Qarabağda nə olur, olsun...

İstənilən şərtlər qarşılığında sülhməramlıların bölgədə yerləşdirilməsi Azərbaycanın maraqlarına uyğun deyil




Sülh nizamlanmasının tam mahiyyəti ilə nəzərdən keçirilməsinin vacibliyini vurğulayan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik İrəvana səfəri çərçivəsində çox maraqlı mülahizələrlə çıxış edib. Amerikalı həmsədr ilk növbədə Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğaldan azad edilməsinin vacibliyini ön plana çəkib. O, həmçinin qeyd edib ki, həmin ərazilərə beynəlxalq sülhməramlılar yerləşdirilməlidir. Məcburi köçkün və qaçqın öz yurd-yuvalarına qayıtmalıdır. Beləliklə, münaqişənin həlli ilə bağlı yeni perspektivlər açılmalıdır.

Azərbaycanlı politoloqlar isə hesab edir ki, Uorlikin səsləndirdiyi Dağlıq Qarabağ ətrafındakı rayonlar azad edildikdən sonra bölgəyə sülhməramlıların yerləşdirilməsi məsələsi yeni deyil və bu təklif zaman-zaman səslənib. Odur ki, belə qərarlar qəbul edilərkən Azərbaycanın maraqları nəzərə alınmalıdır.

Ceyms Uorlikin bu bəyanatının arxasında konkret hansı maraqların dayandığını anlamadığını deyən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bir neçə mümkün
variant sadalayıb: "Onlardan biri NATO sülhməramlılarının Cənubi Qafqaz bölgəsində dayanaraq gərginliyin sonrakı addımının qarşısını almaq planıdır. Çünki İran-qərb yaxınlaşması Rusiyanı Cənubi Qafqazda daha da möhkəmlənməyə sövq edir.
Eyni zamanda, bəyanat özündə istənilən halda Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmasını ehtiva edir. Yəni ki, 7 rayon işğaldan azad olunur, bölgədə sülhməramlılar yerləşdirilir və bundan sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində indiki "Dağlıq Qarabağ Respublikası”nın legitimləşdirilməsi prosesinə başlanılır. Bununla da, uzun illərdir davam edən münaqişə başa çatır”.

Politoloqun sözlərinə görə, istənilən şərtlər qarşılığında sülhməramlıların bölgədə yerləşdirilməsi Azərbaycanın maraqlarına uyğun deyil: "Bu təkcə Azərbaycanın ərazi bütövlüyü yox, bütünlükdə Azərbaycanın suverenliyi üçün təhdiddir. Buna heç bir halda yol vermək, hətta həyata keçirilməsinə rəvac verəcək addımlar da atmaq olmaz. O cümlədən də, hərbi əməliyyatlara başlamaq...”

Politoloq Arzu Nağıyev isə deyib ki, son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ABŞ hökuməti müəyyən addımlar atmağa səy göstərir. Onun sözlərinə görə, bu, bir neçə səbəbdən baş verir: "Birincisi, ABŞ bu istiqamətdə təşəbbüsü Rusiyadan tam şəkildə almağa çalışır. Bu məqsədlə Uorlik Avropa Oyunları öncəsi İrəvana səfərə getdi və özünü iştirak edəcək erməni idmançıları üçün qarant kimi təqdim etdi. Bundan başqa, ABŞ-da Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün təşkil edilməsi istiqamətində bir sıra addımlar atılır. Görünür, Azərbaycan və ABŞ arasında münasibətlərin daha da möhkəmlənməsinə çalışan Uorlik bir imkan kimi ATƏT mandatından istifadə edir”. A.Nağıyevin sözlərinə görə, Uorlikin Rusiya səfəri də müəyyən məsləhətləşmələrin aparılması ilə bağlı olub: "Yəqin ki, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşləri son vaxtlar təmas xəttində və sərhədyanı bölgələrdə baş verən təxribatlarla bağlı olacaq. ATƏT-in Minsk Qrupunun hər üç nümayəndəsinin bundan sonra ABŞ-a səfər edəcəyi, dövlət katibliyində, müdafiə və milli təhlükəsizlik nazirliyində də görüşləri olacağı qeyd edilir. Formata baxanda hiss olunur ki, əsas məsələ yenə də güc strukturları və əməliyyat şəraiti ilə bağlıdır”.

Şəymən