Qadınlar pul buraxır

Xəyanət edən kişilər xəfiyyə xidməti ilə izlənəcək
Mehriban Zeynalova bildirib ki, bu cür xidmətlər sonluğu faciə ilə bitən hadisələrə səbəb ola bilər



Azərbaycanda xəyanət edən kişilərin izlənməsi üçün xəfiyyə xidməti təklif edilir. Feysbukun qadın qruplarında belə xidmət göstərən bir neçə nəfər "xəyanətə məruz qalmış” qadınlara pul müqabilində "yardım” göstərir.

Müxtəlif adlarla qeydiyyatdan keçən şəxslər gördükləri işin tam qanuni olduğunu bildirib və bu haqda Ailə Məcəlləsində xüsusi maddə olduğunu bildiriblər.


Xəyanətə uğrayan qadınların etibarından sui-istifadə edən bu şəxslərə qadın qruplarında inananlar da az deyil. Hətta bir çox qadın pul qarşılığında bu şəxslərin xidmətindən istifadə etməyə də can atır.

Eyni xəfiyyə xidmətinin 1998-ci ildə yaradılması ilə bağlı cəhdlər olduğunu deyən "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Şərq”ə bildirib ki, bu cür xidmətlər sonluğu faciə ilə bitən hadisələrə səbəb ola bilər. Birlik sədrinin sözlərinə görə, xidmətləri sifariş edənlər daha çox qadınlar olur. Lakin bizim cəmiyyət olaraq indiki şüur və psixoloji vəziyyətimiz belə hallara hazır deyil: 

"Çünki ciddi problemlər ortaya çıxa bilər. Ölkəmizdə bu xəfiyyə xidmətindən istifadə edərək stabil şəkildə addım atanlar yoxdur. Belə halların əksəriyyəti sonda faciə ilə bitir. Bu baxımdan hələ 1996-1998-ci illərdə bu məsələyə qadağa qoyuldu”.

M.Zeynalova bildirib ki, ola bilsin, Ailə Məcəlləsinin hansısa maddələrində bu xidmətə imkanlar var. Amma xəyanəti aşkara çıxarmaq üçün hansısa məxfiliyin qorunması qeyri-mümkündür: 

"Kimsə sifariş edib, pul ödəyirsə, tələb odur ki, istənilən məlumatlar ona çatdırılsın. Belə olan halda isə xoşagəlməz hadisələr baş verə bilər. Fikrimcə, dövlət bunu yaxşı anladığı üçün belə xidmətlərin qarşısını almağa çalışdı. Bu gün onsuz da cəmiyyətdə neqativ hadisələr, ailə münaqişələri, zorakılıq halları baş alıb gedir. Ölkədə kifayət qədər faciələr, ailə dramları var. Düşünürəm ki, belə bir xidmətin olması ictimai şüur baxımından milli xarakterimizə uyğun gəlmir. Kimlərsə qanunvericiliyin imkanlarından istifadə edib sübut edəcəklər ki, Ailə Məcəlləsində buna imkan verilir. Düzdür, hansısa maddədə belə xidmətlərə icazə ola bilər, amma bu araşdırmanı öhdəsinə götürən insan, sabahsı gün insanların həyatı ilə bağlı məsuliyyəti də öz üzərinə götürəcəkmi? Bax əsas məsələ budur.

Çox güman ki, bunu biznes və qazanc məqsədi ilə edirlər. Hansısa işi öhdənə götürəndə öncə fikirləşməlisən ki, "mən kiməsə zərər verirəm, ya yox?”. 

Əsas məqsəd biznes quraraq pul qazanmaqdırsa, inanmıram ki, məlumatlar gizlin saxlanacaq. Ümumiyyətlə, bizim indiki şüurumuz bu xidmətdən istifadəyə imkan vermir. Yəni, biz o qədər də yüksək intellektə malik deyilik ki, xəyanətlə bağlı hansısa məlumatları öyrənəndə emosional vəziyyətə düşməyərək məsələni sakit həll edə bilək”.

Yeganə Bayramova