Məmməd Zeynalov: “Araşdırmalardan sonra əgər həmin oğru təmizə çıxarsa, yenidən toplantı keçirilib adı özünə qaytarılır”
Məlumata görə, bu yaxınlarda Rusiya paytaxtında bütün "qanuni oğru”ların iştirakı ilə toplantı keçiriləcək. "Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun təşkilatçısı olduğu bu yığıncaqda azərbaycanlı Rövşən Lənkəranskinin (Canıyevin) "oğru” titulundan məhrum edilməsi ilə bağlı fətva verən "qanuni oğru”lardan bu qərarı nə üçün verdikləri soruşulacaq. Kriminal aləmin ən çəkili "qanuni oğru”su sayılan "Şakro Molodoy”un Rövşən Lənkəranskini öz himayəsinə götürdüyü deyilir.
Məlumdur ki, kriminal aləmin "Ded Xasan” ləqəbli "xaç atası” Aslan Usoyanın qətlindən sonra qoca "oğru”lar Lənkəranskinin cəzalandırılması barədə qərar çıxarıblar. Buna görə də azərbaycanlı "qanuni oğru” üçün bu toplantının çıxaracağı qərar maraqla gözlənilir. Xatırladaq ki, bu il yanvarın 6-da Ermənistanın paytaxtı İrəvan yaxınlığında son illərin ən böyük "oğru sxodkası” keçirilib və həmin "sxodka”da Rövşən Lənkəranski titulundan məhrum edilib. Titulun alınması kriminal aləmdə ölümə bərabər hesab olunur.
Azərbaycanlı "oğru” barədə veriləcək qərara münasibət bildirən Ədliyyə nazirinin keçmiş müavini, Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov deyib ki, əgər hər hansı "qanuni oğru” müəyyən hadisədə günahlandırılırsa, yaxud barəsində arzuolunmaz söz-söhbət gəzirsə, problemlər aradan qaldırılana kimi onun titulu əlindən alınır: "Bu, dəfələrlə yaşanmış şeydir. Sonrakı araşdırmalardan sonra əgər həmin oğru təmizə çıxarsa, yenidən toplantı keçirilib adı özünə qaytarılır. Yəni elə təsəvvür edin ki, Nazirliyin kollegiyası hansısa məsələni müzakirəyə qoyur və baş vermiş hadisənin səbəblərini araşdırdıqdan sonra yekun qərar çıxarır”.
M.Zeynalov bildirib ki, "sxodka”ların qərarında yetərsay məsələsi önəmlidir: "Əgər səsvermədə kifayət qədər səs olmayıbsa və hansısa balaca bir qrupun iştirakı ilə məsələ həll edilibsə, bu halda digər qruplar qərardan narazılıq edirlər. Onlar hansı səbəbdən kənarda qaldıqlarını bilmək istəyirlər. Ona görə də müəyyən qruplar tərəfindən ayrıca keçirilən "sxodka”ların qərarları çox vaxt oğru dünyası tərəfindən qəbul olunmur. Çünki hamının iştirakı olmadan keçirilən "sxodka”lar qeyri-legitim sayılır”.
Sabiq rəisin sözlərinə görə, oğru dünyasında millətlərarası problemlər və ayrıseçkilik həmişə olub, bundan sonra da olacaq: "Bir evdə yaşayan üç qardaş arasında belə münaqişələr olur. Doğma qardaşlar bir-biri ilə yola getmir, qaldı ki, millətlər, xalqlar ola. Ayrı-ayrı millətlər arasında yaşanan ziddiyyətlər təbiidir və qaçılmazdır. Çünki söhbət nüfuz uğrunda mübarizədən gedir. Əlbəttə, azərbaycanlı öz millətinin, gürcü də öz xalqının tərəfini tutacaq”.
İsmayıl