Qan xəstəlikləri artsaydı təhlükəli olardı

Uşaqlar arasında tənəffüs yolu xəstəliklərinin artması o qədər də narahatedici məsələ deyil


Soyuq qış aylarında insanlar arasında xəstələnmə halları daha çox artır. Özəlliklə yuxarı tənəffüs yolu xəstəlikləri uşaqlarda daha ağır yaşanır. Bununla bağlı uşaq xəstəlikləri üzrə mütəxəssislər valideynləri bağça və məktəblərdə çox diqqətli olmağa çağırır. Belə ki, ötən il Azərbaycanda 0-13 yaşlı uşaqlar arasında diaqnozu ilk dəfə qoyulan xəstəliklərin siyahısında ilk yeri tənəffüs orqanlarının xəstəlikləri tutub. Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, ötən il 0-13 yaşlı uşaqlardan 343 289 nəfərinə ilk dəfə tənəffüs yolu xəstəliyi diaqnozu qoyulub.

Pediatr Vaqif Qarayevin sözlərinə görə, həm virus, həm də bakterial xəstəliklər baxımından qələbəlik yerlərə girən, bağçaya və məktəbə gedən uşaqlar risk altındadır: "Azyaşlı uşaqlarda tənəffüs yollarının anatomik xüsusiyyətləri xəstəliklərin ağır keçməsinə şərait yaradır. Xüsusən də körpə yaşlı uşaqlarda infeksiyaya qarşı bədənin müqaviməti zəif olur. Yəni tənəffüs yolları dar olduğundan, böyüklərdən fərqli olaraq, uşaqlarda soyuqdəymə, qrip və müxtəlif infeksiyalar çox ağır keçir. Məktəb yaşlı, bağça yaşlı uşaqlarda bu ağırlaşmalar yaş artdıqca, azalır. Ona görə də uşaqlar arasında tənəffüs yolu xəstəliklərinin artması o qədər də narahatedici məsələ deyil. Uşaqlarda yuxarı tənəffüs yolları xəstəlikləri təkcə Azərbaycanda deyil, bütün dünyada risk qrupuna aid xəstəliklər hesab edilir. Yuxarıda da dediyim kimi, bu da uşaqların həm anatomik, həm də fizioloji xüsusiyyətlərindən asılıdır. Əgər statistikada uşaqlar arasında qan xəstəliklərinin sürətlə artması öz əksini tapsaydı, bu artıq narahatedici bir hal olardı”.Pediatrın sözlərinə görə, birinci sinifdə oxuyan bir uşaq bütün sinfi xəstəliyə yoluxdura bilər. Eyni zamanda da bağçaya gedən bir uşaqda soyuqdəymə varsa, bütün qrupu yoluxdura bilər. Böyüklərin həm infeksiyaya qarşı müqaviməti güclü olur, həm də uşaqlar kimi qələbəlik yerlərdə çox oturmurlar. Həkimlər valideynlərə körpə uşaqlarda soyuqdəymə əlamətləri müşahidə etdikləri zaman mütləq həkimə müraciət etmələrini tövsiyə edib: "Bəzən valideynlər özləri uşaqlarını müalicəyə başlayırlar. Amma buna yol vermək olmaz. Ola bilsin ki, dərmanla qızdırmanı sala bilsinlər, amma ağırlaşma başlayarsa, evdə heç nə edə bilməyəcəklər. Valideynlərə elə gəlir ki, uşağın qızdırması qalxdısa, adi soyuqdəymədir. Halbuki birnəfəsə qızdırma ilə başlayan 50 xəstəlik saymaq olar. Bəzən deyirlər ki, uşaqda bir gün qızdırma oldu, böyrəyi sıradan çıxdı. Bir-iki günlük qızdırma ilə elə fəsad olmur. Bəzən valideynlər soyuqdəyməyə və qripə qarşı eyni müalicə üsulundan istifadə edir ki, "soyuqdəymədir, keçib gedər”. Halbuki qrip ayrıca xəstəlikdir. Valideyn müşahidə etməlidir ki, əgər onun verdiyi dərmanla qızdırma düşmürsə və ya tez-tez qalxırsa, həkimə müraciət etməlidir ki, gec olmasın. Çünki soyuqdəymə əksər hallarda keçib getmir. Həkimə müraciət edəndə isə həddən artıq gec olur. Bir daha qeyd edirəm ki, körpə uşaqlar soyuqdəymə zamanı ağırlaşmaya həddən artıq meyilli olurlar. Və bu ağırlaşma ilə mübarizə aparmaq həkim üçün də çətin olur. Hətta qarşısı vaxtında alınmayanda adi soyuqdəymə ölümlə də nəticələnir”.

Xəstəliyin profilaktikasına gəldikdə isə V.Qarayev deyib ki, şəhərdə qızdırmalı xəstəliklər yayıldığı zaman ibtidai sinif müəllimləri və bağça tərbiyəçiləri diqqətli olmalı, qızdırmalı uşaqları dərsə buraxmamalıdırlar: "Müəllimlərdən əvvəl isə bu məsuliyyət valideynlərin üzərinə düşür. Xəstə uşağın məktəbdə və ya bağçada nə işi var?! Bağçada mütləq tibb bacısı olmalıdır və fəsil dəyişkənliyində bütün uşaqlarda qızdırma ölçülməlidir. Bu olmadığına görə də, tərbiyəçilər soyuqdəyməsi olan uşaqları digər uşaqlardan uzaq tutmalıdır. Çünki xəstə uşaq mütləq sağlam uşaqları xəstəliyə yoluxdurur”.

Şəymən