“Qarabağ danışıqlarında müəyyən hərəkətlilik müşahidə olunur” - Rusiya səfiri
“Moskvanın məqsədi münaqişəli tərəflərə anlaşmaya nail olmaq üçün dəstək verməkdir”
"Xəzərin statusu haqqında Konvensiyanın imzalanması tarixi hadisədir”. Bunu Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov dünən keçirdiyi mətbuat konfransında deyib. Səfirin sözlərinə görə, vacib amil ondan ibarətdir ki, bu Konvensiya ilk növbədə öz maraqlarını nəzərə alan beş müstəqil dövlət tərəfindən imzalanıb: "Mühüm olan odur ki, Konvensiyanın imzalanmasında suveren dövlətlər iştirak edib. Ölkələr hansısa təzyiqlə üzləşmədən imzalamanı öz maraqlarına uyğun həyata keçiriblər.
Bu, böyük nailiyyətdir. İndi Xəzərdə mehriban qonşuluq əlaqələrini möhkəmləndirən beynəlxalq hüquqi rejim yaradılıb. Bu, çox vacib tarixi hadisədir”. Diplomatın fikrincə, ümumi xarakter daşıyan bu Konvensiya yaxın zamanlarda Xəzər regionu ölkələrinin dövlət başçılarının qərarı ilə yaradılmış yüksək səviyyəli işçi qrupunun fəaliyyəti nəticəsində konkret layihələrə yol açacaq: "Yüksək səviyyəli işçi qrupunun birinci iclasının 2018-ci ilin sonuna qədər Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Mən hələlik hansı layihələrin hazırlanacağını bilmirəm. Ola bilər ki, layihələrdən biri Xəzər dənizində kruiz turizmi sisteminin yaradılması olsun. Bunda həm ölkələr, həm də səyahət etmək istəyən insanlar maraqlıdır. Bu, hələlik bir fikirdir, amma istərdim ki, qısa zamanda reallaşsın”.
"Əlaqələrin zənginləşdirilməsini bir nömrəli hədəf hesab edirəm”
Mixail Boçarnikov bildirib ki, Rusiyanın Azərbaycandakı səfirliyinin yaxın müddət ərzində əsas hədəfi iki ölkənin dövlət başçıları arasında qurulmuş əlaqələrin praktiki məsələlərlə zənginləşdirilməsidir. O bildirib ki, hazırda gündəlikdə regionlararası əməkdaşlıq forumunun təşkili, eləcə də hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi dayanır: "Məhz iki ölkənin dövlət başçıları arasındakı dostluq əlaqələri Rusiya ilə Azərbaycan arasında müxtəlif yönümlü əməkdaşlığa təkan verir. Ona görə də bu əlaqələrin zənginləşdirilməsini bir nömrəli hədəf hesab edirəm. Əgər konkret danışsaq, hazırda gündəlikdə oktyabrın əvvəlində Gəncədə keçiriləcək regionlararası əməkdaşlıq forumunun təşkil olunması dayanır. Bu, işgüzar dairələrin, rəsmi şəxslərin, müvafiq nazirliklərin iştirakı ilə ölkələrimizin regionlarının böyük görüşü olacaq. Fikrimcə, bu görüş əməkdaşlığımızın inkişafına yeni təkan verməlidir”. Səfir əlavə edib ki, bu ilin sonunadək Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin həmsədri olduqları hökumətlərarası komissiyanın növbəti iclası keçirilməlidir: "Bu da cari ilin sonunadək müəyyən olunmuş hədəflərdən biridir. Mən dövlət hədəflərindən danışdım, səfir olaraq şəxsən mənə gəldikdə isə əsas hədəf rəsmi şəxslər və ictimaiyyət nümayəndələri ilə sıx əlaqələr yaratmaq, eləcə də ölkə ilə daha yaxından tanış olmaqdır”.
"İndi Qarabağ üzrə danışıqlar prosesində tərəfləri bir-biri ilə tanış etmək üçün müəyyən bir hərəkətlilik müşahidə edilir”. Bunu da Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov deyib.
Onun sözlərinə görə, Rusiyanın Dağlıq Qarabağla bağlı rəsmi mövqeyi məlumdur: "Moskvanın məqsədi münaqişəli tərəflərə anlaşmaya nail olmaq üçün dəstək verməkdir”.
Diplomat qeyd edib ki, Rusiya bu məsələyə həmsədrlərdən biri olaraq ATƏT-in Minsk qrupunun prizmasından yanaşır.
