Putin böyük mətbuat konfransından Türkiyəyə mesaj verdi

Kreml Ankaranın onu meydanda tək qoyacağından narahatdır



Ötən gün Rusiya Prezidenti Vladimir Putinin növbəti böyük mətbuat konfransı keçirilib. Bir çox məsələyə münasibət bildirən Kreml rəhbəri Rusiya-Türkiyə əlaqələri haqqında da danışıb. Putin xatırladıb ki, Atatürk Rusiyanın böyük dostu idi və ruslarla əməkdaşlıq edirdi: "Biz bunu bilirik və qiymətləndiririk”. Putin Rusiya-Türkiyə münasibətlərinin müasir vəziyyətindən məmnunluğunu da ifadə edib: "Həm iqtisadi, həm də təhlükəsizlik sahələrində əməkdaşlığımız var. Bəzi məsələlərdə maraqlarımız üst-üstə düşməsə də, Suriya böhranının nizama salınması üzrə kompromis qərarlar əldə edirik. 

Türkiyənin və türk xalqının milli maraqlarına hörmətlə yanaşırıq. Görürük ki, bizim türkiyəli tərəfdaşlarımız da kompromisə getməyə hazırdır. Suriyada vəziyyətin yaxşılaşması, terrorçularla mübarizə və əlaqələrimizin möhkəmlənməsi naminə birlikdə kompromisə nail oluruq. Ümidvarıq ki, cənab Ərdoğanın rəhbərliyi altında bu tendensiya gələcəkdə də davam edəcək. Türkiyə NATO-nun üzvüdür və alyansın təmsilçisi kimi öz vəzifələrini yerinə yetirir. Eyni zamanda, müstəqil xarici siyasət yürüdür”.

Ekspertlər Putinin ifadələrini Türkiyə rəhbərliyinə bir mesaj kimi dəyərləndirirlər. Onların fikrincə, Ərdoğan da Moskva ilə münasibətləri korlamaqda qətiyyən maraqlı deyil. Məhz bu səbəbdən Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmaqdan imtina etdi.

Moskva-Ankara münasibətlərini "Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan hesab edir ki, ABŞ senatının Türkiyəyə "Patriot” raketlərini satacağı ilə bağlı sənədi təsdiqləməsindən Rusiya istər-istəməz ehtiyatlanır: 

"Kreml Ankaranın onu meydanda tək qoyacağından narahatdır. Ona görə də Rusiya lideri Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Mustafa Kamal Atatürkü xatırlatmaqla keçmiş münasibətləri unutmamağa eyham vurur. 

Bəlkə də Türkiyədə Atatürk xəttinin davamçılarını nəzərdə tutub. Ancaq Türkiyə liderinin çıxışları və Rusiyanın müttəfiqi sayılan İran Prezidenti Həsən Ruhani ilə görüşdən sonra söylədikləri Ankaranın həm də Moskvaya münasibətini əks etdirir. Ərdoğan ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları dəstəkləmədiklərini bildirib. Ağ Ev Rusiyaya qarşı da sanksiya tətbiq edib. Bunu Vaşinqtonun sanksiyalarına məruz qalan iki dövlətə Türkiyənin münasibəti kimi dəyərləndirə bilərik”.

Analitikə görə, Türkiyə-Rusiya münasibətlərinin pozulması üçün ciddi əsas yoxdur: 

"Bu isə münasibətlərin və əlaqələrin inkişaf etdirilməsinin davamının olacağı deməkdir. Çünki Türkiyə Rusiya ilə iqtisadi-ticari əməkdaşlığında beynəlxalq hüquq normalarının heç birini pozmur. Nəzərə almaq lazımdır ki, nə ABŞ, nə də BMT Ankaranın Moskva ilə əməkdaşlıq etdiyi sahələrin heç birinə sanksiya tətbiq edib. Bu da əlaqələrin inkişafının davamı üçün əsas verir”.

İsmayıl