“Qanuni oğru”lar bu qədər təbliğ olunmamalıdır

“Bədənlərinə qəribə “nakolka”lar vurdururlar, özlərini “qanuni oğru”lara bənzətmək istəyirlər”




Buzovnadakı Vərəm dispanserində qətl hadisəsi müəmmalarla yadda qalıb. İlginc məqam hadisənin əvvəllər məhkum olmuş şəxslər arasında baş verməsidir. Verilən məlumatlara görə, məhkumluq həyatı yaşamış Əjdər İsmayılov palata yoldaşlarına qəfildən hücum çəkib. Müalicə alan Elşən İsmayılova bıçaqla xəsarət yetirib, digər xəstə - Vahid Muradov isə aldığı xəsarətdən hadisə yerində ölüb.

Həm Əjdər İsmayılovun, həm də Vahid Muradovun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir. Dispanserin həkimi xəstənin qətli törədərkən affekt vəziyyətdə olduğunu, nə etdiyini bilmədiyini, hətta stəkan qırığı ilə özünə də xəsarət yetirdiyini söyləyib. Diqqət çəkən məqam isə əvvəllər məhkum olmuş iki şəxsin eyni dispanserdə, eyni palatada saxlanmasıdır.

Hadisəni şərh edən hüquqşünas Qurban Məmmədov affekt vəziyyətin insanın psixikası ilə bağlı olduğunu dedi:

- Həkim deyir ki, xəstə affekt vəziyyətdə olub. Affekt vəziyyət psixoloji haldır. Yəni, özünü bilməmək, nə iş gördüyünün fərqinə varmamaq. İnsanlar var ki, bir az artıq spirtli içki qəbul etdikdə affekt vəziyyətə düşürlər. Səhərisi kimsə ona deyəndə ki, dünən bu hərəkətləri etmisən, inanmır, deyir, "ola bilməz”. Çünki heç nəyi xatırlamır. Palata yoldaşına hücum çəkən şəxsin, vərəm xəstəliyindən əlavə, görünür, psixi problemləri də olub. Çünki o, bir nəfərə hücum çəkməyib, gözünə görünəni vurub. Mən bunu təsadüfi hal hesab edirəm. Bunu əvvəlcədən planlaşdırılmış iş kimi qələmə vermək, şişirtmək düzgün deyil. Vərəm dispanserində əvvəllər məhkum olmuş şəxslərin saxlanmasında isə təəccüblü bir hal yoxdur. Vərəm xəstəliyinin ən çox yayıldığı yer, həbsxanalardır. Vərəm xəstəliyinə tutulanlar da, bu bədbəxt məhbuslardır. Bu dəqiqə yoxlasanız, vərəm dispanserlərinin xəstələrinin əksəriyyəti ya hazırda məhbusluq yaşayan, ya da əvvəllər məhkum olmuş şəxslərdir. Soruşmaq lazımdır ki, məhbuslar niyə vərəm xəstəliyinə tutulur? Vərəm xəstələri arasında niyə məhbuslar çoxluq təşkil edir?

Palata yoldaşı tərəfindən öldürülən Vahid Muradovun çiynindəki ulduz formalı döymələrə əsasən "qanuni oğru” olması versiyasını isə Q.Məmmədov əsassız sayır:

- Azərbayanda "qanuni oğru” kimdir, hamı tanıyır. Bəzi adamlar elə sanır ki, bədəninə döymə etdirməklə, "qanuni oğru” olacaq. Belə adamlar çoxdur. Bədənlərinə qəribə "nakolka”lar vurdururlar, özlərini "qanuni oğru”lara bənzətmək istəyirlər. Bu, çox pis ənənədir. "Qanuni oğruluq” bu qədər təbliğ edilməməlidir.

Məlahət Rzayeva