Qadağan olunmuş silahlardan istifadə Ermənistanı sonuna yaxınlaşdırır

Zahid Oruc: “Beynəlxalq təşkilatları daha qətiyyətli mövqe ortaya qoymağa çağırırıq”
Musa Qasımlı: “Ermənistan kimyəvi silahlardan istifadə etməklə bəşəriyyətə və sivilizasiyaya qarşı cinayət törədib”


Mayın 11-də ATƏT nümayəndələri istifadəsi qadağan edilmiş top mərmisinin düşdüyü əraziyə gedərək erməni vandallarının törətdiyi cinayətləri şəxsən müşahidə ediblər. Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri də beynəlxalq konvensiyalarla qadağan olunmuş təhlükəli hərbi sursatdan istifadə faktı ilə tanış olublar. Görünən odur ki, Ermənistanın azğınlığı artıq bir çox dünya ölkələrini də hövsələdən çıxarmaqdadır.

Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşmasını hər gün pozan işğalçı ermənilər Azərbaycanın mövqelərini vurmaq üçün hətta kimyəvi silahlardan da istifadə edirlər. Bundan əvvəl atom silahına da malik olduqlarını iddia edən Ermənistan rəsmiləri artıq kimyəvi silahların tətbiqinə başlayıblar. Düşmən ölkənin nümayəndələri və Qarabağ separatçıları müxtəlif bəhanələrlə bu məlumatları ört-basdır etməyə çalışsa da, rəsmi Bakının əlində təkzibolunmaz faktlar var. Xatırladaq ki, İraqa qarşı beynəlxalq koalisiya məhz Səddam Hüseynin kimyəvi silahdan istifadə qərarına görə yaradıldı. Nəticədə İraq dövləti xəritədən silinmək təhlükəsi ilə üz-üzə qaldı və Səddam isə asıldı. Ermənistan lideri Serj Sarkisyanın atdığı qanunsuz addımlar da onun və rəhbərlik etdiyi ölkənin faciəli sonunu gətirəcək. Bunun üçün Azərbaycanın rəsmi qurumları bütün faktları toplayıb beynəlxalq məhkəməyə müraciət edəcək. Artıq məsələyə reaksiyalar gəlməkdədir. Ümid edirik, qadağan olunmuş fosfor silahının istifadəsindən sonra beynəlxalq qurumlar üzərinə düşən öhdəliyi yerinə yetirəcək və erməni faşistlərini cəzalandıracaqlar. Bu barədə "Şərq”ə danışan Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc bildirib ki, Ermənistan "dördgünlük” müharibədəki məğlubiyyətin əvəzini çıxmaq üçün arsenalında olan ən təhlükəli silahları Azərbaycan tərəfə çevirməyə hazırdır: "Əsgərlərimiz və mülki adamlarımız həmin bombaların hədəfindədir. O mərmilər Azərbaycan ərazisinə düşür. Bu o deməkdir ki, fosforlu və digər kimyəvi elementlərlə zənginləşdirilmiş silahlar ekoloji olaraq Azərbaycana mənfi təsir göstərir. Bu fəsadları hər birimiz qidalandığımız meyvə-tərəvəzdə və ətraf mühitdə hiss edirik. Bombaların sadəcə kiçik bir qəlpəsi yetərlidir ki, insanların dərisində ağır yaralar açılsın və həyatlarına ciddi təhlükə yaransın”. Deputatın sözlərinə görə, bu silahlar qadağan olunmaqla yanaşı, həm də regionun gələcəyini təhlükə qarşısında qoyur: "Neft kəmərlərimizi, paytaxtımızı, Mingəçevir SES-i vuracaqlarını bəyan edən Ermənistan rəhbərliyi fərqindədirmi ki, onlar əsl terrorçu qrupların müharibə taktikasını həyata keçirirlər. "Bizim atom bombamız, nüvə silahımız var” deyən erməni rəsmiləri anlamalıdırlar ki, o silahların istifadəsi elə ilk növbədə Ermənistanın özünü məhv edəcək. Ona görə də bölgədə səfərdə olan beynəlxalq təşkilatları daha qətiyyətli mövqe ortaya qoymağa çağırırıq. Çağırışlarımız sadəcə düşmən Ermənistanı ifşa etmək üçün yox, bütövlükdə regionun və dünyanın xilası üçündür. Ermənilərin hədəsi bizimlə yanaşı, ölkəmizdə sərmayələri olan Qərb dövlətlərini də hərəkətə keçirməlidir”.

Millət vəkili, professor Musa Qasımlı da bildirib ki, Ermənistan qadağan olunmuş kimyəvi silahlardan istifadə etməklə bəşəriyyətə və sivilizasiyaya qarşı cinayət törədib: "Beynəlxalq təşkilatlar və böyük dövlətlər Ermənistanın bu cinayətkar hərəkətlərinə qəti qiymət verməlidirlər. Ermənistanın qadağan olunmuş kimyəvi silahlardan istifadə etməsi beynəlxalq konvensiyaları kobud surətdə pozmasının, beynəlxalq birliyin iradəsini saya salmamasının göstəricisidir”.

İsmayıl