Vasif Əfəndiyev: “Rusiyanın açıq şəkildə Ermənistan tərəfdən müharibəyə qatılması mümkün olmayacaq”
"Dağlıq Qarabağ münaqişəsi hər an müharibə müstəvisinə keçə bilər”. Bu barədə Beynəlxalq Böhran Qrupunun "Dağlıq Qarabağ münaqişəsi” adlı hesabatında deyilib. Hesabatda göstərilib ki, Azərbaycan ərazisi olan, hazırda Ermənistanın nəzarətində qalan ərazilərdə son 3 il ərzində toqquşmalar artıb: "2016-cı ilin aprel savaşından sonra Azərbaycan və Ermənistan müharibəyə ən yaxın vəziyyətdədir.
Zorakılıq səviyyəsi nisbətən aşağı olsa da, vəziyyətin sürətlə nəzarətdən çıxma ehtimalı var”. Hesabat müəlliflərinin fikrincə, Dağlıq Qarabağ ətrafındakı müharibə regional qüvvələri, o cümlədən Rusiya və Türkiyəni proseslərə cəlb edə bilər. Həmçinin, o da vurğulanıb ki, Azərbaycan çoxillik status-kvodan narazıdır, ona görə də substantiv danışıqların təxirə salınması mümkün deyil. ABŞ-ın Karneqi Fondunun analitikləri də buna bənzər iddia ortaya atıblar. Analitiklərin fikrincə, münaqişənin keçən il qısa müddətə yenidən alovlanması regionda stabilliyə təhdid yarada biləcək təhlükəni ortaya çıxarıb. Məhz bu səbəbdən münaqişənin qarşısının alınması ABŞ diplomatlarının regiondakı prioritetləri siyahısında ən başda yer tutmalıdır: "Hərbi əməliyyatlar yenidən başlarsa, Rusiya və Türkiyə onların Ermənistan və Azərbaycanla olan münasibətlərindən dolayı bilavasitə münaqişədə iştirak edə bilərlər. Münaqişənin gedişindən asılı olaraq, İran da həmçinin onun iştirakçısı ola bilər”.
Müharibə proqnozları ilə bağlı "Şərq”ə danışan politoloq Vasif Əfəndiyev deyib ki, Dağlıq Qarabağda münaqişənin aktiv hərbi əməliyyatlar müstəvisinə keçmə ehtimalı "aprel döyüşləri”ndən sonra tez-tez gündəmə gəlməkdədir:
"İndiyə qədər bir çox ermənipərəst dövlətlərin siyasi texnoloqları iddia edirdilər ki, "qondarma respublika”nın ordusu Azərbaycan silahlı qüvvələrindən qat-qat "güclüdür”. Bunu o məntiqlə izah edirdilər ki, guya bu münaqişənin ilk fazasında "qalib tərəf” Qarabağ erməniləridir. Onlar nəinki Rusiyanın, hətta Ermənistanın bu işğala aid olmadığını iddia edirdilər. Aprel döyüşlərindən sonra isə bu iddiada olan bir çox ekspertlər artıq Azərbaycan ordusunun regionda ən güclü olduğunu etiraf etməyə məcbur oldular. Onların bu qənaətə gəlmələrində başqa faktor da az rol oynamayıb”.
Ekspertin fikrincə, indiyə qədər Rusiya Ermənistana gizli yolla hərbi dəstək verirdisə, artıq bu gizlilikdən əsər-əlamət qalmayıb:
"Bu səbəbdən müharibənin alovlanacağı təqdirdə Rusiyanın açıq şəkildə Ermənistan tərəfdən müharibəyə qatılması mümkün olmayacaq. İlk növbədə ona görə ki, Azərbaycan Rusiya ilə strateji müttəfiqlik müqavilələri imzalayıb və münaqişə iki region dövlətləri arasında baş verir. Hərbi əməliyyatlar zamanı Ermənistan ordusu birləşmələri dövlət sərhədlərimizi pozmağa cəhd edərsə, o zaman bu münaqişəyə Azərbaycanı dəstəkləmək üçün Türkiyə silahlı qüvvələrinin qoşulması mümkündür.
Bu şəraitdə beynəlxalq hüquqa əsasən Rusiya yenə də münaqişəyə müdaxilə edə bilməz. Lakin Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, biz öz ərazilərimizdə istədiyimiz zaman anti-terror əməliyyatları keçirə bilərik və buna görə heç kimdən icazə almayacağıq. Beynəlxalq normalara görə anti-terror əməliyyatların keçirilməsinə hərbi siyasi dəstəklər verilməlidir”.
İsmayıl