"Qadın kişini evə çağırıb, şantaj edir və pul..." - Yeni şəbəkə peyda olub

"Qadın tanış olduğu kişini evə dəvət edir, başqa şəxslərin yardımı ilə qarət edirsə, bu şəbəkəni çökdürmək üçün hüquq-mühafizə orqanları tədbir görməlidir”.
Bu barədə "Sherg.az”a Bakıda baş verən soyğunçuluq hadisəsi ilə əlaqədar danışarkən "Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova bildirib. O söyləyib ki, bu cür cinayətkar şəbəkələr qadınlardan istifadə edir:
"Belə hadisələrdə dərin araşdırma vacibdir. Hər zaman təsadüfi tanışlıqlardan qaçmaq lazım olduğunu insanlara aşılayırıq. Soyğunçuluqla üzləşən həmin şəxs həyatını da itirə bilərdi. Həmin şəxs təhdidlə üzləşdiyi zaman mütləq polisə müraciət etməli, dəymiş ziyanın ödənməsini tələb etməlidir.
Belə hadisələrdə bəzən zərərçəkmişin başına gələnləri sübut etməsi çətin olur. Məsələn, bir nəfər müraciət edir ki, tanışıma borc vermişəm, qaytarmır. Ortada heç bir sənəd olmadığından hadisəni sübuta yetirmək çox çətin olur. Hazırkı hadisəyə nəzər salsaq, indiki zamanda heç kim üzərində 5 min pul gəzdirmir. Yəqin ki, müxtəlif yolla pul soyğunçuya çatdırılıb. Ona görə, hadisəni hüquq-mühafizə orqanları daha geniş şəkildə araşdırmalıdır”.
Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Həsənov martın 25-də tanış olduğu bir qadının onu M.Qaşqay küçəsindəki evə qonaq çağırdığını bildirib.
Dediyinə görə, sonradan həmin evə gələn 2 naməlum şəxs özlərini həmin qadının əri və qohumu kimi təqdim edib, onu hədələyərək 5000 manat pul verməsini tələb ediblər.
Polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxslərdən biri qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Həmid Alməmmədov olduğu müəyyən edilib.
Aysel Aslan