Mübariz Əhmədoğlu: “Rusiya-Azərbaycan əlaqələrinin gələcəyi böyük inam tələb edir”
Qabil Hüseynli: “Hər halda proses birbaşa Rusiyanın təsiri altındadır”
Azərbaycan və Rusiya Xarici işlər nazirləri arasında 2015-2016-cı illər üçün məsləhətləşmələr planı imzalanıb. Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdikləri görüşdən sonra imzalayıblar. Lavrov Azərbaycanın Rusiyanın Cənubi Qafqaz və Xəzər regionunda strateji tərəfdaşı olduğunu qeyd edərək deyib ki, iki ölkə arasında ticarət dövriyyəsi keçən il 16 faiz artaraq tarixi maksimuma çatıb.
Rusiyalı nazir azərbaycanlı həmkarı ilə danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin də əsas müzakirə mövzusu olduğunu vurğulayıb. O deyib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi Rusiya üçün prioritet məsələdir: "Biz bu münaqişənin həm ikitərəfli münasibətlər çərçivəsində, həm də ATƏT-in Minsk Qrupunun həmsədri kimi danışıqlar vasitəsilə həll olunması üçün səylərimizi davam etdirəcəyik”. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da Dağlıq Qarabağ münaqişəsinin həll olunma zamanının çatdığını bildirib. Nazir həmçinin, Xəzər dənizinin hüquqi statusu ilə bağlı müzakirələr aparıldığını və Azərbaycanın Xəzərin hüquqi statusuna dair mövqeyinin bir çox müddəalarda Rusiya ilə üst-üstə düşdüyünü də söyləyib. Xarici işlər nazirlərinin Moskva görüşünü şərh edən ekspertlər isə məsələyə birmənalı münasibət bildirməyiblər. Əksər politoloqların sözlərinə görə, Lavrov-Məmmədyarov görüşü Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir irəliləyişə səbəb olmayacaq. Çünki Rusiyanın istəyi münaqişəni donmuş vəziyyətə salmaqdır. Məhz donmuş münaqişə vasitəsi ilə Kreml Azərbaycana təsir etmək imkanı qazanır. Təbii ki, bu fikirlərlə razılaşmayan siyasi ekspertlər də var. Məsələn, politoloq Mübariz Əhmədoğlu deyib ki, məlum görüşdən sonra Qarabağ məsələsinin həlli ilə bağlı ciddi addımların atılacağını gözləyə bilərik: "Son hadisələr göstərdi ki, Qərb Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq niyyətində deyil. Baxmayaraq ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı ABŞ və Avropanın əlində kifayət qədər təsir imkanları var, ancaq onlar ermənilərə təzyiq edib problemi həll etmək istəmirlər. Əgər Avropa İttifaqı Riqa Sammitində imzaladığı bəyannaməyə Qarabağla bağlı qəbul edilən qətnamələrdən ifadələr salmırsa, o zaman onlardan münaqişənin həlli ilə bağlı müsbət nəticə gözləməyə dəyməz”. Politoloqun fikrincə, Qərb hesab edir ki, Qarabağ münaqişəsinin həll olunmamış qalması ilk növbədə Rusiyanın maraqlarına ziyan vurur və münaqişənin davam etməsi onun zəifliyinin göstəricisidir: "Qarabağ münaqişəsinin tənzimlənməməsi Qərblə Rusiya arasında geosiyasi oyuna çevrilib. Zaman keçdikcə Rusiyada da bunu dərk edirlər. Rusiya XİN-in son açıqlamasında da Azərbaycanın bölgədə özünün vacib strateji tərəfdaşı hesab etməsi o deməkdir ki, artıq Moskva-Bakı münasibətlərinin böyük gələcəyi var. Rusiya-Azərbaycan əlaqələrinin gələcəyi böyük inam tələb edir. Böyük inamın formalaşmasında əsas məsələ Rusiyanın Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsində öz töhfəsini verməsidir”. M.Əhmədoğlu onu da əlavə edib ki, Qarabağla bağlı növbəti görüş hər iki ölkənin prezidentlərinin Bakıda keçiriləcək görüşündə hərtərəfli müzakirə olunacaq: "Belə ki, Rusiya prezidenti Vladimir Putin Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gələcək və o zaman görüşdə bu məsələ geniş formada bir daha müzakirə olacaq. Ümid edirəm ki, o zaman ən ciddi açıqlamaların şahidi olacağıq”.
Görüş barədə fikirlərini bölüşən sabiq dövlət müşaviri Qabil Hüseynli də nisbətən nikbin danışıb: "Rusiya rəsmi şəkildə bəyan etdi ki, Dağlıq Qarabağ onun xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilib. Bu çox mühüm bir addımdır. Elmar Məmmədyarov da Moskva səfərindən öncə əminliklə bildirdi ki, yaxın vaxtlarda münaqişənin həll edilməsini gözləyir. Hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasında Dağlıq Qarabağla bağlı danışıqlarda ciddi irəliləyiş olacaq. Düzdür, bu proses ATƏT-in Minsk Qrupu çərçivəsində tənzimlənir. Ancaq hər halda proses birbaşa Rusiyanın təsiri altındadır. Güman edirəm ki, Rusiya ilə aparılan danışıqlar bu sahədə ciddi uğurlara gətirib çıxara bilər”.
İsmayıl