Professor: "Dildə bu qədər sıx dəyişikliklərin tərəfdarı deyiləm !"





"Dilin müvafiq normaları, orfoqrafiya, orfoepiya qaydaları dəyişdirilərkən elmi əsaslara söykənmək lazımdır”.

Bunu "Sherg.az”a filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli deyib. 

Onun fikrincə, qaydaların dəyişdirilməsi fonetik morfoloji və tarixi prinsiplərə əsaslanmalıdır:

"Dil elə məfhumdur ki, meyl etdiyi istiqamətdə inkişaf etdirilməlidir. Sərt qaydalarla dilin normalarının tənzimlənməsi effektiv olmur.

Fonetik prinsip sözlərin deyildiyi kimi yazılması normalarını özündə cəmləşdirir. Morfoloji prinsip sözlərin şəkilçilərlə formasını dəyişməsi, tarixi-ənənəvi prinsip isə dilin tarixi köklərini özündə cəmləşdirir”.

Son zamanlar orfoqrafik qaydaların tez-tez dəyişdirilməsinin səbəblərinə toxunan F.Veysəlli bu vəziyyəti təqdir etmir:

"Bu qədər sıx dəyişikliklər edilməsinin tərəfdarı deyiləm. Başqa xalqlarda sözlərin yazılışının, deyilişinin dəyişdirilməsi çox nadir hallarda baş verir. Vacib səbəb olmadıqda dildə dəyişiklik edilməsi düzgün deyil”.

Qeyd edək ki, Milli Məclisin Orfoqrafiya Komissiyasının sentyabrın 13-də keçirilən iclasında qəbul edilən Orfoqrafiya qaydaları layihəsi Nazirlər Kabinetinin müvafiq qərarından sonra təsdiqlənəcək.

Aysel Aslan