Savadlı xanım din xadimlərinə televiziyalarda yer verilmir
"Azərbaycanda xanım din xadimlərinin çatışmazlığı var. Mövcud problemi aradan qaldırmaq üçün işlər görülməlidir”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı KİV rəhbərləri ilə görüşündə söyləyib. Komitə sədri bildirib ki, İslam Universitetində qızlar oxuyurlar, ancaq yenə də qadın din xadimləri çox azdır: "Qadın yas məclisləri başdan-ayağa xurafatdır. O məclisi aparan qadının özünün tərcümeyi-halını oxusan, dəhşətə gələrsən. Deyərsən, bu hara, din hara?”.
M.Qurbanlının qaldırdığı problemə münasibət bildirən Qarabağ Seyid Ocaqları Birliyinin sədri, ilahiyyatçı-alim Seyid Camal Əzimbəyli Komitə sədrinin məhz bu məsələni qabartmasının sevindirici hal olduğunu deyib. S.C.Əzimbəyli bəyan edib ki, islam dininin təməl prinsiplərində kişi və qadın bərabərliyi dayanır. Ən böyük demokratiya islamdadır: "Azərbaycanın dini mühitində ilahiyyatçı qadınların azlıq təşkil etməsi acı bir həqiqətdir. Amma az da olsa xanım din xadimlərimiz var. Məsələ orasındadır ki, azsaylı din xadimlərimizi televiziyada və ya mətbuatda görə bilmirik. Üzr istəyirəm, mənim həyat yoldaşım Sevinc Əzimbəyli "Yeni Üfüq” İctimai Birliyinin sədridir, ali təhsilli hüquqşünasdır, islamın prinsiplərinə sahib duran elmli, savadlı bir xanımdır. O, milli-mənəvi dəyərlərin topluma aşılanmasında böyük xidmətlər göstərir. Ayda 4-5 dəfə sərhəddin ən qaynar nöqtələrində olur, tədbirlər, görüşlər keçirir, şəhid ailələri ilə, kimsəsizlərlə bir araya gəlir. Amma maraqlısı budur ki, onun gördüyü dini və mənəvi maarifləndirmə işləri heç bir telekanalda işıqlandırılmır. Mətbuat az da olsa yer ayırır, onların haqqına girməyim. Dini Komitə də yardım göstərir, fürsətdən istifadə edib Mübariz müəllimə də minnətdarlığımı bildirirəm”. İlahiyyatçı bildirib ki, dəfələrlə televiziyalara dəvət göndərməyinə, çağırış etməyinə baxmayaraq, onlara məhəl qoyan tapılmayıb: "Şəxsən özüm telekanal rəhbərlərinə müraciət edərək demişəm ki, demokratik təfəkkürə malik hicablı bir xanım 500 qadını ətrafına yığaraq dövlətçilik prinsiplərinin qorunması, din və dövlət münasibətləri ilə bağlı geniş tədbir keçirir. Niyə gəlib tədbiri işıqlandırmırsınız? Adını çəkməyəcəm, telekanal rəhbərlərindən biri mənim dostumdur. Bir dəfə ona dedim ki, Sevinc xanım Peyğəmbərimizlə bağlı, milli-mənəvi dəyərlərin təbliği ilə bağlı mühüm tədbir keçirir, gəlin, lentə alın. Kanal rəhbəri dedi ki, "gələ bilmərik, çünki bu məsələ ilə bağlı bizə yasaq qoyulub”. Başa düşmürəm, axı kimdir buna qadağa qoyan?! Kimdir Cənab Prezidentimizin din-dövlət münasibətlərinə öz istədiyi kimi müdaxilə edən? Televiziyalar azsaylı xanım din xadimlərini deyil, daha çox Röyanı, Aygünü efirə çıxartmaqda maraqlıdırlar. Əfsuslar olsun ki, artıq cəmiyyət də yavaş-yavaş onlara öyrəşir və zərərli tələbata aludə olurlar”.
S.C.Əzimbəylinin sözlərinə görə, yüzlərlə xanım İslam Universitetində ilahiyyatçı kimliyə yiyələnib. Ancaq onların peşəkarlaşması üçün əlavə tədbirlərə ehtiyac var: "Düşünürəm ki, qadın din xanımlarının daha peşəkar olması üçün universitetin maddi və mənəvi bazası inkişaf etdirilməlidir. Əgər universitetin bazası möhkəmlənərsə, inanın, biz fərqli mənzərənin şahidi olarıq. Məsələn, hansı səbəbə görə, mənə İslam Universitetinidə dərs deməyə şərait yaradılmır? Niyə on minlərlə adamın qəbul etdiyi şərqşünas, araşdırmaçı Seyid Camal Əzimbəyli dövlət universitetində çalışmamalıdır?! Bu gün gerçək milli şüura, məfkurəyə dayanan, dini kimliyi ilə bərabər milli kimliyini də həyat tərzinə çevirən təmiz insanlara böyük ehtiyac var. Sadəcə tədbirlər keçirməklə iş bitmir. Yarımçıq iş gördüyümüz üçün Azərbaycanda digər ölkələrin yad və zərərli düşüncələri yayılır və ölkəmizin milli-mənəvi dəyərlərin təəssübkeşi olan xanımlarımız dini mühitdən kənarda qalacaqlar. Bu, böyük dərddir, danışılası deyil”.
İsmayıl