Qanımız halaldır sizə...

Evimizdəki ən dəyərli əşyalar da əsgərimizə qurbandırOrduya yardım etmək istəyənlərin arzusu təbii qarşılanmalıdır
Silahlı Qüvvələrimizin cəbhədə əks-hücum əməliyyatları apardığı bir vaxtda bütün xalq ordumuza dəstək nümayiş etdirməkdədir. Ayrı-ayrı qurumlar, dövlət və özəl sektor təmsilçiləri, ictimai təşkilatlar daxili imkanlarını səfərbər edərək ordumuza hansısa şəkildə yardım etməyə çalışır. Həqiqət bundan ibarətdir ki, Milli Ordumuz hərtərəfli təmin olunmuş vəziyyətdədir. İndi 90-cı illərin əvvəli deyil ki, ordunun yardıma ehtiyacı olsun. Lakin ordumuzun uğurlu döyüş əməliyyatlarından ruhlanan əhali əsgərlərimizə dəstək olmağa can atır.
Bir neçə millət vəkili əmək haqlarının bir hissəsini Silahlı Qüvvələrin Yardım Fonduna keçirəcəklərini bəyan ediblər. O cümlədən, millət vəkili Qüdrət Həsənquliyev, Qənirə Paşayeva.
Srağagün feysbuk sosial şəbəkəsində bir qrup gənc əhalini cəbhədəki əsgərlərə yardım etməyə səsləyib. Lent.az-ın məlumatına görə, dünən həmin kampaniya ilə əlaqədar "28 May” metrostansiyasının qarşısında bir qrup gənc toplaşaraq əsgərlərə göndərilməsi üçün yardım (corab, meyvə, siqaret və.s) gətiriblər. Gənclər Ali Baş Komandanın "döyüş” əmrinə hər an hazır olduqlarını bildiriblər. Onlar ordudakı əsgərlərimizlə qürur duyduqlarını, cəbhədən gələn şad xəbərləri diqqətlə izlədiklərini də qeyd ediblər.
Həmçinin, mülki əhali arasında qanvermə aksiyalarında könüllü iştirak etmək istəyənlərin sayı da gündən-günə artır.
Mərkəzi Qan Bankının rəhbəri Pərvanə Hacıyeva isə virtualaz.org saytına açıqlamasında kifayət qədər qan ehtiyatına malik olduqlarını bildirib: "Daha 100 nəfər üçün ehtiyat qan göndərilib. Naftalan şəhər xəstəxanasında müalicə alan yaralı üçün mənfi qan istənildi. Mərkəzə müraciət daxil olan kimi qan göndərildi. Hətta ehtiyat qan da göndərmişik. Ola bilər ki, bu yaralının qohumları müraciət ediblər.
Həm mənfi, həm də müsbət qan qrupları üzrə qan ehtiyatımız var. Səhiyyə Nazirliyi də vəziyyəti nəzarətdə saxlayır. İstənilən qan qrupu üzrə ehtiyacı olanlar bizim mərkəzə müraciət etsinlər”.
Səhiyyə Nazirliyi də öhdəsinə düşən işləri icra etməkdədir. SN cəbhəyanı ərazilərə əlavə səyyar həkim briqadalarının göndərilməsi ilə bağlı müvafiq göstəriş verib. Cəbhəyanı bölgələrdə əsgərlərə, mülki vətəndaşlara, yaralılara yardım göstərmək üçün ilkin olaraq 6 briqada əraziyə göndərilib. Həmin briqadalar vəziyyəti yerində araşdırmaq, bütün yaralılara yardım göstərmək, xəstələrə kömək etmək kimi xidmətlər göstərəcək. Bu səyyar həkim briqadaları bütün lazımi tibbi avadanlıq və dərman preparatları ilə təmin edilib. Ehtiyac olduğu halda həmin briqadaların sayının artırılması da nəzərdə tutulur. Görülən işlərə baxmayaraq sadə vətəndaşlar orduya yardım etmək arzusundadırlar.
Bəs, bu vəziyyətdə əhalidən yardımlar hansı şəkildə qəbul edilə bilər?
