Proqnozlaşdırılmayan adam...

Əminliklə demək olmur ki, Tramp Əsədə ağır zərbə vuracaq


"Suriya rejiminə qarşı hərəkətə keçməyin vaxtıdır. Artıq Bəşər Əsədə qarşı mövqeyim dəyişib”. Bunu ABŞ Prezidenti Donald Tramp, Əsəd rejiminin Suriyada kimyəvi silahdan istifadə etməsinə münasibət bildirərkən deyib. Tramp bildirib ki, İdlib şəhərində kimyəvi silahdan istifadə edilməsi qırmızı xəttin keçilməsi deməkdir: "Mənim üçün çox şey dəyişdi. Kimyəvi silahlardan istifadəyə qarşı hərəkətə keçmə məsuliyyətim var. Baş verənlər qəbuledilməzdir.

Orada günahsız insanlar, uşaqlar və körpələr öldü. Əsəd rejiminin iyrənc fəaliyyətlərinə izn verə bilmərik”. Trampın açıqlamasını şərh edən bəzi ekspertlər İdlibdə yaşanan məlum qətliamdan sonra Ağ Evin Əsəd rejimini devirəcəyini iddia ediblər. 

Mövzu ilə bağlı "Şərq”ə açıqlama verən siyasi ekspert Araz Aslanlı məsələyə həm Trampın şəxsi prizmasından, həm də ABŞ-ın ümumi xarici siyasət kontekstindən yanaşıb: 

"Amerikanın xarici siyasət prizmasında Bəşər Əsədə qarşı hansısa sərt addımın atılacağını düşünmürəm. Çünki biz daha sərt açıqlamaları Suriyadakı proseslərin ilk dövrlərində görmüşük. O vaxt Yaxın Şərqdə böyük miqyasda kimyəvi silahlar tətbiq edilirdi və daha çox insan həlak olurdu. Ancaq heç kimdən səs çıxmırdı. Sadəcə, Türkiyə hökuməti digər dövlətlərə çağırış edərək Əsədə birbaşa zərbə endirməyi təklif etdi. Amma Türkiyənin tələbinə reaksiya verilmədi və fərqli, yəni bir qədər yumşaq addımlar atıldı. İndiki vəziyyət əvvəlkindən heç də fərqli deyil. Halbuki o dövrdə Əsədin gedəcəyi ilə bağlı gözləntilər daha güclü idi. Müxalifət daha ümidli idi. Zaman keçdikcə ümidlər söndü”. Ekspertin sözlərinə görə, məsələyə Trampın öz prizmasından baxanda isə konkret fikir söyləmək çətin olur: "Bir yandan dünyanın problemlərini bir kənara qoyub, sadəcə ABŞ-ın işləri ilə məşğul olan Tramp profili çəkilir. Digər yandan isə Şimali Koreya əleyhinə sərt fikirlər söyləyən, İranı tənqid edən, Suriyanı hədələyən Tramp görürük. Lakin bu açıqlamaların ardınca hansısa əməli hərəkətə şahid olmuruq. Tramp "proqnozlaşdırılmayan dövlət adamı”dır. Ondan hər şey gözləmək mümkündür. Bu baxımdan yüz faiz əminliklə demək olmur ki, Tramp Əsədə ağır zərbə vuracaq, yoxsa quru bəyanatlarla yola verəcək”.

İsmayıl