Qarabağ boşalır...

Nekrasov görür, Rusiya rəhbərliyinin də bu mənzərəni görməsi vacibdir
“Qondarma rejimlərin nəzarət etdiyi bölgələr tənəzzülə məhkumdurlar”


Rusiyalı məşhur iqtisadçı Dmitri Nekrasov işğal olunmuş ərazilərdə qurulan qondarma rejimlərin acı aqibətindən söz açıb. Rus iqtisadçı deyib ki, qondarma respublikalar qısa zaman sonra dağılacaq, insanlar buradan qaçacaqlar. Artıq bu prosesə start verilib:

"Mən Dağlıq Qarabağda və Abxaziyada olmuşam. Görmüşəm ki, iqtisadi əlaqələrin kəsilməsi bu ərazilərin sürətlə boşaldılmasına səbəb olur. Qondarma rejimlərin nəzarət etdiyi bölgələr tənəzzülə məhkumdurlar. Dağlıq Qarabağda olan şəhərlərdə əvvəllər yüz minlərlə insan yaşayırdı, amma indi heç kim qalmayıb. Donbas rayonları ilə bağlı da Kremlin heç bir uğurlu siyasəti olmayıb. Bu ərazilərdəki insanları yaxşı heç nə gözləmir”. Əslində düşmən təcavüzünə məruz qalmış ərazilərdə, xüsusən erməni quldurları tərəfindən zəbt edilmiş Qarabağ torpaqlarında normal həyatın olmayacağını, əhalinin təhlükəli bölgələrə zorla və müvəqqəti yerləşdirildiyi dəfələrlə dilə gətirilib. Hətta çoxsaylı faktlarla, sübutlarla isbat olunub, erməni ekspertlər də bunu etiraf ediblər. Lakin Sarkisyan hakimiyyəti və onu himayə edən güclər israrla Qarabağın boşalması ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini iddia edirdilər. Amma kənar müşahidələr bir daha sübut edir ki, erməni vandallarının işğalı altında olan ərazilərdə nəinki normal həyat şəraiti, ümumiyyətlə, yaşayış yoxdur.

Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Elçin Mirzəbəyli deyib ki, əgər Nekrasov Qarabağa səfər edibsə, şübhəsiz ki, reallığı bizdən daha yaxşı bilir. Ekspertin sözlərinə görə, erməni mətbuatında yayılan informasiyalar və açıqlanan rəqəmlər Qarabağın boşaldığını göstərir: 

"Ermənistan hakimiyyəti prosesə ciddi surətdə mane olmağa çalışsa da, faktlar həm Qarabağın, həm də Ermənistanın kütləvi şəkildə tərk edildiyini ortaya qoyur. Nekrasov baş verən proseslərin bilavasitə şahididir, ona görə də söylədikləri həqiqətdir. Əvvəla, ağlı başında olan istənilən insan dərk edir ki, Dağlıq Qarabağın və Rusiyanın bilavasitə iştirakı ilə zəbt edilmiş digər separatçı rejimlərin heç bir perspektivi yoxdur. İstər Dağlıq Qarabağda, istər Gürcüstanda, istərsə də digər bölgələrdə yaradılmış qondarma rejimlər heç bir ölkə və ya qurum tərəfindən tanınmayıb. Şübhəsiz ki, bundan sonra da tanınmayacaq. Çünki həmin ərazilərdə formalaşmış qanunsuz rejimlər Rusiyanın geosiyasi oyunlarının qurbanıdır”.

 E.Mirzəbəyli bildirib ki, Qarabağın Azərbaycandan qopardılması, yaxud "müstəqilliyinin” tanınması qeyri-mümkündür: 

"Azərbaycan xalqı regionun ən qüdrətli milləti kimi bir qarış torpağını da heç kimə güzəştə getməyəcək. Elə bu səbəbə görə Qarabağda ermənilər rahat və uzunmüddətli yaşaya bilməzlər. İşğal edilmiş ərazilərimizdən və eləcə də Ermənistandan köçkün digər səbəblərindən biri isə Azərbaycan ordusunun gündən-günə güclənməsidir. Bunun qarşılığında Ermənistan siyasi və iqtisadi baxımdan getdikcə iflasa uğrayır. Sarkisyan rejiminin qanlı siyasətindən cana doyan insanlar rejimin əsarəti altında yaşaya bilmirlər və bölgəni tərk edirlər. Çox yaxşı olar ki, bu real mənzərəni Rusiyanın rəhbərliyi də görsün”.

İsmayıl