azərbaycan artıq bir zamanlar heç kimin yetərincə tanımadığı ölkədən qlobal müstəvidə dünya problemlərinin müzakirə edildiyi mərkəzə çevrilib. İndi bizim ölkəmiz qlobal səviyyəli idman yarışlarının, mədəni-kütləvi tədbirlərin, iqtisadi və siyasi müzakirələrin keçirildiyi məkandır. Biz vətəndaş olaraq ölkəmizin bu səviyyəyə yüksəlməsinə görə qürur duymalı, bizi bu qədər qısa müddətdə belə bir arzuedilən ölkəyə çevirən siyasətə dəstəyimizi davam etdirməliyik”.
İsmayıl