Professor plagiata görə işdən qovuldu

Akademiyadakı biabırçılıq hələ üzə çıxan faktlardan biridir
Əhməd Qəşəmoğlu: "Ölkə ərazisində müdafiə edən şəxslərin böyük əksəriyyətinin əsərləri plagiat, köçürmədir. Artıq xüsusi ixtisaslaşmış şəxslər var ki, başqaları üçün əsərlər yazırlar"


Azərbaycanda antiplagiat sistemlərinin tətbiqindən istifadə edilsə də, elmi işlərdə plagiatlıq tam aradan qaldırılmayıb. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun professoru plagiata görə işdən qovulub . Milli Məclisin üzvü, akademik Ziyad Səmədzadənin rəhbərlik etdiyi "İqtisadiyyat” qəzetində institutun iki əməkdaşının həmmüəllifliyi ilə məqalə dərc edilib. Lakin məqalə Moskva nəşrlərindən birindən olduğu kimi köçürülübmüş. Oğurluq yazı böyük rezonans doğurub. Çünki təkcə müəlliflik hüquqları pozulmayıb, həm də nəşrin imici zədələnib.
Dünən İqtisadiyyat İnstitutunda məsələ ilə bağlı iclas keçirilib, əməkdaşların hərəkətləri pislənilib və müxtəlif cəzalar təklif edilib. Hər iki əməkdaş cəzalandırılıb. Plagiat məqalənin müəlliflərindən birinə töhmət verilib, oğurluğun təşəbbüskarı kimi çıxış edən professor Ağadadaş Qafarov isə işdən qovulub.

Qeyd edək ki, Azərbaycanda professorun plagiata görə işdən qovulması ilə bağlı ilk hadisə olsa da, plagiat işləri müdafiə edən alimlərimizin sayı çoxdur.
Başqa bir müəllifin adını göstərmədən onun elmi işindən, monoqrafiyasından istifadə edib, özününkü kimi təqdim etməyin elmi etikaya tamamilə zidd olmasına rəğmən ölkəmizdə bu məsələ çox geniş yayılıb.
Bəzən nəinki xaricdə yaşayan alimlərin əsərləri oğurlanır, hətta bir institutda, bir şöbədə, bir kafedrada işləyənlərin öz həmkarlarının zəhmətinin məhsuluna yiyələnməsi də baş verir.

Sosioloq, professor Əhməd Qəşəmoğlu isə məsələ ilə bağlı "Şərq”ə açıqlamasında Azərbaycan elmindəki plagiat məsələsinin çox aktual və ürəkağrıdıcı bir problem olduğunu deyib: 

"Hər bir xalqın ən mühüm göstəricilərindən biri onun elmi və elmi işçilərinin fəaliyyətidir. Bizdə isə bu sahədə ciddi çatışmazlıqlar var. Azərbaycan elmində plagiat problemi bu günün məsələsi deyil. Uzun illərdir bu məsələ elm sahəsində arzuolunmaz dərəcədə geniş yayılıb. Hələ sovet dövründə belə bu ənənə vardı. Yaxşı yadımdadır, gənclik illərimdə bu plagiatlıqla bağlı bir lətifə də yayılmışdı . Deməli, hansısa bir şəxsin müdafiəsi vaxtı alimlərdən biri onun elmi işinin plagiat olduğunu deyib: "Müdafiə edən şəxs də cavab verib ki, professor, sizin işiniz də plagiatdır axı. Həmin professor da qışqırıb ki, heç olmasa mən tərcümə eləmişəm. Sən birbaşa köçürmüsən”.

Çox təəssüf ki, elmdə plagiat da baş alıb gedir. Asan yolla elmi iş müdafiə eləmək dəb halını alıb. Ölkə ərazisində müdafiə edən şəxslərin böyük əksəriyyətinin əsərləri plagiat, köçürmədir. Artıq xüsusi ixtisaslaşmış şəxslər var ki, başqaları üçün əsərlər yazırlar.

 Ona görə, dolu olan elmlər doktoru, diplomların yerinə normal, vicdanlı elm adamlarına ehtiyac var. İnsanlara elə gəlir ki, alim olmaq dissertasiya işini yaxşı təşkil etməkdir. Pulla elmi iş yazan adamları o dissertasiyanın keyfiyyəti maraqlandırmır. İş hazır olsun deyə, ordan- burdan köçürür. Ciddi ideyası olan insan heç vaxt onu pula satmaz. Öz balası kimi qoruyar. Əziyyət çəkib elmi iş yazmaq istəməyən insanlar pulla bu yazını yazdırır. Pulla dissertasiya yazan insanların da əksəriyyəti Akademiyanın laborantları olur. Təsəvvür edirsiniz, elmi dərəcəsi olmayan işçilər başqa bir şəxs üçün doktorluq dissertasiyası yazır. Akademiyanın daxilində də hamı biri-birini tanıyır, kim müdafiə işini kimə yazdırıb, çox yaxşı bilir”.

Moskvada aspirant olduğunu və müdafiəsini də orda elədiyini vurğulayan Ə.Qəşəmoğlu deyib ki, Bakıya təzə qayıtdığı illərdə bir nəfər institut direktoru ona müraciət edərək dissertasiya yazdırmaq istəyən adam tanıyıb-tanımadığını soruşub: 

"Səbəbini soruşanda mənə dedi ki, Moskvadan çoxlu dissertasiya işi gətirmişəm. Kimə elmi iş lazım olsa, tərcümə edib verə bilərəm. Onun bu cavabı məni dəhşətə gətirdi və o gündən həmin adam gözümdən düşüb. Belə insanların sayı həddindən artıq çoxdur. Onlar elmə elmin tələbləri ilə yox, bazar prinsipləri ilə yanaşırlar. Bəzən dəfələrlə işlənmiş mövzular yeni ad altında təqdim olunur, dissertant elmə heç bir yenilik gətirmədən deyilən fikirləri təkrarlayır. Təəssüflər olsun ki, bu cür dissertasiyalar bəzən heç bir çətinliklə üzləşmədən uğurla "müdafiə edilir”. Halbuki həqiqi istedadlar elmi işlərini müdafiə etmək üçün xeyli çətinliklərlə qarşılaşırlar”.

Sosioloqun sözlərinə görə, plagiat elmi işlər ortaya qoyanların ciddi cəzalandırılmasına ehtiyac var: 

"Plagiat elmi-tədqiqat işlərində böyük qüsur hesab olunur. Bunu edən şəxs qarşı tərəfin müəllif hüquqlarını pozub, onun fikirlərini oğurladığı üçün bu hadisə cinayət məsuliyyəti xarakterlidir.
Müəllif haqlarının qorunması nöqteyi-nəzərindən plagiatla məşğul olan şəxslərin cəzalandırılmasına ehtiyac var. Əks halda elmimiz günü-gündən geri düşəcək, nüfuz qazana bilməyəcək. Sizi inandırım ki, Moskva Dövlət Universitetinin 3-cü kurs tələbəsinin elmi məqaləsi bizim elmlər doktorunun dissertasiyasından daha çox elmidir. Bizim professorların kitabı pafos, mübaliğədən, mədhiyyədən ibarətdir”.

Hər sahənin inkişafının arxasında elmin dayandığını vurğulayan sosioloq deyib ki, bu sahəyə nəzarət və diqqət artırılmalı, antiplagiat sistemini gücləndirmək lazımdır.

Şəymən