Əliməmməd Nuriyev: “Fərman QHT-lərin qaldırdıqları problemlərin həllinə dövlətin adekvat reaksiyası kimi qiymətləndirilməlidir”
Prezident İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipinin tətbiqi haqqında fərman imzalayıb. Fərmanda bildirilib ki, son illər ərzində Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarına dövlət dəstəyinin, onların fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilib.
Nəticədə ölkədə qeyri-hökumət təşkilatları güclənib, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən proqramların hazırlanmasında və həyata keçirilməsində onların rolu xeyli artıb. Sənədə əsasən, Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətini dəstəkləmək, xarici donorlar tərəfindən qrantların verilməsi prosedurunu asanlaşdırmaq, bu sahədə şəffaflığı təmin etmək məqsədilə 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipi tətbiq ediləcək. İşin həyata keçirilməsi İqtisadiyyat Nazirliyinə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və Ədliyyə Nazirliyinə həvalə olunub.
Fərmanla bağlı danışan Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru, hüquqşünas Əliməmməd Nuriyev QHT-lərin problemlərinin həlli üçün bu sənədin çox mühüm olduğunu deyib: "Biz Azərbaycanda vətəndaş cəmiyyətinin güclənməsinə yönələn xoşniyyətli təşəbbüsləri dəstəkləyirik. Xüsusən, beynəlxalq tərəfdaşların səyləri təqdirəlayiqdir. Bununla belə, bu təşəbbüslər həqiqətən Azərbaycan vətəndaş cəmiyyətinin möhkəmlənməsinə xidmət etməlidir. Təəssüf ki, bir çox hallarda bu təşəbbüslərin arxasında siyasi və digər məqamlar dayanır. Bu müraciətə imza atanlar Azərbaycandakı real vəziyyətdən xəbərdar deyillər, yaxud reallığı bilərəkdən təhrif edirlər. İki il əvvəl QHT-lərin fəaliyyətində hesabatlılıq və şəffaflıqla bağlı müəyyən problemlər yaranmışdı. Çünki bir sıra QHT-lər qrant vəsaitlərini təyinatı üzrə istifadə etmir, şəxsi məqsədləri üçün yararlanırdılar. Bu isə ümumilikdə digər vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə kölgə salırdı”. Ə.Nuriyev bildirib ki, ötən il QHT-lərə Dövlət Dəstəyi Şurası yanında yalnız QHT nümayəndələrindən ibarət Hüquq və Monitorinq Komissiyası yaradılıb. Komissiya beynəlxalq təşkilatların və səfirlik nümayəndələrinin iştirakı ilə 3 ictimai müzakirə keçirib: "Müzakirələrdə beynəlxalq təşkilatların təklifləri ümumiləşdirilərək beynəlxalq donorların Azərbaycanda qeydiyyatı, qrant verilməsi ilə bağlı qaydaların sadələşdirilməsi barədə təkliflər hazırlanıb. Eyni zamanda Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması təsis olunub. Platformanın 2016-cı il 3 oktyabr tarixli toplantısının yekunu ilə bağlı təqdim edilmiş təkliflər paketi hökumət tərəfindən nəzərdən keçirilib. Bununla əlaqədar olaraq, qrantların verilməsi prosedurunun asanlaşdırılması məqsədilə "bir pəncərə” prinsipinin tətbiqi barədə Prezident tərəfindən Fərman imzalanıb. Bu Fərman vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və inkişafı üçün çox mühüm addımdır. Ümid edirəm, Azərbaycan vətəndaş cəmiyyəti və hökumətinin birgə səyləri beynəlxalq tərəfdaşlar tərəfindən də layiqincə qiymətləndiriləcək. Fərman QHT-lərin qaldırdıqları problemlərin həllinə dövlətin adekvat reaksiyası kimi qiymətləndirilməlidir. Prezidentin bu təşəbbüsü indiyə qədər QHT-ləri narahat edən məsələləri həll edir. Sənəd Azərbaycan vətəndaş cəmiyyəti ilə hökumət arasında olan dialoqun və əməkdaşlığın ən əhəmiyyətli təzahürüdür. Eyni zamanda qrantın maliyyə-iqtisadi məqsədə müvafiqliyinə dair rəyin əldə edilməsi prosedurunun sadələşdirilməsi üçün tədbirlər görüləcək”.
İsmayıl