Prezidentin Varşava səfəri möhtəşəm keçdi

Azərbaycan və Polşa arasında imzalanan sənədlər hər iki ölkənin maraqlarına cavab verir


Prezident İlham Əliyev iyun ayının 26-28-də Polşa Respublikasında rəsmi səfərdə olub. Dövlət başçısı Azərbaycan-Polşa biznes forumu çərçivəsində bir sıra mühüm görüşlər keçirib. Görüşlərdə iqtisadi və siyasi məsələlərlə yanaşı, Dağlıq Qarabağ problemi də müzakirə mövzusu olub.

Prezident İlham Əliyev Polşaya rəsmi səfərinin ikitərəfli əlaqələrin genişləndirilməsi və qarşıda duran məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib. Ölkələr arasındakı siyasi əlaqələrin səviyyəsindən razılığını bildirən dövlət başçısı bundan sonra da beynəlxalq təşkilatlarda tərəflərin biri-birini dəstəkləməkdə davam edəcəyini deyib. Polşa Prezidenti Anjey Duda da ölkəsinin iqtisadi və siyasi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, bunun üçün lazımi siyasi dəstəyin göstəriləcəyini bəyan edib. Prezident İlham Əliyev səfər çərçivəsində Polşanın Baş naziri Beata Şidlo və Senatın marşalı Stanislav Karçevski ilə də bir araya gəlib. Görüşlərdə Azərbaycanın regionda böyük rola malik olduğu bəyan edilib. Vurğulanıb ki, Polşa Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrini dəstəkləyir. 

Polşalı rəsmilər Azərbaycanla ticarət dövriyyəsinin həcminin artırılmasında maraqlı olduqlarını da bildiriblər. Məlumat üçün deyək ki, biznes-forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 60-dan artıq azərbaycanlı iş adamı iştirak edib. Forum çərçivəsində Azərbaycanın və Polşanın müxtəlif biznes qurumları və şirkətləri arasında ümumilikdə 5 müqavilə və əməkdaşlıq memorandumu imzalanıb. Prezident İlham Əliyev polşalı iş adamlarını Azərbaycana dəvət edib.

Azərbaycan-Polşa əlaqələri ilə bağlı "Şərq”ə danışan Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov dövlət başçısının Varşava səfərinin möhtəşəm keçdiyini deyib. Ekspertin sözlərinə görə, Azərbaycan-Polşa əməkdaşlığı çox qədim dövrlərə, XV əsrə gedib çıxır: 

"Cənab Prezident xüsusilə xatırlatdı ki, hələ Uzun Həsənin zamanında iki xalq arasında sıx əlaqələr qurulub. O cümlədən, 1918-ci ildə AXC-nin parlamentində bir neçə polşalı ictimai-siyasi xadim təmsil olunub. Son dövrlərdə müstəqil Azərbaycan Respublikasının Polşa ilə əməkdaşlığı inkişaf dövrünü yaşayır. İki dövlət arasında mühüm sənədlərin imzalanması təsadüfi deyil. Polşa Avropanın aparıcı dövlətlərindən biridir, NATO-nun və Avropa İttifaqının üzvüdür. Rəsmi Varşava beynəlxalq qurumlarda Azərbaycanın xeyrinə sənədlər qəbul edilməsində xüsusi təşəbbüs göstərir”. 

Politoloq bildirib ki, dövlət başçısı İlham Əliyevin Polşaya səfəri və orada imzaladığı önəmli sənədlər hər iki ölkənin maraqlarına cavab verir: 

"İmzalanan müqavilələrdə bütün mühüm məsələlər öz əksini tapıb. Polşa ilə Azərbaycan arasında "Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi”nin imzalanması da olduqca əhəmiyyətli hadisədir. Vurğulamaq lazımdır ki, Polşa Azərbaycanın dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilib. Bütün bu məqamlar iki dövlət arasında münasibətlərin inkişaf etməsinə şərait yaradır. Hesab edirəm ki, Azərbaycan Polşa və digər Avropa ölkələri ilə əməkdaşlığı sıxlaşdırmalıdır”.

İsmayıl