Pul tələsi: Sürücülər cərimələrini banka ödəyə bilmirlər





Son vaxtlar bəzi sürücülər törətdikləri qayda pozuntularına görə cərimələri ödəməkdə çətinlik çəkdiklərini deyirlər. Problemin mahiyyəti ondan ibarətdir ki, radara düşən və ya kameralar vasitəsilə qeydə alınan qayda pozuntularına görə elektron qaydada tərtib olunmuş protokol sürücünün qeydiyyatda və ya yaşadığı ünvana göndərilir, yaxud DYP əməkdaşının yerində tərtib etdiyi protokol sürücüyə verilir, lakin sürücü cəriməni ödəmək üçün banka gələndə, ona bildirirlər ki, belə protokol barədə məlumat yoxdur, cərimə ilə bağlı bildiriş hələ DYP tərəfindən elektron sistemə daxil edilməyib.

Bu minvalla cərimənin ödənilməsi süni şəkildə uzadılır və sonda bildiriş sistemdə peyda olan zaman məlum olur ki, sürücü cəriməni vaxtında ödəmədiyinə görə üzərinə əlavə faiz gəlib.

Sürücülər iddia edirlər ki, bu "sistemə otuzdurulma tələsi” qəsdən qurulub və əlavə pul qoparmaq məqsədi daşıyır. Çünki artıq yeni qaydalara görə, edilən cərimənin 25 faizi bonus olaraq yol polisi əməkdaşlarına verilir.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev isə bildirib ki, belə gecikmə halları yaranarsa, sürücülər birbaşa Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etsinlər. O zaman problem fərdi qaydada araşdırılır və hansı səbəbdən baş verdiyi müəyyən edilir.
Şöbə rəisinin sözlərinə görə, bəzən sürücülər məsələləri qarışdırırlar. Bəzi hallarda vətəndaşlar qeydiyyatda olduğu ərazidə yaşamadığı və evdə olmadıqları səbəbindən protokol həmin şəxslərə çatmır.

Protokolu əldə edən sürücülərin belə sistemə köçmədiyi üçün cəriməni ödəyə bilməməsinə gəldikdə isə şöbə rəisi deyib ki, protokol qeydiyyatdan keçməyəndə bankda sürücülərin cəriməsinin olub-olmaması görsənmir: "Cərimə şəxsə göndərilən məktubun içərisində olur. Yalnız tərtib edilmiş protokollarla bağlı qərar çıxmayanda cəriməni ödəmək mümkün deyil. Protokol yazılır və ola bilər ki, vətəndaş inzibati xətanın mövcudluğu ilə razılaşmayıb. Bu səbəbdən də qərar çıxmayıb. Qərar çıxmayanda isə cərimə məbləği elektron sistemdə görünmür ki, sürücü də gedib onu ödəyə bilsin. O cəriməni yalnız qərar çıxdıqdan sonra ödəyə bilər”.

Bununla yanaşı, Kamran Əliyev insan faktorunu nəzərə alaraq, problemin operatorun səhlənkarlığı üzündən protokolda olan məlumatları elektron sistemə vaxtında daxil etmədiyinə görə də yarana bildiyini istisna etməyib: "Protokol tərtib edildikdən 1 gün ərzində məlumat Mərkəzi İnformasiya Sisteminə ötürülməlidir. Bunu qanunvericilik tələb edir. Əgər yerləşdirilməyibsə, vətəndaş bizə müraciət etməlidir. Biz araşdıraq, bunun səbəbini bilək ki, görək hansı səbəbdən sistemə yerləşdirilməyib. Bəlkə elə yerləşdirilib, amma hansısa səbəbdən Mərkəzi Bankın saytında görünmür. Yəni müəyyən texniki problemlər də ola bilər”.

Şöbə rəisi qeyd edib ki, belə problemlərlə bağlı onlara edilən müraciətlər zamanı əksər hallarda məlum olur ki, məhz qərar çıxmadığına görə vətəndaş cəriməni ödəyə bilmir.

