Qafqaz Müsəlmanları İdarəsi hara baxır?

“Vəhhabilər ciddi başağrısına çevrilir”



Azərbaycanda gənclərin radikal dini təriqətlərə qoşulması prosesi getdikcə daha geniş vüsət alır. Doğrudur, gənclərimizin bu yoldan çəkinməsi istiqamətində müxtəlif tədbirlər görülür. Buna rəğmən axının qarşısını almaq müşkülə çevrilib. Az qala hər gün bir valideyn mətbuata çıxıb övladlarının ifratçı dini cərəyana qatılmasına dair açıqlamalar verir və aidiyyəti qurumlardan imdad diləyir.

Oxşar ailə dramı yaşayanlardan biri də Lənkəran rayonu İstisu qəsəbəsinin sakini Elşən Ağayevdir. O, keçmiş həyat yoldaşı Gülzarənin 5 övladının, 4 nəvəsinin vəhhabi təriqətinin təsiri altında olmasından narahatdır. Bu narahatlığına görə də E.Ağayev Azərbaycan Prezidenti İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə, Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edərək, problemin həlli üçün kömək istəyib. Əlbəttə, valideynlərin narahatlığı anlaşılandır. Çünki sözügedən dini təriqətə qatılan gənclərimiz din adı altında aldadılır. Onların beyinləri müəyyən mərkəzlərdə yuyulur və ölkə hüdudlarından kənardakı münaqişə ocaqlarına göndərilirlər. Bir sözlə, dini ekstremistlərin "toruna” düşən gənclərimiz terror qruplaşmalarının üzvü olur və beləliklə də amansız qatilə çevrilirlər.

"Axın”ın səbəbləri barədə "Şərq”-ə danışan kriminalist ekspert İlqar Altay söyləyib ki, dünyada dini ekstremizm çox problemli hal alıb. Ekspertin sözlərinə görə, ölkəmizdəki dini ekstremizmin içində islam ekstremizmi var. İslam ekstremizmi isə şiə və sünni olmaqla iki qrupa bölünüb: "Biz islamın qaydalarına hörmətlə yanaşırıq. İslam normal dindir. Həmişə insanların mədəniyyətinə, dünya görüşünə, maariflənməsinə xidmət edib. Amma bu dindən sui-istifadə edənlər də var. Dindən öz ifrat məqsədləri üçün istifadə edən təriqətlər də mövcuddur. Məsələn, şiə ekstremizmi arasında Hüseynçilər var. Onlar radikallıq təşkil edirlər. Hüseynçilikdən başqa heç bir təriqət və yaşayış tanımırlar. Sünni ekstremizmi isə vəhhabilikdi. Vəhhabilik də ölkəmizdə böyük problemə çevrilib. Bu, son illərin təzahürüdür. Azərbaycan cəmiyyətinin bütün sferalarını əhatə edir. Bu, təcrid zonalarında da yayılıb. Bütün cəmiyyəti əhatə etməyə başlayıb. Elə mübarizə yolları tapmalıyıq ki, gənclərimiz ifratçılığa yuvarlanmasın. İfratçı təriqətlərin təsiri altına düşməsin”.

Ekspertin fikrincə, problem mənəvi boşluqdan əmələ gəlir: "Uşaqlarda mənəvi boşluq yaranır. Bu mənəvi boşluqdan nəinki yalnız radikal dini təşkilatlar və təriqətlər faydalanır, hətta kriminal təşkilatlar da vəziyyətdən öz məqsədləri üçün sui-istifadə edir. Yaranmış boşluğu doldurmağa çalışırlar. Bu səbəbdən çalışmalıyıq ki, ölkədə yeniyetmələr və gənclərlə işdə boşluq yaranmasın. Onlar təhsillə məşğul olsunlar. Orta məktəblərimiz yalnız təhsillə məşğul olmalı deyil. Təhsillə yanaşı, tərbiyə də verməlidir. Dövlət məktəblərə diqqəti artırmalıdır. Cəmiyyət özü də aktiv olmalıdır. Elmsizlik, cahillik cəmiyyətdə aşınmalara gətirib çıxarır. Gənclər dini ifratçılığa yuvarlanırlar”.

