Psixoloqdan sərt açıqlama: "Mənəvi "aclıq" insanları vəhşiləşdirir"

Fərqanə Mehmanqızı:"Dəfələrlə demişəm və yenə də deyirəm ki, övladlarınızı insan kimi yetişdirin, onları insani duyğudan ac buraxmayın"


"Bu haqda danışmaq belə məni utandırır”.

Bu sözləri Sherg.az-a Kürdəmir rayonunda məktəbli oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilib, videolentə çəkilməsindən danışarkən psixoloq Fərqanə Mehmanqızı deyib. 

Onun sözlərinə görə, bu insanlıq kənarı hadisəyə fikri toplayıb, soyuqqanlı olmaq və bir peşəkar kimi hadisəyə psixoloji yanaşmaq çətindir:

"Bu gün mənəvi "aclıq" insanları vəhşiləşdirir. Heyvanlaşır demirəm çünki, heyvanları təhqir etmək də istəmirəm. Dəfələrlə demişəm və yenə də deyirəm ki, övladlarınızı insan kimi yetişdirin, onları insani duyğudan ac buraxmayın". Sevgini bol verin, eqoist sevgi yox. Paylaşmaq hissini yaşadın. Ona sevgi ilə toxunun və sevgi ilə toxunmağı öyrədin. Övladlarınıza şiddət tətbiq etməyin. "Şiddət hisslərin nümayişidir" hissini aşılamayın. 

Şiddətlə eqonun doymadığını göstərin. Uşaqlarınızı dinləyin. Dinlənilməyən uşaq gələcəkdə cəmiyyət üçün təhlükəli bir şəxsdir. Yaşadığınız mühitə önəm verin çünki körpələrinizə yaşatdıqlarınız çox önəmlidir. Valideyn olmazdan əvvəl onun məsuliyyətinin yükünü qavrayın. Cəmiyyət uşağımın olduğunu görsün deyə övlad dünyaya gətirməyin. Bilmirəm bu sözlərimi bir ana fəryadı yoxsa peşəkar psixoloq kimi qəbul edəcəksiz, amma hansı tərəfdən baxsanız da həqiqət dəyişmir”.

Hər hansısa mənfi hadisədə cinayətkarın ailəsinin ona maraqlı olduğunu diqqətə çatdıran psixoloq deyib ki, el arasında "Necə ailə idi, o cür uşaqları pis oldu" deyilən fikir yanlışdır:

"Biri yaxşı müəllim, digəri yaxşı qonşu, həkim, polis ola bilər. Amma onun yaxşı ana və ya ata olması demək deyil. Valideynlər bilərəkdən və ya tam əksi bilməyərəkdən uşaqların həyat stilini kodlaşdırır. Bu gün insan səhvlərinin ağırlığında əzilir. İnsan yaratdığı varlıqdan qorxur. Bəs buna səbəb nədir? Çünki,öz səhvlərindən insan şeytan yaradıb və cəmiyyətə verib. Bu gün cinayətlər, xüsusi ilə məişət fonunda olanlar bunu bir daha sübut edir ki, ailə çox önəmlidir. Burada insan yetişir. Buna diqqət etmək lazımdır. Hər kəs düzgün qaydalara riayət etsə, heç bir uşaq aqressiv olmaz. Əgər bacarmısınızsa, alınmırsa, mütləq mütəxəsissə müraciət edin. Əmin olun ki, peşəkarlar sizə doğru yolu göstərib kömək edəcək”.

Qeyd edək ki, rayonun kəndlərindən birində 18 yaşlı Mustafa Mehdiyev (ad və soyadlar şərtidir) həmkəndlisi, 13 yaşlı Fərid Babayevlə qeyri-təbii yolla cinsi əlaqədə olub. Həmin şəxsin törətdiyi əməli videolentə alması səbəbindən məsələ seksual zorakılığa məruz qalmış yeniyetmənin valideynlərinə çatıb və onlar polisə müraciət ediblər.

Aysel Aslan