Qanlı olaylar amerikanlıları sarsıdıb

ABŞ-dakı terrorlar Trampa qarşı olan dairələrin işi deyil
-Bu ölkədə çox sadə prosedurla silah sahibi olmaq mümkündür. Bu vəziyyət Amerika cəmiyyətində geniş müzakirələrə yol açıb...



Son aylarda bir qədər səngiyən terror dalğasının ABŞ-da yenidən ortaya çıxması bütün ölkələri hərəkətə gətirib. Maraqlıdır ki, Amerikada terror aktları ilə yanaşı, kütləvi qətllərə səbəb olan cinayət hadisələri də çoxalıb.


Son bir ay ərzində ölkədə iki böyük qətliam yaşanıb. Oktyabrın 31-də Nyu-Yorkda baş verən dəhşətli terror hadisəsi dünyanı silkələdi. Hadisə nəticəsində 8 nəfər həyatını itirdi, 15 nəfər yaralandı. Xatırladaq ki, ondan əvvəl, yəni oktyabrın 1-də Las-Veqas şəhərində 63 yaşlı Stiven Paddok musiqi festivalının iştirakçılarını atəşə tutaraq 58 nəfəri öldürmüşdü. Ötən gün isə Texas ştatında kilsəyə silahlı hücum edən Devin Kelli 26 nəfəri öldürüb və 20-yə yaxın adamı ağır yaralayıb. Dünyanın super ölkəsində baş verən terror və cinayətlər cəmiyyət içində ciddi narahatlığa səbəb olub. Məsələ ondadır ki, Amerikada yaşanan bütün neqativ olaylar ilk növbədə ABŞ-da silah satışının sərbəst olması və ən əsası isə Prezident Donald Trampın yarıtmaz siyasəti ilə əlaqələndirilir. Son olaylarda da birbaşa prezident ittiham olunur. Hətta bəzi ekspertlər hadisələrin arxasında Trampı istəməyən qüvvələrin dayandığını iddia edirlər. 

Lakin politoloq Əli Orucov bunun əksini düşünür. 

Ekspert "Şərq”ə açıqlamasında deyib ki, ABŞ-da törədilən terror aktları, qətliam və zorakılıq halları sadəcə Trampa qarşı olan dairələrin işi deyil. Onun sözlərinə görə, Trampdan əvvəl də Amerikada oxşar hadisələr yaşanıb: 

"Təbii ki, ardıcıl baş verən bu cür qanlı olaylar cəmiyyətdə ciddi narahatlığa səbəb olub. Vurğulanan səbəblər doğru ola bilər. ABŞ-da açıq şəkildə və çox sadə prosedurla silah sahibi olmaq mümkündür. Bu vəziyyət Amerika cəmiyyətində geniş müzakirələrə yol açıb. Odlu silahların çox asanlıqla əlçatan olması bir çox fəlakətlər yaradır. Təsəvvür edin, hazırda ABŞ-da əhalinin əlində olan silah-sursat çeşidləri bir çox ölkələrin silahlı qüvvələrində belə yoxdur”. 

Ekspertin fikrincə, Amerikada baş verən hadisələr beynəlxalq terrorizmin getdikcə daha qorxunc hal aldığını və bütün bəşəriyyəti təhdid etdiyini göstərir: 

"Təəssüflər olsun ki, Vaşinqton terrorizmlə mübarizədə ikili yanaşma sərgiləyir. Ağ Ev terror təşkilatlarını Türkiyə Prezidenti Ərdoğan demişkən, "yaxın və ögey” təşkilatlara ayırır. PYD, YPG kimi terror təşkilatlarına hərtərəfli dəstək verir. Hesab edirəm ki, terrorla ayrıseçkiliyə yol verilmədən daha sərt və əlaqəli mübarizə aparılmalıdır. Əks halda çağdaş əsrimizin bu qorxunc bəlasından ən qüdrətli dövlətlər belə özünü qoruya biməyəcək. Real mənzərə göz qabağındadır”.

İsmayıl