Qarabağ televiziyası...

İdeyanı reallaşdırmaq üçün radiodan başlamaq lazımdır
“Mərkəz isə Ağdamda və ya yaxın ərazilərdə yerləşməlidir”


Millət vəkili Flora Qasımova Qarabağla bağlı ayrıca televiziyanın yaradılmasını təklif edib. Qarabağ TV-nin yaradılmasını vacib hesab edən millət vəkili hesab edir ki, yaradılacağı təqdirdə, bu televiziya kanalı bir neçə dildə yayımlanmalıdır: "Müxtəlif dillərdə yayımlanması Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayar. Hətta təklif edirəm ki, bu televiziya kanalı, həmçinin, erməni dilində də yayımlansın”.

Qarabağ TV yaradılmasının kifayət qədər təqdirəlayiq təklif olduğunu deyən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, tanınmış telejurnalist Qulu Məhərrəmlinin sözlərinə görə, ayrıca Qarabağ televiziyası ideyasını reallaşdırmaq üçün radiodan başlamaq

lazımdır: "İlk növbədə Qarabağ radiosu yaradılmalıdır. Mərkəz isə Ağdamda və ya yaxın ərazilərdə yerləşməlidir. Bu radionun isə ana dilimizlə yanaşı erməni, ingilis, rus dilində yayımlanması çox əhəmiyyətlidir. Radio müəyyən bir dinləyici auditoriyası topladıqdan sonra həm sayt, həm də televiziya variantı işə salınmalıdır. Vacib deyil ki, 24 saatlıq yayım həyata keçirilsin. Qarabağda, Xankəndində yaşayanlar da Azərbaycan vətəndaşlarıdır. Orada formalaşan yeni nəsil öz tarixlərini, yalanla-gerçəyin fərqini bilməlidir. Biz bu kanal vasitəsilə onlara və bütün dünyaya bəyan etməliyik ki, Dağlıq Qarabağla bağlı reallıq heç də Ermənistanın iddiaları kimi deyil.

Bu torpaqlar Azərbaycana məxsusdur və uzun illər hər iki xalq orada çiyin-çiyinə mehriban yaşayıb. Biz Qarabağ televiziyası vasitəsilə aramıza girən və bizi biri-birimizə düşmən edən qüvvələri onlara tanıtmalıyıq”. Bu təklifin gecikmiş bir ideya olduğunu vurğulayan Q.Məhərrəmlinin sözlərinə görə, yenə də gerçəkləşdirmək mümkündür: "Sadəcə, istək lazımdır. Çünki radio yaradılandan sonra yaradılacaq televiziya üçün pillə-pillə baza formalaşacaq. Bu istiqamətdə atılacaq istənilən addımda şəxsən mən hər cür dəstəyə hazıram”.

Milli Televiziya və Radio Şurasının monitorinq şöbəsinin sədri Təvəkkül Dadaşov isə deyib ki, hazırda Azərbaycanda fəaliyyət göstərən kifayət qədər teleradio yayımçısı var ki, onların hər biri Qarabağ həqiqətlərini dünyaya çatdırmaq işində öz töhfələrini verir, bu işə həssaslıqla yanaşırlar. Qurum rəsmisinin sözlərinə görə, dövlət büdcəsindən maliyyələşən yayımçılar bu vəzifənin icrası ilə xüsusilə məşğuldurlar: "Bundan başqa, bildiyiniz kimi, MTRŞ tərəfindən 2013-cü ildə "Caspian İnternational Broadcasting Company” şirkətinə 6 illik lisenziya verilib. Bunun nəticəsində TV peyk vasitəsilə dünyanın müxtəlif ərazilərinə yayımlanır və ölkə həqiqətlərinin, milli-mədəni irsimizin, o cümlədən Qarabağ həqiqətlərinin müxtəlif xarici dillərdə dünyaya çatdırılmasına öz töhfəsini verir”. Təvəkkül Dadaşov bu sahədə hər zaman işlərin görüldüyünü diqqətə çatdırıb: "Hazırda bu işlərlə məşğul olunur. Lakin ehtiyac olacağı təqdirdə bu istiqamətdə yenə də tədbirlər görüləcək”.

Şəymən