“Dağlıq Qarabağ və ətraf rayonlarda vur-tut 50 minə yaxın erməni var”
“Azərbaycanın rəsmi icazəsi ilə jurnalistlər işğal altındakı ərazilərimizə gedərək obyektiv reportaj hazırlaya bilərlər”
BBC-nin əməkdaşı Reda El Mavi işğal altında olan Azərbaycan ərazilərindən reportaj hazırlayıb. Reportajda Azərbaycana qarşı Ermənistan tərəfindən törədilmiş təcavüzə, işğala və qanlı etnik təmizləməyə haqq qazandırılıb. Həmçinin, Suriyada müharibədən qaçaraq Ermənistana gələn 15 mindən artıq erməninin işğal altında olan Azərbaycan ərazilərində yerləşdirildiyi bildirilib.
Azərbaycan Xarici İşlər Nazirliyi BBC əməkdaşının qanunsuz olaraq Dağlıq Qarabağdan reportaj hazırlamasına etiraz edib: "BBC-nin bu məsələyə aydınlıq gətirməsini gözləyirik. Verilişdən göründüyü kimi, telekanalın müxbiri qanunsuz şəkildə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər edib və "Dövlət sərhədi haqqında” qanununu pozub. Qeyri-obyektiv və qərəzli olan bu verilişdə istifadə edilən bir sıra ifadələr isə münaqişənin əsl mahiyyətini təhrif edib. Eyni zamanda verilişdən göründüyü kimi, Ermənistan Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq, işğal olunmuş ərazilərdə demoqrafik vəziyyəti dəyişmək üçün məqsədyönlü şəkildə Suriyadan olan erməni əsilli qaçqınları yerləşdirir”. Məlumat üçün deyək ki, bu məsələ Azərbaycan tərəfindən dəfələrlə beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında qaldırılıb.
Azərbaycan XİN tərəfindən icazəsiz olaraq işğal olunmuş ərazilərə gedənlərin qara siyahıya salındığını xatırladan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, bu istiqamətdə daha sərt addımlar atılmalıdır: "Azərbaycan hökuməti Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər edən jurnalistləri və digər qurumların nümayəndələrini nəzarətə götürməlidir. Bilirsiz ki, belə hadisə ilk dəfə yaşanmır. Xatırlayırsızsa, bir müddət əvvəl elə həmin BBC-nin başqa müxbiri Dağlıq Qarabağla bağlı reportaj hazırlamışdı. Amma o jurnalist Azərbaycan hökumətindən icazə alıb sonra ora getmişdi. Həmin reportajda diqqət çəkən məqam isə o oldu ki, ermənilər tərəfindən işğal olunmuş ərazilərdə həyat çox sönükdür. Yəni hardasa obyektivliyə yaxın bir reportaj idi. Bu baxımdan Azərbaycanın rəsmi icazəsi ilə jurnalistlər işğal altındakı ərazilərimizə gedərək obyektiv reportaj hazırlaya bilərlər. Ancaq hansısa müxbir qeyri-qanuni yolla ora gedib, üstəlik, bu cür qərəzli materiallar hazırlayırsa, bu, artıq Azərbaycana qarşı yeridilən bir siyasət kimi dəyərləndirilməlidir. Fikrimcə, indiki reportaj da BBC müxbirinin şəxsi təşəbbüsü deyil, məhz ermənipərəst dairələrin xüsusi sifarişi ilə hazırlanıb”.
QAT sədri 15 min erməninin Dağlıq Qarabağda yerləşdirilməsi xəbərini ağ yalan adlandırıb: "Bu qədər erməninin qısa müddətdə ora yerləşdirilməsi mümkün deyil. Biz prosesləri yaxından izləyirik. Suriyadan çıxanların böyük əksəriyyəti imkanlı ailələrdir. İmkanlı ermənilər heç vaxt ABŞ, Kanada, Fransa kimi zəngin ölkələri qoyub, müharibə şəraitindəki özgə torpaqlarına gəlməzlər. Sadəcə əlsiz-ayaqsız, çarəsiz erməniləri məcburi şəkildə Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşdirə bilərlər. Bildiyimə görə, Zəngilan ərazisində bir neçə erməni ailəsi yerləşdirilib.
Ermənistan hökuməti 1990-cı illərin əvvəllərində açıqlama yaydı ki, guya, 10 il ərzində Dağlıq Qarabağdakı ermənilərin sayını 300 minə çatdıracaqlar. İndi erməni mənbələri məlumat verir ki, guya, hazırda orada 137 min erməni məskunlaşdırılıb. Əlbəttə, bu rəqəm də uydurmadır. Çünki xarici ekspertlərin, müşahidəçilərin birmənalı rəyinə görə, Dağlıq Qarabağ və ətraf rayonlarda vur-tut 50 minə yaxın erməni var”.
İsmayıl