Halbuki insanlar psixoloji problemlərin onlarda yaratdıqları əlavə xərclərin fərqinə belə varmırlar
Azərbaycanda psixoloq xidmətləri həddindən artıq bahadır. Müxtəlif problemlərlə bağlı psixoloqlara üz tutanlar qiymətlərin büdcələrinə uyğun olmadığından şikayətlənirlər.
Yazar Sevinc Elsevər də özünün feysbuk hesabında bu məsələyə toxunub: "Yaxşı psixoloqun qəbulu 50 manatdan başlayır bu ölkədə. İntiharların səbəblərindən biri də budur”.
Ailədaxili münaqişələrdən ən çox əziyyət çəkən uşaqlardır. Övladlarının evdən qaçmağından, özünə xəsarət yetirməyindən ehtiyatlanan valideynlər əvvəl-axır psixoloji dəstək üçün psixoloqlara müraciət etmək məcburiyyətində qalırlar. Bəzən bir, ya iki seansdan sonra xəstələr əvvəlki vəziyyətinə qayıdır. Durum daha ciddi olanda isə psixoloqlar müəyyən seanslardan sonra dəyişikliklərin olacağına dair vəd verirlər. Bunun üçün isə problemli şəxslərin müəyyən müddətə seanslara qatılmaları tövsiyə edilir. Amma seans qiymətləri baha təklif olunduğundan valideynlər bu məsələdə çarəsiz qalır.
Məsələn, bir seansa 50 manat təklif edilirsə və ən azı 10 seans tövsiyə olunursa, bu, kifayət qədər məbləğ deməkdir. Hətta 10 deyil, onlarla seans keçmək tələb olunsa, məbləğin ödənilməsi çətinləşir. Məbləği verə bilməyən valideynlər çarəsiz qalıb övladlarını psixoloqlardan çəkindirmək məcburiyyətində qalırlar. Amma problem qaldığı yerdə yetişir və mənfi hallarla nəticələnir. Bədbəxt hadisələr baş verəndən sonra isə valideynin peşmançılığı fayda vermir. Nəticə etibarilə bütün bu olayların başında maddiyyat durur.
Qeyd edək ki, ölkədə müstəqil psixoloji mərkəzlərin sayı kifayət qədərdir. Hər psixoloji mərkəzin isə tənzimlədiyi qiymət siyasəti var. Mərkəzlərdə qəbul qiymətləri ən azı 40 manatdan başlayır. Sonrakı seansların qəbulu isə 30, 80 manat arasında dəyişir.
Psixoloq Taryel Faziloğlu "Şərq”ə açıqlamasında deyib ki, istər ailədaxili problem, istər uşaqların, istərsə də yeniyetmə problemi əgər psixoloji səbəblərdən qaynaqlanırsa, ona psixoloq dəstəyi vacibdir:
"Psixoloji xidmət dünyanın hər yerində ən bahalı xidmət növlərindən biridir. Bizə ən yaxın, qardaş ölkə olan Türkiyədə hər seansın qiyməti 270-300 TL-dir. Azərbaycanda isə psixoloji xidmətin ortalama qiyməti 50 manatdır. Sözsüz ki, daha məşhur psixoloqlar konsultasiya üçün 80-100 manat alır, hətta bir seansa 400 manat alan psixoloqlar da var.
Vətəndaşların bir çox psixoloji problemləri yanlış olaraq nevropatoloq yanına gedərək iynə-dərman müalicəsi ilə sağalmağa çalışırlar. Ancaq psixoloji problemlər dərman müayinəsi ilə aradan qalxmır. Bunun üçün həmin şəxs mütləq psixoloji dəstək almalıdır. Nevropatoloqlar sinir xəstəliklərini müalicə edir. Nevroloji dərmanların qəbulundan sonra da həmin xəstələr sağalır. Ruhsal problemləri olan şəxslərdə isə əksinə, bu cür dərmanların qəbulu yaranmış vəziyyəti daha da dərinləşdirə bilər. Kişilərdəki androloji problemlərin yüzdə səksən faizinin səbəbi psixoloji olur.
Onlar isə psixoloqa getməkdənsə androloq yanına gedib bahalı dərmanlar almağa razı olur. Hətta insanlar var ki, ailəsini dağıdır, yenə də psixoloq qəbuluna yazılmır. Hesab edirəm ki, bu yöndə cəmiyyətimizdə maarifləndirmə tədbirlərinə ciddi ehtiyac var. İnsanlar bilməlidir ki, psixoloji dəstək onları həm maddi, həm də mənəvi itkilərdən sığortalayır”.
Qiymət məsələsi ilə bağlı vətəndaşların narazılığına toxunan psixoloq deyib ki, insanlar psixoloqa ödəyəcəkləri 50 manatın baha olduğunu iddia edirlər, psixoloji problemlərin onlarda yaratdıqları əlavə xərclərin fərqinə belə varmırlar. Halbuki onlar arasındakı fərq birə yüzdür:
"Təsəvvür edin, avtobusa və metroya minməyə qorxan panik atak xəstələri gündəlik olaraq taksidən istifadə edirlər. Onların ay ərzində taksiyə ödəyəcəkləri xərc psixoloqa ödəyəcəkləri vəsaitdən 3-4 dəfə artıqdır. Amma psixoloqa getməmələrinin səbəbini soruşsan deyəcəklər xidmət haqqı bahadır.
İntiharlarla bağlı son statistikaya baxsaq görərik ki, əksəriyyətinin səbəbi maddi problemlər deyil. Yəni sosial durumu normal olan insanlar belə mənəvi boşluq yaşadığı zaman psixoloqa getmək istəmir və sonda vəziyyəti daha da dərinləşərək intihara qədər gedib çıxır. Belə çıxır ki, mütəxəssisə ödəyəcəkləri 100-150 manat canlarından daha dəyərlidir”.
Şəymən