
Qarabağ münaqişəsi və Ukrayna hadisələri...
Bu, Bakıda keçirilən beynəlxalq Forumun əsas müzakirə mövzusu oldu

Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə əməkdaşlığı çərçivəsində Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu öz işini davam etdirib. Tədbirə 72 ölkədən hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərdən ibarət 200-ə yaxın nümayəndə dəvət olunub. İştirakçıların hamısı yekdilliklə III Qlobal Bakı Forumunu dünyanı düşündürən məsələlərin müzakirə edildiyi çox əhəmiyyətli məkan adlandırıblar.
Forumda iştirak edən nüfuzlu dövlət və hökumət başçıları dünyanı ciddi narahat edən məsələləri, etnik və digər zəmində baş verən münaqişələri, terror təhdidlərini, demokratiyanın inkişafını, təhsil, ekologiya və digər sahələrdə mövcud çağırışları geniş müzakirə ediblər. Bu problemlərin aradan qaldırılması istiqamətində qarşıda duran mühüm vəzifələrlə bağlı səmərəli fikir mübadiləsi aparıblar. Azərbaycan Prezidenti İlham Əliyev Forumun rəsmi açılışı zamanı söylədiyi nitqində problemlərin müzakirəsi üçün Forumun nadir fürsət olduğunu bəyan edib: "Bu dərəcədə yüksək səviyyəli qonaqların sayəsində bizi gələcəkdə hansı işlərin, hansı çağırışların gözlədiyini və bu gün dünyanın bütün yerlərində mövcud olan gərginliyin azaldılması üçün hansı tədbirlərin görülməli olduğunu müzakirə etmək üçün Forum mühüm və tarixi əhəmiyyətə malikdir”.
Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da çıxışı zamanı Bakı Qlobal Forumunun çox ciddi bir struktura çevrildiyini deyib: "Biz uzun müddət müstəqillik arzusu ilə yaşayırdıq və nəticədə öz müstəqilliyimizə nail olduq. Dünyanın əksər ölkələrində də belə bir fikir var idi. Amma heç də həmişə belə olmur. Təəssüflər olsun ki, Azərbaycanın 20 faiz torpaqları işğal olunub. Bu gün ATƏT-in Minsk Qrupu bu münaqişəni həll edə bilmir. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmasaydı, digər bölgələrdə də problemlər baş verməyəcəkdi. Azərbaycan bu gün nümunəvi stabillik, təhlükəsizlik nümayiş etdirir. Azərbaycanda insan hüquqlarından söhbət gedir. Bəs niyə bir milyondan artıq qaçqın və məcburi köçkünlərin hüquqları nəzərə alınmır. Bu gün ədalət yoxdur. Ədalətin olmaması nə Qərb, nə Avropa, nə də bizim üçün yaxşıdır. Əgər Avropa Birliyi Azərbaycana qarşı ədalətli mövqe sərgiləyirsə, o zaman niyə Dağlıq Qarabağ problemi həll olunmur? Bütün Azərbaycan xalqını bu suala cavab düşündürür. Gəlin elə dünya quraq ki, bizim bir-birimizə olan inamımız itməsin”.
Sessiyada çıxış edən Türkiyənin sabiq Prezidenti Abdullah də Gül Forumda iştirakdan məmnunluğunu vurğulayaraq, yeni dünya nizamı şəraitində etimad mühitinin yaradılması baxımından tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. XX əsrin ilk 15 ilinin bəşər sivilizasiyasına yaraşmayan siyasi və ideoloji münaqişələr şəraitində keçdiyini bildirən Abdullah Gül qloballaşmanın təsirinin artması nəticəsində dünya nizamının ciddi problemlərlə qarşı-qarşıya qaldığını vurğulayıb. Sabiq Prezident qeyd edib ki, beynəlxalq əməkdaşlıq sistemləri iki dünya müharibəsinin dərsləri əsasında formalaşıb. Həmin prinsiplərin qəbulundan 70 il keçdiyi üçün beynəlxalq strukturlar yeni dünya nizamına uyğunlaşdırılmalıdır. Bu sahədə ciddi cəhdlərin göstərilmədiyini vurğulayan Abdullah Gül deyib ki, BMT Təhlükəsizlik Şurasının islahatı ilə bağlı səylər nəticəsiz qalıb. Bu da qurumun etibarınln azalmasına səbəb olub: "Münaqişələrin uzun müddət həll olunmamış qalmasından yaranan məyusluq bizə təsir edir. Məhz bu baxımdan belə islahatlar beynəlxalq ictimaiyyətə və sistemə yeni dinamika gətirəcək, beynəlxalq proseslərə müsbət təsir göstərəcək. Buna görə də biz ümumi dəyərlər və maraqlar ətrafında birləşməli, beynəlxalq münasibətlərin digər prinsiplərini və mexanizmlərini gücləndirməliyik”.
Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan Abdullah Gül bu münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 ildən çoxdur işğal altında qaldığını, bir milyondan çox insanın doğma yurdlarından didərgin düşdüyünü bildirib. O deyib ki, bu münaqişə regionda sülhə ciddi təhdid yaratmasına baxmayaraq, beynəlxalq ictimaiyyət və danışıqlar prosesində iştirak edən dövlətlər problemin həlli ilə bağlı ciddi səy göstərmirlər: "Belə hallar dünya nizamına mənfi təsir göstərir. Beynəlxalq sistemin problemləri həll edə bilməməsi ona olan etimadı azaldır. Ona görə də beynəlxalq və regional təşkilatların rolu gücləndirilməlidir”.
Kanadanın keçmiş Baş naziri Jan Kretien isə çıxışında enerji amillərinin dünya siyasətinə təsirlərindən danışıb. Son illər ABŞ-ın siyasətində enerji amilinin təsirinin azaldığını vurğulayan sabiq Baş nazir Birləşmiş Ştatların Yaxın Şərqdə və Cənubi Amerikada maraqlarının get-gedə azalacağını bildirib: "Planetin müxtəlif bölgələrində baş verən münaqişələrin həllinə BMT ciddi təsir edə bilmir”.
Çıxış edən Ukraynanın sabiq prezidenti Viktor Yuşenko Rusiya təcavüzünə qarşı mübarizə aparmaq üçün dəstək istəyib: "Bu, yalnız Ukraynanın işi deyil. Ukraynaya beynəlxalq cəmiyyət tərəfindən dəstək lazımdır. Belə dəstək olsa, bu həm siyasi, həm də beynəlxalq səviyyədə öz töhfəsini vermiş olar. Bu müharibə milləti birləşdirdi. Biz axır başa düşdük ki, bir millət kimi olsaq qalib gələcəyik. Əgər bizi millət kimi kəssələr, uduzacayıq”.
Ukraynanın digər sabiq prezidenti Leonid Kuçma isə diqqətə çatdırıb ki, ciddi investisiya qoyuluşu olmasa, hansısa uğura nail olmaqda çətinlik olacaq: "Biz tam müasirləşdirməni nəzərə alsaq bu, trilyonlarla dollar deməkdir. Hesab edirəm ki, bizim dövrdə bu son islahatlar olacaq. Mən Ukraynada sabiq Konstitusiya Assambleyasının üzvü kimi dəyişikliklərə nail olmağın tərəfdarıyam”.
Litvanın keçmiş prezidenti Vytautas Landsbergis də diqqətə çatdırıb ki, bu gün Avropanın əsas problemi Rusiyadır: "Rusiya dövləti Sovet İttifaqı yaradılması düşüncələrinə malikdir. Təcrübə onu göstərir ki, Rusiya bu gün etimadı doğrultmur. Belə olan təqdirdə bu dövlətə inanıb-inanmamaq sual doğurur. Düşünürəm ki, "güc məndədisə, siz tabe olmalısız” termini yanlışdır. Bu, Rusiya prezidenti Vladimir Putinin əsas meyarıdır. Putinin müharibələri 200 il bundan qabaq Napaleonun apardığı müharibəyə bənzəyir”.
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili da Rusiya-Ukrayna münasibətləri haqqında danışarkən deyib ki, burada ikiüzlülük siyasəti mövcuddur: "Böyük dövlətlər həmişə çalışırlar ki, kiçik dövlətləri sıradan çıxarsınlar. Bu gün peşəkar zabitlər Ukrayna ordusunda xidmət edirlər. Heç kim düşünə bilməz ki, onlar orada təzyiq altında xidmət edirlər. Yox bu, əsla belə deyil. Həmin hərbiçilər könüllü olaraq Ukraynadadır. Ukraynada olan oliqarxlar yeni bir dövlətin yaradılmasına imkan verməyəcək. Bu ölkələrdə insanlar bəzən qərar qəbul etməkdə çox ləng davranırlar. Biz köhnə praktikadan uzaqlaşmalıyıq. Ukraynanın bəzi yerlərində müxtəlif çağırışlar mövcuddur. Burada mərkəzləşdirmədən uzaqlaşmaq önəmlidir. Avropanın özünəməxsus gücü var. Biz bunu öz təcrübəmizdən bilirik. Brüsseldə bu, çox cəlbedici görünürdü. Azərbaycana gəldikdə isə deyə bilərəm ki, bu dövlət öz yolunu seçib. Avropa ölkələlərinin bəzilərindən daha liberaldır. Avropa cəmiyyəti də bunu bilməli və anlamalıdır”.
Qeyd edək ki, müzakirələrdən sonra Foruma yekun vurulub.
İsmayıl