Vacib olan qanunun icra mexanizmini təmin etməkdir
Qapalı yerlərdə siqaretin qadağan edilməsi doğru qərardır
Əgər qanun qəbul olunduqdan sonra insanlar ona əməl eləməsə, o zaman cərimələri artıra bilərlər
Vacib olan qanunun icra mexanizmini təmin etməkdir
Vacib olan qanunun icra mexanizmini təmin etməkdir
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin qəbulu addım-addım reallaşır. Hər nə qədər cəmiyyətin əksər üzvləri bu qanun layihəsinin qəbulunu xoş qarşılamasa da, Milli Məclisin gündəliyini çoxdan zəbt edib. Elə dünən, Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası zamanı da sözügedən qanun layihəsi III oxunuşda müzakirə edilib.
Layihə haqqında məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, layihə Milli Məclisin spikeri Oqtay Əsədovun dəstəyi ilə hazırlanıb. Komitə sədri bildirib ki, qanun layihəsi ilə bağlı dinləmələr keçirilib: "Hesab edirəm ki, qanun layihəsi plenar iclasa çıxarılaraq qəbul oluna bilər və daha sonra lazım olsa, yenidən qanun layihəsinə qayıtmaq mümkündür. Bu qanun sağlam həyatın təbliği və gənc nəslin sağlam böyüməsinə töhfə verəcək”.
Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa bildirib ki, son zamanlar Milli Məclisdə qəbul edilən qanunlar arasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi mühüm hadisə kimi qiymətləndirilə bilər.
O qeyd edib ki, buna əməl etməyi düşünən insanların sayı çoxdur:
"Hesab edirəm ki, qanun layihəsinin ilkin mərhələdə tətbiqində problem olacaq. Bu baxımdan onun ilkin tətbiqi üçün maarifləndirməyə ehtiyac var. Lakin ümumilikdə qanun çox yüksək səviyyədə hazırlanıb”.
Daha sonra çıxış edən deputat Məlahət İbrahimqızı deyib ki, qanun hər kəsin hüquqlarını qoruyacaq səviyyədədir. Tütünlə bağlı daha çox şadlıq evlərində xüsusi problemlərin olduğunu deyən M.İbrahimqızı qanunda sərt müddəaların olmasını təklif edib.
Millət vəkili Rövşən Rzayev qanun layihəsinin müasir dövr üçün vacib olduğunu deyib. Deputat qanun layihəsində cərimələrin artırılmasını təklif edib. "Qanun layihəsində Metropoliten ərazisində tütün məmulatlarından istifadə edənlər üçün 100 manat cərimə nəzərdə tutulub. Lakin metro ərazisində insanların çoxluğunu nəzərə alsaq, düşünürəm ki, bu cərimənin 500 manata çatdırılması təqdirəlayiq olar”.
Hüquqşünas Qurban Məmmədov isə "Şərq”ə açıqlamasında qanunun icra mexanizmini təmin etmək üçün cərimələrin artırılmasının bir o qədər də effektiv olmayacağını deyib. Onun sözlərinə görə, düzgün maarifləndirilmə aparılsa, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun əhəmiyyəti insanlara doğru aşılansa, cəmisi 50 manat cərimə ilə belə qanunun effektiv nəticəsini görmək olar.
Siqaretin çəkiləcəyi yerlərin məhdudlaşması ilə bağlı hazırlanan qanun layihəsinin təqdirəlayiq olunduğunu vurğulayan Q.Məmmədovun sözlərinə görə, vacib olan qanunun icra mexanizmini təmin etməkdir:
"Qapalı məkanlarda siqaretin çəkilməsi ilə bağlı qərar doğru qərardır. Bütün dünyada bu istiqamətdə real addımlar atılır. Xüsusi yerlərdən başqa qapalı məkanlarda siqaretin çəkilməsinə cəzaların və cərimələrin olması normaldır. Amma yenə bu sahədə də boşluq var. Əgər qanun qəbul olunduqdan sonra insanlar ona əməl eləməsə, o zaman cərimələri artıra bilərlər. İndiki halda cərimələri bu qədər yüksək tətbiq etməyin heç bir ehtiyacı yoxdur. Ancaq təəssüflər olsun ki, bizdə qanunun icrası ilə bağlı birmənalı danışmaq mümkün deyil. Bir çox hallarda qəbul olunan qanunlar özünü doğrultmur. Ona görə deyirəm ki, maarifləndirmə olmadan inzibati üsulla cəzaların və cərimələrin olması effektli olmayacaq.
Belə qanunlar hazırlanmamışdan öncə təbliğat işi aparılmalıdır, əhali maarifləndirilməlidir. Sosial çarxlar televiziya kanallarında nümayiş olunmalıdır, mütəxəssislərin mövzu ilə bağlı açıqlamaları ictimaiyyətə çatdırılmalıdır ki, bu qaydalar effekt versin. Bunu təmin etmək isə artıq dövlətin problemidir. Aidiyyəti qurum rəhbərləri öz vəzifələrini şəffaf və obyektiv qaydada yerinə yetirsələr, qanunların icrası üzərində nəzarət mexanizmini gücləndirsələr, heç bir problem yaranmaz. Qanunların icra edilməməsinə görə məsuliyyətli olan vəzifəli şəxslər dərhal vəzifədən azad edilməlidir. Əgər məmurlarımız öz səlahiyyətlərini, vəzifə borclarını dərk etsələr, qanunlarımız da işləyəcək, vətəndaşlarımız da qanunlara əməl edəcək. Cərimənin miqdarını artırmaqla effektiv nəticə gözləmək isə mənasız bir addımdır”.
Şəymən