Məsələ ilə bağlı "Şərq”ə danışan hərbi həkim Azad İsazadə qeyd etdi ki, hər bir dövlətin ümumi səfərbərlik planı olur və analoji vəziyyətlərdə o plana uyğun davranılır:
- Səfərbərlik planı təkcə döyüş əməliyyatlarına aid deyil, burada mülki əhali, ərzaq təminatı, tibbi personalın üzərinə düşən iş və s. hər bir məsələ öz əksini tapır. Hər bir mülki idarə qarşısında konkret tapşırıqlar qoyulur ki, məsələn, neçə səyyar briqada, neçə avtomobil ayrılmalıdır, hansı bölgəyə, hansı məntəqəyə göndərilməlidir, geyim, ərzaq təminatı da həmçinin planda əksini tapır. Bütün işlər bu plana uyğun həyata keçirilir. Görürük ki, Səhiyyə Nazirliyi həkim briqadaları təşkil edib, cəbhə və cəbhəyanı bölgələrə göndərir. Qanvermə aksiyaları da səfərbərlik planı çərçivəsində həyata keçirilməlidir. Bəli, əhali orduya, əsgərlərimizə, yaralılara əlindən gələn köməyi göstərmək istəyir və müraciətlər edirlər. Əlbəttə, bu alqışa layiqdir. Amma qanvermə aksiyalarını kortəbii şəkildə icra etmək olmaz. Bunun üçün könüllülər - donorlar siyahıya alınmalı, qan qrupları müəyyənləşməli və könüllülər də qan qrupları üzrə bölünməlidir. Kimin harada, hansı ünvanda qan verə biləcəyi könüllülərə bildirilməlidir. Əhalidə məlumat olmalıdır ki, harada qan verə bilər. Çünki bəzən gecə saatlarında qana ehtiyac olur, yaxud da nadir, daha çox ehtiyac olan qan qrupları var. Belə qan qrupuna malik insanlar daim məlumatlandırılmalıdır. Ərzaq, yanacaq ehtiyatını da diqqətdən kənarda saxlamaq olmaz. Düzdür, hamımız bilirik ki, hazırda ordumuz yüksək şəkildə təmin olunur. Ancaq döyüş şəraiti fərqlidir. Elə bir şərait yarana bilər ki, hansısa hərbi hissədə ərzağa ehtiyac yaranar. Döyüş əməliyyatları gedən bölgələrdə briqadaların tərkibi dəyişir, əlavə qüvvə cəlb olunur və s. Bunlar hamısı əməliyyat şəraitindən asılıdır. Hərbi hissələrin komandirləri ərzaq təminatı ilə bağlı operativ məlumatlar verməlidirlər. Hətta elə bir şərait yaranar ki, hansısa hərbi hissənin ərzaq
ehtiyatı tükənər. Belə ekstremal şəraitdə yerli əhalidən ərzaq yardımı alınmasında heç bir qəbahət yoxdur. Hamımız görürük ki, vətəndaşlarımız orduya nəyləsə yardım etmək istəyir. Ordudakı əsgərləri hamı öz doğması, balası gözündə görür. Evində əlində olan ən dəyərli əşyanı da əsgərə verməyə hazırdır. Vətəndaşların, yerli sakinlərin bu istəyini təbii qarşılamalıyıq. Belə vəziyyətdə əhalinin istəkləri nəzərə alınmalıdır, çünki bununla vətəndaşla ordu, Silahlı Qüvvələr arasındakı bağlılıq daha da möhkəmlənir.
Bu işdə yerli icra hakimiyyətlərinin rolu əhəmiyyətlidir. Məsələn, birinci Qarabağ savaşında biz buna bənzər hadisələrin şahidi olurduq. Elə hərbi hissələr vardı ki, ora bir çox yerlərdən ərzaq gəlirdi, bolluq yaranırdı, amma elə hərbi hissələr olurdu ki, orada ərzaq qıtlığı yaşanırdı. Bütün bu işlər hərbi hissələr və yerli icra orqanları ilə əlaqəli şəkildə icra edilməlidir. Koordinasiya düzgün aparılmalıdır. Evakuasiya məsələləri də səfərbərlik planının mühüm bir hissəsidir. Təhlükəli ərazilərdə yerli sakinləri təhlükəsiz məntəqələrə köçürmək mümkündür. Hər şey düşünülmüş şəkildə, mövcud vəziyyət nəzərə alınaraq icra edilməlidir ki, təhlükə olmayan yerlərdən əhali çıxmasın, əksinə, real təhlükə görünən ərazilərdə sakinlər güvənli şəraitdə olsunlar.
Məlahət Rzayeva