Putin, Əliyev və Sarkisyan üçtərəfli bəyanatı razılaşdırıblar
Prezidentlərin üçtərəfli görüşü baş tutdu
İlham Əliyev: “Erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır”
Putin, Əliyev və Sarkisyan üçtərəfli bəyanatı razılaşdırıblar
Putin, Əliyev və Sarkisyan üçtərəfli bəyanatı razılaşdırıblar
Dünən Sankt-Peterburq şəhərində Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb. Dövlət başçılarının üçtərəfli görüşündən öncə Putin prezidentlərlə ayrı-ayrılıqda görüşərək Qarabağla bağlı fikir mübadiləsi aparıb.
"Qarabağ ətrafında zorakılığın bərpasından əvvəl əldə edilmiş nəticələrin itməsinə yol vermək olmaz”
Prezidentlər bir araya gəlməmişdən öncə Kreml görüşlə bağlı açıqlama verib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentlərin görüşünün əsas məqsədini açıqlayarkən deyib ki, hazırda əsas vəzifə hərbi əməliyyatların bərpasından sığortalanmaqdır: "Qarabağ ətrafında zorakılığın bərpasından əvvəl əldə edilmiş nəticələrin itməsinə yol vermək olmaz”. Peskov bildirib ki, danışıqlar mürəkkəb olacaq: "Prezident ayrı-ayrı görüşlər keçirəcək. O, əvvəlcə Ermənistan Prezidenti Serj Sarkisyan, sonra Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət aparacaq. Daha sonra üç tərəfin iştirakı ilə müzakirələr keçiriləcək və prezidentlər birlikdə yemək yeyəcəklər”.
"İstəyirik ki, Dağlıq Qarabağ problemi yalnız sülh yolu ilə həll olunsun”
Putin dünən ilk öncə Ermənistan Prezidenti ilə söhbət aparıb. Rusiya KİV-in verdiyi məlumata görə, görüşdə Ermənistan Prezidenti Serj Sarkisyan bildirib ki, atəşkəsin pozulması hallarının araşdırılması mexanizminin yaradılması Dağlıq Qarabağ danışıqlarının aparılması üçün yaxşı zəmin yaradacaq: "İstəyirik ki, Dağlıq Qarabağ problemi yalnız sülh yolu ilə həll olunsun”. Sarkisyan təəssüflə qeyd edib ki, bu cür münaqişələr bir tərəfin arzusu ilə həll olunmur: "Əgər artıq əldə etdiyimiz anlaşmaların implementasiyası üzrə irəliləsəydik, yəni insidentlərin araşdırılması mexanizmlərini yarada bilsəydik, sevinərdik. Bu, danışıqların aparılması üçün işgüzar əhval-ruhiyyə yaradardı”. Öz növbəsində Putin bütün bu məsələləri müzakirə etməyə razılıq verib.
"Dağlıq Qarabağ münaqişəsində "status-kvo” qəbuledilməzdir”
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı ilə görüşü baş tutub. Azərbaycan Prezidenti görüşdə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsində "status-kvo” qəbuledilməzdir: "Erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır. Ümid var ki, Qarabağ nizamlanmasına konstruktiv dinamika vermək mümkün olacaq”.
"Görüş konstruktiv şəkildə keçirilib”
Bundan sonra Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüşü baş tutub.
APA-nın Rusiya bürosunun məlumatına görə, görüş Peterburqun Konstantinov Sarayında keçirilib.
Görüşdən sonra XİN başçıları qısa açıqlama veriblər.
"Görüş konstruktiv şəkildə keçirilib. Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir”. Bunu APA-ya açıqlamasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib: "İnanırıq ki, görüş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaradacaq”.
"Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşü başa çatıb. Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə dinamika vermək barədə razılığa gəliblər”. Bunu isə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib: "Putin, Əliyev və Sarkisyan üçtərəfli bəyanatı razılaşdırıblar. Bu bəyanatda siyasi nizamlanmada dayanıqlı proqresin olmasına öhdəlik ifadə olunub” -deyə Rusiya XİN başçısı qeyd edib. Onun sözlərinə görə, son günlər Dağlıq Qarabağda atəşkəs qorunub saxlanılır. S.Lavrov dövlət başçılarının müşaiyətsiz və köməkçisiz görüşdüyünü də söyləyib.
"Prezidentlər təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılması barədə razılığa gəldiklərini bildiriblər”
"Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağda təmas xəttində vəziyyətin normallaşmasına tərəfdar olduqlarını və ATƏT müşahidəçilərinin sayının artırılması barədə razılığa gəldiklərini bildiriblər”. Bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. "Danışıqlar prosesinin aktivləşməsi ilə bağlı konkret addımlarla yanaşı prezidentlər üçtərəfli bəyanatı razılaşdırıblar, hansı ki, burada təmas xəttində vəziyyətin normallaşmasına öhdəlik, münaqişə zonasında işləyən ATƏT müşahidəçilərinin sayının artırılmasına razılıq ifadə olunub”, deyə Rusiya XİN başçısı qeyd edib.
"Rusiya heç zaman münaqişənin həllində maraqlı olmayıb və olmayacaq”
Prezidentlərin görüşünü şərh edən analitiklər isə bildirirlər ki, bu cür təmaslar lazımlıdır. Amma bununla belə analitiklər Rusiyanın vasitəçilikdə səmimi olmaması səbəbindən, müsbət irəliləyişə inanmadıqlarını qeyd edirlər.
