Qarabağı beynəlxalq sülhməramlılar qoruyacaq?

Uorlikin bəyanatı münaqişənin həllinə işarədir, amma...
Amerikalı həmsədr deyir ki, işğal olunmuş ərazilər boşaldılmalıdır, ancaq bunu nə Rusiya, nə də Fransalı həmsədrdən eşidirik



"İşğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır. Bu məsələdə hansısa bir element üzərində ilişib qalmaq olmaz”. Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. Sülh nizamlanmasının tam mahiyyəti ilə nəzərdən keçirilməsinin vacibliyini vurğulayan Uorlik Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü səbirsizliklə gözlədiyini bildirib.

Həmsədr bəyan edib ki, görüşün uğurlu alınması üçün Minsk Qrupunun diskussiyası hazırlanmalıdır: "Son 12 ay ərzində 4 görüş keçirilib. Doğrudur, hələlik anlaşma əldə olunmasa da, bunun mümkünlüyünə inanıram. Danışıqlar yolu ilə nizamlanma mümkün olduğu üçün Vaşinqtonla Moskva bu prosesdə iştirak etməkdə davam edir. Biz anlaşmanın əldə edilə biləcəyi elə bir variant axtarırıq ki, orada bütün element və prinsiplər yer alsın”.

"Münaqişənin həlli yolunda Rusiya ilə fəaliyyətimizi davam etdiririk”

Ceyms Uorlik deyib ki, münaqişənin həllində həmsədrlərin birgə işləməsi çox vacibdir. Çünki Ermənistan və Azərbaycandakı insanların sülh şəraitində yaşamaq haqqı var: "Biz Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda Rusiya ilə fəaliyyətimizi davam etdiririk. Hesab edirik ki, "Madrid prinsipləri” münaqişələrin sülh yolu ilə həlli üçün əsasdır. Bu prinsiplərin komponentləri dəyişməz qalır və gələcəkdə onlar böyük sülh sazişinin təməli olacaq. Əgər torpaqlar qaytarılarsa, Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək üçün bölgəyə beynəlxalq sülhməramlı qüvvələri yeritmək lazım gələcək”.

"Uorlikin belə danışması müsbət haldır”

"Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib ki, önəmli olan Uorlikin dediklərinin həyata vəsiqə qazanmasıdır: "Gərək həqiqətən Vaşinqton Ermənistana təsir etsin ki, düşmən Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltsın. Amerikalı həmsədr bəyan edir ki, Qarabağ ətrafındakı rayonların boşaldılması bütöv bir razılaşmanın tərkib hissəsi olmalıdır. Ancaq bütöv bir razılaşma dedikdə, bəzi təhlükəli məqamlar ortaya çıxır. Burda referendum və digər məsələlər var. Amma buna baxmayaraq, Uorlik deyirsə ki, Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır, bu çox müsbət haldır”. E.Şahinoğlu vurğulayıb ki, fransalı və rusiyalı həmsədrlərdən belə bir açıqlama eşitməmişik: "Deməli, rəsmi Vaşinqton Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı maraqlarına diqqət göstərir”. Politoloq həmçinin, amerikalı diplomatın Qarabağda sülhməramlıların yerləşdirilməsi ilə bağlı səsləndirdiyi fikrə də münasibət bildirib. O bildirib ki, münaqişənin nizamlanmasının hansısa mərhələsində bu məsələ ön plana çıxacaq: "Bir neçə variant var, bölgədə ya Rusiya, ya Rusiya-Türkiyə, ya da hansısa neytral dövlətlərin sülhməramlıları yerləşdiriləcək. Əlbəttə, biz istəmərik ki, burada Rusiya təkbaşına iştirak etsin. Çünki Dağlıq Qarabağ sovet-rus ordusunun Qarabağda mövcud olduğu dönəmdə işğal edilib. Qarabağa qayıtdıqdan sonra azərbaycanlıların təhlükəsizliyinə təminat olmalıdır. Bu baxımdan sülhməramlıların türklər olması daha yaxşı olar. Amma sülhməramlıların neytral dövlətlərdən olması da Azərbaycanın maraqlarına xidmət edir”.

"Rusiya Azərbaycana vəd verib”

Politoloq Qabil Hüseynli də rəsmi Bakının, prinsipcə, sülhməramlılara qarşı olmadığını deyib: "Azərbaycan Dağlıq Qarabağa sülhməramlı yerləşdirilməsinə qarşı deyil. Bu, qəbul olunmuş "Madrid prinsipləri”ndə özünü göstərir. Lakin rəsmi Bakı sonradan həmin aktda dəyişiklik etdi. Yeni dəyişikliyə əsasən əgər torpaqlar qayıdarsa, bölgəyə hansı ölkələrin sülhməramlılarının yerləşdirilməsinə Azərbaycan tərəfi qərar verəcək”. Torpaqların yaxın vaxtlarda qaytarılıb-qaytarılmayacağına gəlincə, politoloq hesab edir ki, Rusiya bu barədə Azərbaycana vəd verib və bu il məsələnin həllində sonuncu il ola bilər: "Kreml ən azı yeddi rayonun qaytarılması ilə bağlı Azərbaycan tərəfinə söz verib. Yəqin ki, bunu gerçəkləşdirməyə çalışacaq. Nəzərə alsaq ki, Ermənistan Rusiyadan asılıdır, ona görə də rəsmi İrəvan ağasının əmrini yerinə yetirməyə məcburdur. Əgər istənilən nəticə əldə olunmasa, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə geri qaytaracaq”.

"ABŞ təşəbbüsü Rusiyadan tam şəkildə almağa çalışır”

Məsələyə münasibət bildirən politoloq Arzu Nağıyev də deyib ki, son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ABŞ hökuməti müəyyən addımlar atmağa səy göstərir. Onun sözlərinə görə, bu, bir neçə səbəbdən baş verir: "Birincisi, ABŞ bu istiqamətdə təşəbbüsü Rusiyadan tam şəkildə almağa çalışır. Bu məqsədlə Uorlik Avropa Oyunları öncəsi İrəvana səfərə getdi və özünü iştirak edəcək erməni idmançıları üçün qarant kimi təqdim etdi. Bundan başqa, ABŞ-da Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün təşkil edilməsi istiqamətində bir sıra addımlar atılır. Görünür, Azərbaycan və ABŞ arasında münasibətlərin daha da möhkəmlənməsinə çalışan Uorlik bir imkan kimi ATƏT mandatından istifadə edir”. A.Nağıyevin sözlərinə görə, Uorlikin Rusiya səfəri də müəyyən məsləhətləşmələrin aparılması ilə bağlı olub: "Yəqin ki, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşləri son vaxtlar təmas xəttində və sərhədyanı bölgələrdə baş verən təxribatlarla bağlı olacaq. ATƏT-in Minsk Qrupunun hər üç nümayəndəsinin bundan sonra ABŞ-a səfər edəcəyi, dövlət katibliyində, müdafiə və milli təhlükəsizlik nazirliyində də görüşləri olacağı qeyd edilir. Formata baxanda hiss olunur ki, əsas məsələ yenə də güc strukturları və əməliyyat şəraiti ilə bağlıdır”.

İsmayıl