Bu problemlə bağlı müraciətlərin çoxaldığını deyən Avtosfer. Az saytının baş redaktoru Elməddin Muradlının sözlərinə görə, bunun səbəbi sürücülərin törətdiyi xətalar barədə məlumatın DYP-nin mərkəzi informasiya sisteminə vaxtında yerləşdirilməsi və müvafiq sənədləşmənin vaxtında aparılması ilə bağlı qanunvericiliyin bəzi müddəalarının lazımınca icra edilməməsidir: "Prezidentin sərəncamı ilə həmin məsələni tənzimləyən yeni qanunvericilik qüvvəyə minib. Lakin bir sıra texniki səbəblərdən qüvvəyə minmiş həmin yeniliklər hələ tətbiq edilmir. Yeni qanunvericilik avtomatik rejimdə işləyən nəzarət vasitələrinin qeydə aldığı qayda pozuntularının dərhal mərkəzi informasiya sisteminə yerləşdirilməsini nəzərdə tutur. Bu zaman avtomatik rejimdə işləyən nəzarət vasitəsinin məlumatına əsasən protokol tərtib olunmalı, həmin protokol sürücüyə göndərilməlidir, sürücü isə bu protokolu aldıqdan sonra onunla razılaşdıqda dərhal cəriməni ödəyə bilər. Hər bir halda sürücü bu protokoldan şikayət verməzsə, həmin protokol avtomatik olaraq qərar sayılır və 10 gündən sonra qüvvəyə minir. Amma qeyd etdiyim kimi, bu yeniliklər hələ ki, tətbiq edilmir. Görünür, yol polisləri həmin sistemi təkmilləşdirə və ya icra edə bilmirlər. Bu məsələ həqiqətən də aktual hal alıb. Bizə də çoxsaylı müraciətlər olur ki, məktub qalıb əlimdə, ödəyə bilmirəm. Banklar iddia edir ki, sistemdə heç bir cərimə görsənmir. Belə olan halda isə sürücülər məcburi şəkildə Yol Polisi İdarəsinə getməli və qayda pozuntularının sənədləşdirilməsi və cərimələrin ödənilməsi əvvəlki qaydada həyata keçirilir.

Əvvəlki qayda isə belə idi ki, cərimənin tətbiqi barədə qərar vətəndaşın iştirakı ilə çıxarılmalı idi. Yəni avtomatik qeydə alan vasitənin məlumatı əsasında yalnız protokol tərtib olunur, protokolun surəti bildirişlə birlikdə vətəndaşa göndərilir, vətəndaş hər hansı vəsatət vermədikdə və ya təyin olunmuş gündə gəlmədikdə onun iştirakı olmadan qərar çıxarılır. Vətəndaş təyin olunmuş vaxtda gəldikdə isə qərar onun iştirakı ilə çıxarılır. Həmin qərar rəsmi qaydada vətəndaşa verilir və ya poçtla göndərilir. Bu halda törədilmiş qayda pozuntusu barədə məlumat yalnız həmin qərar çıxarıldıqdan sonra mərkəzi informasiya sistemində yerləşdirilir və sürücü hər hansı banka yaxınlaşdıqda cəriməni ödəyə bilir. Görünür, bəzi hallarda DYP əməkdaşları intizamsızlıq edərək həmin məlumatları sistemə vaxtında yerləşdirmirlər. Beləliklə, cərimə ödəməkdə çətinlik çəkən sürücülərin bu problemi qismən hazırda tətbiq olunan köhnə qaydaların özündən irəli gəlir, belə problemlərin bir qismi isə bəzi DYP əməkdaşlarının sənədləşmə işindəki intizamsızlığı ilə bağlıdır. Əgər sürücülər cəriməni əvvəlki qaydalar çərçivəsində ödəyəcəksə, yeni qanunvericilik nəyə lazımdır? Belə çıxır ki, bu, süründürməçilik xarakteri daşıyır?”.

E.Muradlının sözlərinə görə, cərimələrin sistemə köçməməsi ya DYP işçilərinin informasiya texnologiyalarını bilməməsindən, ya da bilmək istəməməsindən qaynaqlanır: "Onsuz da qaydanı pozmaq və cərimə ödəmək sürücülər üçün maddi əziyyətdir. Bir də onlara cəriməsini ödəmək üçün bürokratik əngəllər yaratmaq nəyə lazımdır? Hamının işi-gücü var axı!”

Şəymən