Problem təkcə Azərbaycanda deyil

Bütün dünyada əhalinin təbii artımı geriləyib
Əhməd Qəşəmoğlu: "Əhalinin sayından daha çox keyfiyyətli artımı stimullaşdırmaq lazımdır. Say artımının tərəfdarı deyiləm, bu, köhnə təfəkkürün məhsuludur"


Azərbaycanda əhalinin təbii artımı davam etsə də, son 27 il ərzində təbii artım əmsalı 2 dəfədən çox azalıb. Statistik göstəricilərə görə, əhalinin ən yüksək təbii artım əmsalı 1990-cı ildə qeydə alınıb.
BMT-nin orta senari proqnozuna əsasən, Azərbaycan əhalisinin ümumi artımı növbəti illərdə davam edəcək və 2030-cu ildə 10,7 milyon nəfərə çatacaq. Əhalinin yaş strukturu üzrə proqnozlar əsasında müəyyən olunub ki, növbəti illərdə ölkə əhalisinin təbii artımı nisbətən azalacaq və bu, 15 yaşadək olanların xüsusi çəkisinin 2025-ci ildən sonra aşağı düşməsi ilə nəticələnəcək.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev hazırda ölkəmizdə müsbət demoqrafik vəziyyətin olduğunu, əhalinin təbii artım tempinin davam etdiyini bildirib.

İnsanların təbii artımında azalmanın sadəcə Azərbaycanda deyil, bütün dünyada müşahidə edildiyini vurğulayan sosioloq, professor Əhməd Qəşəmoğlu BMT və digər təşkilatların da bu siyasətin bütün ölkələrdə həyata keçməsində maraqlı olduğunu deyib. "Bütün sosioloji təhlillər göstərir ki, maarifləndirmə, təhsilli insanların sayı çoxaldıqca, urbanizasiya gücləndikcə ailələrdə uşaqların sayı azalır. Bəzi ölkələrdə bu artım mənfi indekslə qeyd edilir. Azərbaycanda əhali artımı daha çox rayondakı ailələr hesabına təmin olunub. 

Artıq müasir həyat tərzi kəndlərdə də müşahidə edilir. Bu inkişaf isə uşaqların sayının azalmasına təsir edir. Təbii artımın azalmasının hansı problemlərə səbəb olacağına gəldikdə isə professor deyib ki, hazırda bu problemin müşahidə olunduğu Avropa ölkələrinin ən böyük problemi miqrantların sayının çoxalmasıdır: "Gəlmələrin sayı artdıqca, əhalinin etnik tərkibi sürətlə dəyişir. Bu, ölkənin mənəviyyat, mədəniyyətinin dəyişməsinə təsir edir. Bundan başqa, pensiya alanların sayı artır, vergi ödəyicilərinin sayı azalır. 

Xarici ölkədən gələnlərin qarşısını almağa çalışsaq, bu zaman da işçi qüvvəsi çatışmayacaq. Bu zaman isə Fransa, Almaniya kimi ölkələrdəki vəziyyət yaranacaq. Əhalinin sayından daha çox keyfiyyətli artımı stimullaşdırmaq lazımdır. Say artımının tərəfdarı deyiləm, bu, köhnə təfəkkürün məhsuludur. Artım mənfi indeks olmadan çoxalmaya ehtiyac var. Ailədə iki uşağın olması normal olsa da, üç uşağın olması daha düzgündür. İki uşaq olanda həm əhali artımı dayanır, həm də uşaqlar arasında psixoloji problem olur”.

Şəymən