Politoloq Fərrux Məmmədov deyir ki, prezidentlərin mütəmadi görüşməsi mütləqdir. Çünki bu kimi görüşlər münaqişənin həlli istiqamətində kiçik də olsa müsbət addımlar sayılır: "Hətta bir çox hallarda görüşlər bizim üçün əhəmiyyət kəsb edir. Biz işğala məruz qalan tərəfik və dünya birliyi Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edir. Bu, bizə əlavə dividendlər qazandırır. Amma məsələ ondadır ki, belə görüşlər hər hansı problemin birdəfəlik çözülməsi anlamına gəlmir. Dağlıq Qarabağ münaqişəsi artıq qlobal problemlərin tərkib hissəsidir. Problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması isə Rusiyanın çöküşünün başlanğıcı deməkdir. Bax, sırf bu məsələ problemin həllinə əngəl törədir. Yəni Azərbaycanın Dağlıq Qarabağ problemi qlobal siyasi məsələlərdə açar rolunu oynayır. Bu baxımdan münaqişənin həlli o qədər də sadə deyil. Mürəkkəb bir hərbi siyasi prosesdir”. Ekspert qeyd edib ki, Rusiya heç zaman münaqişənin həllində maraqlı olmayıb və olmayacaq: "Hesab edirəm ki, dövlət başçılarının bu görüşü də nəticəsi olmayan bir görüş oldu. Rusiya Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasında maraqlı deyil. Səbəb isə bununla Rusiyanın Cənubi Qafqazda yox olma ehtimalıdır. Digər tərəfdən Azərbaycan ərazi bütövlüyünü bərpa edərsə, NATO və Avropa Birliyinə gedən yolda heç bir əngəlin qalmamasıdır. Ona görə də Rusiyanın təşəbbüsü ilə görüşlərdən müsbət nəticənin olacağına inam azdır”.
Kremlin görüşdən öncəki mesajı...
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu isə deyib ki, prezidentlərin görüşü başlamamış Kreml artıq Azərbaycana mesaj göndərdi: "Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün əsas məqsədi kimi hərbi əməliyyatların bərpasından sığortalanmaq olduğunu göstərdi. Bəs münaqişənin həlli? Təəssüf ki, mənim Sankt-Peterburq görüşü ilə bağlı proqnozlarım doğrulur. Hazırkı mərhələdə Putini münaqişənin həlli yox, atəşkəsin ömrünü uzatmaq düşündürür. Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmadan atəşkəsin ömrünü uzatmaq status-kvonun ömrünü uzatmaq deməkdir. Status-kvonun ömrünün uzanması isə işğalçının maraqlarına uyğundur. Putin topu bizim meydana atır. Ya biz bu topu götürüb qol vurmağa çalışmalıyıq, ya da müdafiədə paslaşmalıyıq”.
"Mövqelər bir-birindən 180 dərəcə fərqlidir”
Putinin prezidentlərlə ayrı-ayrılıqdakı görüşünü, verilən açıqlamaları dəyərləndirən politoloq xatırladıb ki, Rusiya prezidenti ilk olaraq erməni həmkarı Sarkisyanla görüşüb: "Sarkisyan görüşdə bildirib ki, atəşkəsin pozulması hallarının araşdırılması mexanizminin yaradılması Dağlıq Qarabağ danışıqlarının aparılması üçün yaxşı zəmin yaradacaq. İşğalçı dövlətin Prezidenti deyib ki, əgər artıq əldə etdiyimiz anlaşmaların implementasiyası üzrə irəliləsəydik, yəni insidentlərin araşdırılması mexanizmlərini yarada bilsəydik, sevinərdik. Bu sözlər ondan xəbər verir ki, Sarkisyan Sankt-Peterburq danışıqlarına ona görə qatılmayıb ki, Putinə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa vəd versin. Heç Putinin özü də Sarkisyanın belə bir açıqlama verməsini nə istəyir, nə də gözləyir. Hər ikisinin beynində yeganə sual budur - necə edək ki, atəşkəs daimi olsun və Azərbaycan cəbhə bölgəsində hərbi gücünü nümayiş etdirməsin?”.
Putinlə Azərbaycan Prezidentinin təkbətək görüşünə, ölkə başçısının "Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir, erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır” - sözlərinə münasibətdə isə E.Şahinoğlu bildirib ki, İ.Əliyev Sarkisyandan fərqli olaraq "atəşkəsin uzanması” və ya "insidentlərin araşdırılması” kəlmələrini işlətməyib: "Yəni keçmiş görüşlərdə olduğu kimi mövqelər biri-birindən 180 dərəcə fərqlidir. Aydındır ki, Putin iki ziddiyətli baxış arasında ortaq məxrəc tapa bilməyəcək. Məncə, Kreml sahibi heç buna çalışmır da”.
"Nikbinliyə əsas yoxdur”
Prezidentlərin Sankt-Peterburq görüşünün yekunu ilə bağlı Rusiya və Azərbaycan xarici işlər nazirlərinin açıqlamalarına gəldikdə isə politoloq deyib ki, bu açıqlamalar nikbinlik üçün əsas vermir: "Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə dinamika vermək barədə razılığa gəliblər. "Əlavə dinamika” kəlməsinin heç bir mənası yoxdur. Keçmiş illərdə prezidentlərin görüşlərindəki ortaq bəyanatlarda bundan da güclü ifadələr işlənib. Sonrası bəllidir. Lavrovun ardınca, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da oxşar açıqlama verərək bildirib ki, görüş konstruktiv şəkildə keçirilib və Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir. Aydındır ki, Azərbaycan tərəfi ev yiyəsinə deməyəcəkdi ki, görüş konstruktiv keçməyib. Hansı görüş konstuktiv deyil ki? Hesab edirəm ki, önəmli olan prezidentlərin evlərinə qayıtdıqdan sonra atacağı addımlardır”.
Anar Bayramoğlu