Vüqar Rəhimzadə: “Həmin adamlarla hüquq-mühafizə orqanlarının dili ilə danışmaq, sərt cəzalar tətbiq etmək zəruridir”
“Qara ləkə”lər Azərbaycan mətbuatından təmizlənəcək
Elçin Mirzəbəyli: “Belə adamların digər qurumlarla, cinayətkar dəstələrlə sıx əlaqədə olduğu heç kimə sirr deyil”
Vüqar Rəhimzadə: “Həmin adamlarla hüquq-mühafizə orqanlarının dili ilə danışmaq, sərt cəzalar tətbiq etmək zəruridir”
Vüqar Rəhimzadə: “Həmin adamlarla hüquq-mühafizə orqanlarının dili ilə danışmaq, sərt cəzalar tətbiq etmək zəruridir”
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi DİN-ə müraciət edib. Zərərçəkən iş adamı bildirib ki, "Jam.az” saytının baş redaktoru Fikrət Fərəməzoğlu (İbişbəyli) onu işgüzar nüfuzuna xələl gətirən materiallar yaymaqda şantaj edərək 1000 manatını alıb. Daha sonra isə gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb edib.
Aparılan araşdırmalarla müraciətdə göstərilən iddialar təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət Fərəməzoğlu iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb. İlkin istintaqla F.Fərəməzoğlunun ətrafına bir qrup şəxs toplayaraq çoxsaylı sahibkar və vəzifəli şəxslər barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alması müəyyən olunub. Fərəməzoğlunun 12 il azadlıqdan məhrum ediləcəyi bildirilib. Bəzi dairələr baş redaktorun həbsini söz azadlığına basqı kimi dəyərləndiriblər. Amma bu barədə mətbuata açıqlama verən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib ki, qanunsuz əməllərlə məşğul olan Fərəməzoğlunun həbsi söz və ifadə azadlığı kontekstində dəyərləndirilə bilməz. Sədr bildirib ki, jurnalist peşə fəaliyyətində ölkə qanunlarına və peşə davranışı qaydalarına riayət etməlidir: "Praktika göstərir ki, etik prinsiplər çərçivəsində hərəkət edən media nümayəndəsinin qanundan kənar addım atması hallarına rast gəlinmir. Təəssüf ki, eyni sözləri "Jam.az”ın rəhbəri barədə söyləyə bilməyəcəyik. Bu cəhət Şuraya daxil olan çoxsaylı şikayətlərdə də əksini tapırdı. Dəfələrlə xəbərdarlığımız olub, lakin nəticə çıxarılmayıb. Buna görə də saytın adı Mətbuat Şurası İdarə Heyətinin qərarı ilə "qara siyahı”ya salınıb. Bu, Şuranın "Jam.az” barədə gördüyü ən sərt ictimai qınaq tədbiridir”. Ə.Amaşov bəyan edib ki, bir sıra saytlar keçmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi ilə sıx əlaqədə olub. Həmin saytlar əsasən müxtəlif vəzifəli şəxslər barədə onlara ötürülmüş aşağılayıcı materialları yayıblar: "Bu kimi hallar sağlam jurnalistika sayıla bilməz. Aydındır ki, bir-birinə qarşı duran qütblər olub. Adlarını jurnalist qoyan bəzi şəxslər bu qütblərin oyunlarında iştirak ediblər. Onların yazdıqları, gündəmə gətirdikləri birbaşa hüquqi müstəvidə dəyərləndirilməli məsələlərdir. Şərəf və ləyaqətin təhqiri, işgüzar nüfuza ləkə gətirilməsi və s. bu sayaq hallar onlar üçün tam adi bir şeydir. Belələri barədə götürülən hüquqi ölçü tədbiri heç bir halda jurnalistə qarşı cinayət işi kontekstində dəyərləndirilməməlidir. Jurnalist o adamdır ki, redaksiya tapşırıqlarını yerinə yetirir, tədbirlərə qatılır, reportajlar hazırlayır”.
Jurnalistin həbsi ilə bağlı "Şərq”ə danışan "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib ki, Mətbuat Şurası qanunsuz fəaliyyət göstərən sayt rəhbərləri ilə mübarizə aparır. Ancaq bu mübarizənin ən son həddi həmin saytları "qara siyahı”ya salmaqdır. Bundan o yana Şuranın hansısa cəza tətbiq etməyə səlahiyyəti yoxdur: "Bu cür insanların fəaliyyəti
konkret olaraq cinayətdir. Media onlar üçün sadəcə vasitədir. Şübhəsiz ki, həmin şəxslərin mətbuatla heç bir əlaqəsi yoxdur. Çirkin niyyətdə olan istənilən şəxs sayt yaradaraq, cibinə saxta jurnalist vəsiqəsi qoyaraq şantaj yolunu seçə bilər. Təəssüflər olsun ki, şantaj proseslərində media vasitələrindən də istifadə olunur. Amma qanun heç bir şəxsi öz peşəsinə görə cinayət məsuliyyətindən azad etmir. "Jam.az” saytının baş redaktorunun həbsi heç bir halda mediaya təzyiq və söz azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Çünki onun cinayətkar əməlləri hər kəsə bəlli idi. Çox nadir adamlardan idi ki, nəinki iş adamlarını, hətta media nümayəndələrini belə təhdid və şantaj edirdi. Belə adamların digər qurumlarla, cinayətkar dəstələrlə sıx əlaqədə olduğu heç kimə sirr deyil. O cür "jurnalistlər” hələ də var. Ümid edirəm, zamanla qara ləkələri Azərbaycan mətbuatından təmizləmək mümkün olacaq”.
"İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanda şərəfli fəaliyyət göstərən kifayət qədər qəzet və sayt var. Ancaq təəssüflər olsun ki, çoxlu sayda yaxşı saytların işinə az sayda cinayətkar "saytlar” ciddi zərbə vururlar: "Bəzi şəxslər peşə qaydalarını kobud şəkildə pozaraq, media qanunlarına zidd addımlar ataraq müəyyən üsullarla çirkin niyyətlərini həyata keçirirlər. Mətbuat Şurası maksimum çalışır ki, cinayətə meyilli insanları bu yoldan çəkindirsin. Amma Şuranın xəbərdarlığına məhəl qoymayanlar şantaj vasitəsi ilə pul qazanmağa davam edirlər. Ona görə də həmin adamlarla hüquq-mühafizə orqanlarının dili ilə danışmaq, sərt cəzalar tətbiq etmək zəruridir. Əgər o şəxslərin jurnalistikaya dəxli yoxdursa, deməli, onların cinayətə görə həbs olunmasının da media və söz azadlığı ilə əlaqəsi yoxdur”. Baş redaktorun sözlərinə görə, bu cür hallar mətbuata ləkə gətirən ciddi qüsurlardır: "Cəmiyyətin bütün sağlam düşüncəli insanları onlara qarşı amansız olmalı, daim mübarizə aparmalıdır. Kimlərəsə güvənərək qanunsuz işlərlə məşğul olanlar sonlarının acınacaqlı olacağını bilməlidirlər. Həmin adamlarla bağlı verilən qərarlar ədalətlidir”.
İsmayıl