“ABŞ-Rusiya əlaqələrinin normallaşması gözlənilmir”
“Çünki Kremlin aqressiv siyasəti Amerikanın maraqlarını təhdid edir”
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə Vaşinqtonda görüşməyi təklif edib. Bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib: "Bizim prezidentlər telefonla danışarkən Tramp ilk görüşü Vaşinqtonda, Ağ Evdə keçirməyi təklif edib.
Bu, kifayət qədər maraqlı və pozitiv ideyadır”. Uşakov qeyd edib ki, görüşün vaxtı hələlik müəyyən edilməyib: "Əgər hər şey normal olsa, ümid edirəm ki, amerikalılar zirvənin keçirilməsi imkanını müzakirə etmək təklifindən imtina etməyəcəklər”. Xatırladaq ki, martın 20-də Tramp Putinə zəng edib. Onlar Suriya problemini və Ukrayna böhranını müzakirə ediblər. Eyni zamanda, ABŞ Dövlət Departamentinin rəhbərliyindəki dəyişiklikləri nəzərə alaraq ikitərəfli əlaqələri inkişaf etdirmək barədə razılığa gəliblər.
Prezidentlər mümkün yüksək səviyyəli görüşün keçirilməsi məsələsinin hazırlanmasına xüsusi diqqət yetiriblər. Amerika liderinin telefon zəngi ABŞ-da və onun sərhədlərindən kənarda böyük maraq doğurub. Tramp administrasiyasının üzvləri telefon danışığı zamanı onun stolunun üstünə böyük hərflərlə "Təbrik etməyin” sözü yazılmış kağız parçası qoysalar da, o, buna məhəl qoymayıb və Putini prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
Mövzu ilə bağlı "Şərq”ə danışan "Cənubi Qafqaz Təhlükəsizlik və Sülh” İnstitutunun direktoru, politoloq Məhəmməd Əsədullzadə deyib ki, ABŞ-ın Rusiyaya qarşı sərt sanksiyalar fonunda prezident Trampın Putinə təbrik məktubu və telefon zəngi ikitərəfli münasibətlərin normallaşdırılmasına təsir etməyəcək. Siyasi şərhçinin fikrincə, Trampın bu cür siyasi jestləri Kremldə müəyyən ümidlər yaratsa da, Moskvaya qarşı iqtisadi sanksiyalar getdikcə daha da artacaq:
"Trampın Putini Ağ Evə dəvət etməsi onun şəxsi təşəbbüsüdür. Administrasiya Trampın bu qərarının reallaşmasına imkan verməyəcək. İndiki problemlər fonunda Putinin ABŞ-a səfər edəcəyi real görünmür. Ümumiyyətlə, bundan sonra ABŞ-Rusiya əlaqələrinin normallaşması gözlənilmir. Çünki Kremlin aqressiv siyasəti Amerikanın maraqlarını təhdid edir”.
Analitik bəyan edib ki, Putin Vaşinqtona getsə və orada Trampla görüşsə belə nə Krımı qaytaracaq, nə də Yaxın Şərqdəki maraqlarından əl çəkəcək:
"Pentaqon və Dövlət Departamenti Trampın Rusiyaya qarşı siyasətində redaktə etməsinə imkan verməyəcək. Hər halda Rusiya istəyər ki, ABŞ-la əlaqələri qaydaya salsın. Amma təəssüflər olsun ki, öz imperiya maraqlarından əl çəkməyəcək”.
İsmayıl