"Mən ictimaiyyətin müəyyən hərəkətini görürəm. Elə QHT-lər var ki, bu istiqamətdə öz fəaliyyətlərini həyata keçirirlər. Qeyd etmək istəyirəm ki, ölkələrimizin dini liderlərinin müraciətləri də münaqişənin həllinə öz töhfəsini verməkdədir” - deyə səfir bildirib.
"Multikulturalizm və tolerantlıq Azərbaycanın nüfuzunu daha da yüksəldir”
Boçarnikovun sözlərinə görə, multikulturalizm və tolerantlıq Azərbaycanın nüfuzunu daha da yüksəldir. Səfir qarşıdan gələn Qurban bayramı ilə bağlı öz təbriklərini çatdırıb: "Bu, hər kəsi sevgi və mərhəmət ideallarında tərbiyə edən böyük bayramdır. Mən Azərbaycandakı fəaliyyətimə yenicə başlayanda Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin çıxışını eşitdim. O qeyd edirdi ki, Azərbaycanda müsəlmanlar bərabər hüquqlardan, multikulturalizm və tolerantlığın üstünlüklərindən yararlanır. Mən bunu eşitməkdən çox məmnunam. Multikulturalizm, tolerantlıq Azərbaycanın beynəlxalq nüfuzunu artıran amillərdəndir. Ona görə də mən hamını qarşıdan gələn bayram münasibətilə təbrik etmək, hər kəsə mehribanlıq, sağlamlıq, xoşbəxtlik və rifah arzu etmək istəyirəm”.
"Rusiya Azərbaycanla münasibətlərin möhkəmlənməsi üçün lazım olan hər şeyi edəcək”
Mixail Boçarnikov söyləyib ki, Rusiya Azərbaycanla münasibətlərin möhkəmlənməsi üçün lazım olan hər şeyi edəcək: "Rusiya digər ölkələri əməkdaşlıq istiqamətlərinin seçimi qarşısında qoymur. Biz heç vaxt heç kimi seçim qarşısında qoymağa cəhd etməmişik. Rusiya və Azərbaycan suveren, dayanıqlı, sabit müstəqil dövlətlərdir və özləri beynəlxalq arenada öz dostlarını müəyyən etmək gücündədir. Fikrimcə, Rusiya mümkün olan hər şeyi edəcək ki, Azərbaycanla münasibətlərimiz möhkəmlənsin və daha da sıx olsun”. Bundan başqa, səfir Rusiya və Azərbaycanın ünvanına səsləndirilən hücumları şərh edib: "Biz hesab edirik ki, birtərəfli yanaşma artıq köhnəlib. Dünyada çoxlu təsir mərkəzləri var və onlar öz münasibətlərini öz maraqlarına uyğun qurur. Hesab etmirəm ki, Azərbaycana hansısa təsir o qədər güclü olsun ki, ölkə öz suverenliyinə uyğun olmayan hərəkət etsin”.
"Azərbaycan və Rusiya yaxın vaxtlarda bir sıra sənədlər imzalayacaq”
Səfir bildirib ki, Rusiya və Azərbaycan yaxın zamanlarda iri sənədlər zərfi imzalamağı planlaşdırır: "Zərfə iqtisadi və humanitar sahələrdə əməkdaşlıq elementləri daxil olacaq. Bu sənədlər zərfi iqtisadi əməkdaşlığa əsas yanaşmanı müəyyən edəcək. Biz qarşımıza ticarət dövriyyəsini artırmağı hədəf qoymuşuq. 2017-ci ildə dövriyyə 2,6 milyard dollar təşkil edib. Gələcəkdə bu göstəricinin artacağına ümid edirik”. M.Boçarnikovun sözlərinə görə, tərəflər, həmçinin sənaye, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafını davam etdirmək niyyətindədir: "Tezliklə biz Rusiyanın iştirakı ilə birgə müəssisələrin yaradılmasını görəcəyik. Bu müəssisələr gələcəkdə daha da yaxınlaşmağımıza şərait yaradacaq”.
Diplomat əlavə edib ki, son zamanlarda iki ölkənin biznes şuralarının işi fəallaşıb:
"Bizim tərəfimizdən Şura 70-dən çox şirkətlə təmsil olunur. Dövlət inkişaf istiqamətlərini planlaşdırarkən biznes maraqları nəzərə alınmalıdır. İlin sonunadək iqtisadi əməkdaşlığa yeni təkan veriləcək”.
İsmayıl