İ.Altay diqqətə çatdırıb ki, Azərbaycanda dini sahədəki boşluqlar göz qabağındadır: "Sovet dövründə ölkəmizdə belə problemlər yox idi. Biz bu cür ekstremist təriqətlər görməmişdik. İndi müəyyən təşkilatlanmış adamlar gənclərimizi öz təsirləri altına alır. Sonra da xarici ölkəyə aparıb, əlinə silah verib, döyüşdürür. O vaxt belə şey yox idi. Amma indi mövcuddur. Nədən irəli gəlir? Buna Azərbaycanda dini sahədəki boşluqlar imkan verir. Məhz bu səbəbdən də ölkəmizə xaricdən müxtəlif radikal, ifrat cərəyanlar, təriqətlər ayaq açır. Bunun qarşısı alınmalıdır. Azərbaycanın din məkanını qorumaq lazımdır. Bu, nə hüquq-mühafizə orqanlarının, nə də medianın işidir. Həmin sahəyə nəzarəti Qafqaz Müsəlmanları İdarəsi (QMİ ) üzərinə götürüb. Eyni zamanda bizim Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQDK) fəaliyyət göstərir. Bu qurumun təsir imkanlarını xeyli dərəcədə gücləndirmək lazımdır. Qanunvericilikdə müəyyən dəyişikliklər olsa, komitə həmin bu boşluqların doldurulması yönündə əlindən gələni edər. Amma yenə də QMİ-nin üzərinə böyük yük və irad düşür. Ölkənin daxilində hüseynçilər yaranır. Digər tərəfdən vəhhabilər ciddi başağrısına çevrilir. Amma QMİ-nin xəbəri olmur. Bu qurum hara baxır, nə işlə məşğuldur?”

İ.Altay hesab edir ki, DQDK və QMİ həbsxanaları da nəzarətə götürməlidir: "QMİ işinə məsuliyyətli yanaşmalıdır. Özlərinə belə sual versinlər ki, dini məkanda baş verən bu problemlər nədən qaynaqlanır? Problemləri aradan qaldırmağın yollarını axtarmalıdırlar”.

Radikal təriqətlərə qoşulmağın təhlükəsindən söz açan ekspert diqqətə çatdırıb ki, təhlükə ilk növbədə insanların beynində baş verir: "Öncə gənclərimizin beynini yuyurlar. Beyinlərini psixoloji pozurlar. Gəncləri şizofreniya dərəcəsinə çatdırırlar. Gənclərimizin baş kəsənlərə qoşulması üçün onların beyinlərində ciddi dəyişikliklər aparılır. Beyinlərini xəstələndirirlər. Elə uşaqlar var ki, toyuq başı kəsə bilmirlər. Amma bu təşkilatlara, təriqətlərə qatılandan sonra gedib, adam başı kəsirlər. Deməli, onun beynini pozurlar. Görünür, onların burada mərkəzləri var. Həmin mərkəzləri tapıb məhv etmək lazımdır. Baxın, həmin gənclərin gedib, baş kəsib, ölkəmizə diri qayıtması cəmiyyətimiz üçün ciddi təhlükədir. Onların cəmiyyətimizə adaptasiyası üçün böyük iş aparılmalıdır. Ağır cinayətlər törədə bilərlər. Cinayət törətməsə də, bölücülüklə məşğul ola bilərlər. Bu da Azərbaycanın maraqlarına cavab vermir. Biz müharibə şəraitindəyik. Problemlərimizin çox olan vaxtında onlar da gəlib bizə əlavə problemlər yarada bilərlər. Radikal təriqətlərə uymağın ölkəmizə cəmiyyətimizə və Azərbaycan dövlətçiliyinə ciddi ziyanları var”.

Ayyət Əhməd