Qarabağda nə ABŞ, nə də Rusiya müharibə istəyir

Danışıqlar prosesi ilə bağlı fəallıq da buna hesablanıb
Cəbhə xəttində gərginlik davam edir. Son günlər atışmaların intensivləşməsi, düşmənin itkilərinin artması, eyni zamanda Ermənistana məxsus iki pilotsuz uçuş aparatlarının məhv edilməsi müharibə ehtimalını yenidən ciddi şəkildə gündəmə gətirib. Xüsusən ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik səviyyəsində müşahidə olunan canlanma da rəsmi Vaşinqtonun yeni müharibə ehtimalından narahatlıq keçirdiyini göstərir.
Ekspertlərə görə, Azərbaycan və Ermənistan prezidentlərini tezliklə ABŞ-da görüşdürmək üçün amerikalı diplomatın hamıdan çox təşəbbüs göstərməsi də ilk növbədə savaş risklərini zəiflətməyə hesablanıb. Uorlik də son müsahibələrində dönə-dönə vurğulayır ki, prezidentlərin görüşü baş tutmazsa, təmas xəttində gərginlik arta bilər. Əslində zaman-zaman müharibə ritorikasının gündəmə gəlməsi uzun müddətdir davam edən danışıqların mənasız olması ilə bağlıdır. Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş yoxdur. Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir və çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın. Bəzi iddialara görə, danışıqlar prosesinin dalana dirəndiyi bir vaxtda, alternativ variant üzərində, yəni, torpaqların hərb yolu ilə azad edilməsi istiqamətində ciddi işlər gedir. Həftənin ən diqqət çəkən məqamlarından biri də müdafiə naziri Zakir Həsənovun mövqeyi ilə bağlıdır. Belə ki, nazir ilk olaraq ermənilərin sıx yerləşdiyi yaşayış məntəqələrinə və hərbi obyektlərə iriçaplı silahlardan dərhal zərbə endirilməsi ilə bağlı xüsusi tapşırıq verib. Ardınca döyüş təyyarələrimiz havaya qalxıb. Son olaraq nazir bəyan edib ki, xalq torpaqlarımızın azad olunmasını tələb edir. Ekspertlər də müharibə ehtimalını istisna etmirlər. Politoloq Arzu Nağıyev bildirir ki, bu gün Cənubi Qafqazda müharibənin alovlanması və yeni bir ocağın yaranması heç kimə, o cümlədən nə ABŞ-a, nə də Rusiyaya sərf edir: "Məhz buna görə də ilk növbədə ABŞ danışıqlar prosesinə təsir etmək üçün təşəbbüsü öz əlinə almağa çalışır. ATƏT-in Minsk Qrupunun ABŞ-lı həmsədri Ceyms Uorlikin ilk öncə İrəvana səfəri, qarant rolunda çıxış etməsi, bundan sonra Moskva görüşləri, Bakıya səfər də buna dəlalət edir. Məlumdur ki, ABŞ-da iki ölkə rəhbərlərinin görüşü də planlaşdırılır. Əsas məqsəd artan erməni təxribatlarının qarşısının alınmasıdır. Daxili siyasətdə də fiaskoya uğrayan Serj Sərkisyan bunu özünü sığorta kimi münaqişəyə də yönəldə bilər. Biz müharibə istəmirik”. Siyasi icmalçı Prezidentin Nazirlər Kabinetinin sonuncu iclasında səsləndirdiyi fikirlərə də münasibət bildirib: "Azərbaycan Prezidenti İlham Əliyevin dedikləri həqiqətdir. "Bir həftəyə işğalçının daşı daş üstdə qalmaz” bəyanatı da ünvanlıdır. Çünki "Madrid prinsipləri” son sənəd kimi qəbul edilirsə, münaqişənin həlli ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Əgər bu danışıqlar fayda verməzsə, işğalçı Ermənistanı tərəfimizdən güc nümayişi hesabına sülh masasına məcburi əyləşdirmək lazımdır, yəni bu da variantlardan biri və düşünürəm ki, sonuncusudur”.
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə isə hesab edir ki, hazırkı durumda müharibə gözlənilmir: "Ermənistan ölkə daxilindəki böhrandan diqqəti uzaqlaşdırmaq üçün hər hansı təxribat edə bilər. Amma Azərbaycanın hazırda müharibə etməklə bağlı planı yoxdur”.
İsmayıl