Əbədi “turistlər”ə qapını göstərmək lazımdır
İctimaiyyət ATƏT-in elçilərinə inanmır, Türkiyə və Almaniyanın həmsədrliyə gətirilməsini tələb edir
ATƏT-in Minsk Qrupuna daxil olan həmsədr dövlətlərə heç bir inam qalmayıb. Çünki həmsədr ölkələrdən ikisi - Rusiya və Fransa nümayişkaranə şəkildə Ermənistanın tərəfini saxlayır. Ollandla Putinin qondarma erməni soyqırımının yüz illiyini yad etmək üçün Ermənistana getməsi də tərəflər arasında olan isti münasibəti təsdiqləyir. Bu səbəbdən ATƏT-in Minsk Qrupunun tərkibinin dəyişdirilməsi ilə bağlı yeni təkliflər gündəmə gəlib.
Belə ki, deputat Azay Quliyev Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə Almaniya və Türkiyənin də yaxından cəlb edilməsini və hazırda 3 ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək "5-lik”lə əvəz olunmasını təklif edib. Təklif bir çox Avropa ölkələrinin, beynəlxalq təşkilatların, o cümlədən Almaniya və Türkiyənin tanınmış siyasi xadimləri tərəfindən də dəstəklənib. Həmsədrlik institutunun formatının dəyişdirilməsi ilə bağlı təklifə ABŞ-dan da dəstək gəlib. Çapman Universitetinin əməkdaşı Dr.Ceyms Koyl Minsk Qrupunun fəaliyyətini kəskin şəkildə tənqid edərək, qurum tərəfindən indiyə qədər görülən işlərin, irəli sürülən təkliflərin heç bir nəticə vermədiyini qeyd edib. Koyl Qrupa Türkiyə və Almaniyanın da həmsədr kimi daxil edilməsinin vacibliyini bildirib.
Minsk Qrupunun fəaliyyətinə Milli Məclisin sədr müavini Bahar Muradova da etiraz edib. Vitse-spiker bildirib ki, əgər həmsədr ölkələr sabit mövqe nümayiş etdirə bilmirlərsə, vasitəçilik missiyasından imtina etsinlər: "ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrin bəzi nümayəndələrinin qondarma erməni soyqırımının növbəti ildönümündə iştirak etmələri onlara qarşı olan münasibəti dəyişdirəcək. Bu addım neçə illərdir ki, Minsk Qrupundan sülhlə bağlı bir fəaliyyət gözləyən Azərbaycan tərəfinin onlara qarşı olan inamına mənfi təsir göstərəcək. Tərəflər arasında missiyaçılıq fəaliyyəti həyata keçirən istər fərd, istərsə də hər hansı bir beynəlxalq təşkilat üzərinə düşən bütün öhdəlikləri ya tam həyata keçirməli, ya da vasitəçilikdən imtina etməlidir. Onlar bu missiyaya xələl vura biləcək addımlardan çəkinməlidir. Vasitəçilik missiyasını yerinə yetirən ölkələr Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır”.
Millət vəkili Fəzail Ağamalı bildirib ki, ən optimal variant Almaniyanın və qardaş Türkiyənin həmsədrliyə gətirilməsidir: "Üçlü formatdan beşli formata keçilərsə, problemin ədalətli şəkildə həlli mümkün olar. Minsk Qrupunun üç həmsədri də Ermənistanı müdafiə edir. Status-kvonun bu günə qədər saxlanmasında onların böyük rolu var. Əgər ABŞ, Rusiya və Fransa Ermənistana birmənalı şəkildə təzyiq etsəydi, Qarabağ problemi çoxdan həll olunardı. Fikrimcə, Türkiyə və Almaniyanın Minsk Qrupunun həmsədrliyinə cəlb olunması qüvvələr nisbətinin müəyyən qədər dəyişməsinə gətirib çıxara bilər. Bu şərtlə ki, beşli formatın olması status-kvonun bundan sonra da 5-10 il saxlanmasına səbəb olmasın”.
Deputat Rasim Musabəyov da düşünür ki, Almaniya və Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü olaraq Qarabağ münaqişəsinin həlli üçün Ermənistana təsir edə bilər: "Türkiyə Rusiya ilə dialoq vasitəsilə, Almaniya isə Avropa Birliyinin aparıcı dövləti kimi qurumun resurslarından istifadə edərək Ermənistana ciddi təzyiq göstərə bilər. Kifayətdir Almaniya desin ki, Ermənistana ayrılan yardımlar Qarabağ münaqişəsinin həlli üçün konstruktivlik nümayiş etdirib-etdirməməyinə bağlanmalıdır. Bu şərt erməniləri xeyli yumşaldar. Almaniyanın proseslərə kifayət qədər təsir göstərmək imkanları var. Bu imkanlar Qarabağ münaqişəsinin həlli üçün istifadə olunsa yaxşı olar. Türkiyə isə Rusiya ilə danışıqlar aparmaqla yanaşı, sərhədində olan Ermənistana digər mexanizmlərlə də təsir göstərə bilər”.
İsmayıl